İsmayıllı rayon bələdiyyəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Komitənin Mənzil İstismar Departamentindən 57 min 750 manat tələb edir.
Siam.az-ın xəbərinə, bu tələb icarə haqqı ilə bağlıdır.
Belə ki, bələdiyyə Komitəyə icarəyə verdiyi torpaq sahəsinə görə ödənməli olan icarə haqqını tələb edir.
Bələdiyyə tərəfindən məhkəməyə təqdim edilən iddiada yazılır ki, İsmayıllı bələdiyyəsi 2010-cu ildə mülkiyyətində olan 9 hektar torpaq sahəsini 99 il müddətinə komitəyə icarəyə verib.
Müqavilənin şərtinə əsasən, icarə haqqı hər il üçün 8250 manat məbləğində müəyyən edilib.
Komitə hər il icarə haqqı olaraq 8250 manat məbləğində vəsaiti bələdiyyənin hesabına köçürməli olmasına baxmayaraq, son 5 il 7 ay müddətdə icarə haqqı ödəməyib. Bu səbəbdən cavabdehin 57750 manat borcu yaranıb.
Eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi İsmayıllı bələdiyyəsinə qarşı iddia ilə məhkəməyə müraciət edib. Komitə isə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsini tələb edir.
Komitə iddiasını belə əsaslandırır ki, icarə müqaviləsi Komitənin tərkibində olan Mənzil İstismar Depratamenti ilə bağlanıb. Komitə deyir ki, müqavilə məhz onların özü ilə bağlanmalı imiş.
Hazırkı işin məhkəmə araşdırması zamanı müəyyən edilib ki, müqavilə İsmayıllı bələdiyyəsi ilə Qaçqınların və Məcburi Koçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Depratamenti arasında bağlanıb.
Həmin ərazidə məcburi köçkünlərin müvəqqəti yaşamaları üçün yaşayış məntəqəsi salınıb.
Maraqlıdır ki, ödəniş bir neçə il olunsa da, Komitə icarə haqqını ödəməkdən son 6 ilə yaxın bir müddətdə imtina edib.
Məhkəkəmə tərəfləri dinlədikdən sonra belə qənaətə gəlib ki, icarə müqaviləsi Komitə ilə bağlanmalı olduğu halda Mənzil İstismar Departamenti ilə bağlanıb.
Məhkəmə hesab edib ki, iddiaçı ilə cavabdeh Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında öhdəlik münasibətləri yaranmadığından, digər cavabdeh Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə bağlanmış müqavilə isə əhəmiyyətsiz olduğundan iddiaçı onlardan əhəmiyyətsiz müqaviləyə istinadən pul tələb edə bilməz.
Məhkəmə müqaviləni əhəmiyyətsiz hesab edib və bələdiyyənin iddiasını təmin etməyib.(Musavat.com)
Tarix: 24-05-2020, 20:39