Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarına əsasən, bu həftəsonu da sərt karantin qaydası tətbiq ediləcək. Ötən həftə tətbiq olunan ikigünlük karantin qaydalarından əvvəl insanlar supermarketlərə və digər ərzaq mağazalarına axın etdilər. Əhalinin əksəriyyəti istehlakından daha artıq ərzaq məhsulları və çörək aldı. Bu isə piştaxtaların boş qalması ilə nəticələndi. Bəzi insanlar da bu səbəbdən lazımi məhsullardan yararlana bilmədilər. Deməli, bu həftəsonu olacaq qapanmadan öncə də və digər həftələrdə də ərzaq dükanlarında, mağazalarda analoji vəziyyətin müşahidə olunması qaçılmazdır.
Bəs həftəsonu tətbiq olunan karantin müddətində yaranan sıxılığın ortaya çıxardığı problemlər və onların aradan qaldırlması üçün çıxış yolu, fərqli yanaşmalar nələrdir?
Publika.az ekspertlərlə məsələnin çıxış yolunu tapmağa çalışıb, onların təkliflərini öyrənib:
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, hər kəs öz istehlakına uyğun çörək almalıdır:
“Dünya statistikasına əsasən, Azərbaycan əhalisi ən çox çörək istifadə edən xalqdır. Azərbaycan xalqı həm də çörəyə müqəddəs baxan və çörəyi ən əziz saxlayan bir xalqdır. Lakin son həftə əhali çörəklə bağlı çox böyük ajiotaj yaşadı. Düşünürəm ki, hər kəs öz istifadəsinə uyğun çörək almalıdır. İnsanlar çörək qıtlığının yaranacağından qorxmasınlar. Ölkəmizdə kifayət qədər çörək təminatı var. İki günlük qapanma tədbirlərindən sonra çörəklərin zibilxanalara atıldığının şahidi olduq. Elə etmək lazımdır ki, bu kimi xoşagəlməz hallar baş verməsin. Əhali ajiotaja düşməsin. İstehlakına uyğun, hətta həmişə aldığı miqdardan bir qədər də az məhsul alsınlar. Çünki evdə oturaraq çox qidalanmaq bir sıra xəstəliklərə səbəb ola bilər”.
Eyyub Hüseynovun sözlərinə görə, sahibkarlar mağazanın sahəsinə uyğun müştəri qəbul etmirlər. Ancaq, ərzaq məhsullarının alınma miqdarına gəlincə, istehlakçının seçim hüququnu məhdudlaşdırmaq doğru olmaz:
“İstehlakçı özü seçimini etməlidir. Onlar özləri başa düşməlidir ki, ehtiyaclarından artıq ərzaq məhsulları alaraq israfçılığa yol vermək olmaz. Biznes qurumu istəyir ki, necə olursa olsun, çox mal satılsın. Belə olduğu halda isə çörəklər artıq qalır və qapanmanın ardınca onu zibil qutularına atırlar. Ümumiyyətlə, zibil qablarına çörək atılmasının əleyhinəyəm. Bələdiyyələr yaşayış yerlərinə yaxın ərazilərdə çörəkləri qoymaq üçün xüsusi qablar yerləşdirə bilərlər. İstifadə olunmayan çörəklər ora qoyula və ehtiyacı olan heyvanlara verilə bilər”.
E.Hüseynov mağazalarda, kütləvi toplaşım yerlərində karantin qaydalarına əməl etməyin vacibliyini bildirib.
AİB sədri mağazalara maskasız müştərinin qəbul edilməməsini ön plana çəkib: “Biznes qurumları elə bir optimal iş görməlidirlər ki, o basabasda, sıxlıqda virusun yayılma təhlükəsi yaranmasın. Yəni, hamı birmənalı şəkildə mağazalarda maska taxmalıdır. Maskası olmayan heç bir müştəriyə ərzaq satışına icazə verilməsin. Ümumiyyətlə, bu qaydaları pozan heç kəs mağazaya buraxılmasın. Bu, birmənalı şəkildə belə olmalıdır. İnsanlar bilməlidirlər ki, yer üzündə olan bütün canlılar təhlükədən qorunmağın üç yolunu seçirlər. Birincisi, təhlükə olanda qaçmaq, ikincisi, hücum etmək və sonuncusu, gizlənməkdir. Bu, bütün canlılara məxsusdur. Biz virusu görə bilmədiyimizə görə nə qaça, nə də hücum edə bilərik. Son yolumuz gizlənməkdir. Əhali evində otursun və evdən çıxdıqda maska taxsın. Ən əsas isə istehlak tələbatlarına uyğun ərzaq məhsulları alsınlar”.
İqtisadiyyat nazirinin müavini, hüquq müdafiəçisi Sahib Məmmədov çörək satışı üçün binaların qarşısında, yaşayış mərkəzlərinin yaxınlığında səyyar satışın təşkil edilməsi məsələsinə də aydınlıq gətirib. O bildirib ki, səyyar satış olarsa, insanların əksəriyyəti çörək ehtiyacı olmasa belə evdən çıxaraq ora yaxınlaşacaqlar: “Bu, vəziyyətdən sui-istifadəyə səbəb olacaq. İnsanlar səyyar satış yerlərindən çörək almayaraq çıxıb gedə bilər. Polis o vətəndaşa deyə bilməz ki, çörək almamısansa, səni cərimələyim. Həmin şəxs müxtəlif bəhanələr gətirə bilər”.
Hüquq müdafiəçisi mağazaların məhdud saatlarda açıq olması fikrinə də aydınlıq gətirib. O qeyd edib ki, iki gün mağazaya getmədən də yaşamaq olar:
“Xarici ölkələrdə ailələr bir ayın bazarlığını əvvəlcədən edirlər. Bizdə də belədir. Marketlərdə əksər insanlar 2-3 araba bazarlıq edirlər. Əhali birdəfəlik ehtiyaclarını alıb evə qoyur. Marketə gündəlik getmək üçün səbəb yalnız çörəkdir. İstənilən evdə 2 gün çörək olmasa, ciddi bir problem olmaz. Onun əvəzinə digər un məhsullarından istifadə etmək olar. Bunlar hamısı bəhanədir. Boyat çörəyi də yemək olar. Söhbət 2 gündən gedir. Müxtəlif yemək növləri var ki, onlar çörəyi əvəz edir. Əksər ölkələrdə heç çörək yoxdur. Cənub-şərqi Asiya ölkələrində olanda müşahidə etdim ki, onlar çörək istifadə etmirlər. Əhalinin 90 faizi ömrü böyu çörək yemir. Bunun üçün də fərqli yollar var. Un alaraq evdə çörəyi əvəzləyəcək məhsullar hazırlamaq mümkündür. Elə çörəyin özünü də hazırlamaq olar”.
Ərzaq mağazalarına müştərilərin sayla və növbəlilik prinsipi ilə buraxılmasına gəlincə, Sahib Məmmədov deyir ki, bu sistemin tətbiq olunmasında heç bir hüquq pozuntusundan söhbət gedə bilməz:
“Bu qaydanı həftəiçi günlərdə etməlidirlər. Növbəlilik mexanizmi Avropa ölkələrində çox gözəl inkişaf etdi. ABŞ-da insanlar 2 metr məsafə saxlamaqla mağazaların qarşısında 3-4 km uzunluqda növbəyə düzülmüşdülər. Çünki orada insanlar qanundan qorxurlar və qaydaları icra edirlər. Bizim ölkədə insanlar bir çox bəhanələr gətirirlər. Elə etmək lazımdır ki, mağazaların çölündə insanlar istəsələr belə bir yerə toplaşa bilməsinlər. Bu da əlavə xərc və insan resursu tələb edir. Əhalinin növbə ilə mağazalara buraxılması insan hüququnun pozulması anlamına gəlmir. Bu xüsusi dövrdür. Karanatin qaydalarını pozanlar başqalarının yaşamaq hüququna təhdid yaradır. Ona görə də bütün məhdudiyyətlərə haqq qazandırmaq olar”.
Tarix: 12-06-2020, 14:44