“Ölkəyə qayıdan turistlərin karantinə alınacaqlarını düşünmürəm”


“Ölkəyə qayıdan turistlərin karantinə alınacaqlarını düşünmürəm”

Gülnarə Qarayeva: “Türkiyə və Gürcüstan bizim üçün ən populyar istiqamətlər olacaq”

 

Yay tətili mövsümü yaxınlaşır. Ailəlikcə və dostlarla birgə səyahət etməyi planlaşdırmaq üçün ən yaxşı vaxtdır. COVID-19 pandemiyasının bu planlara əhəmiyyətli düzəlişlər etməsinə baxmayaraq, turistlər öz ölkələrindən kənarda istirahət etmək istəklərindən əl çəkmək niyyətində deyillər.

 

Azərbaycanın hava məkanı hələ də sərnişin reysləri üçün bağlıdır. Qonşulardan - Türkiyə və Gürcüstandan fərqli olaraq, ölkəmiz hələ də sərhədlərin açılma vaxtını açıqlamayıb. Ancaq bunun çox yaxın gələcəkdə baş verəcəyi gözlənilir.

 

Sərhədlər açıldıqdan sonra azərbaycanlılar haralara gedəcəklər və üzümüzə gələn yayda hansı istiqamətlər prioritet olacaq? AYNA-nın mövzu ətrafında suallarını “Travel Point” turizm agentliyinin rəhbəri Gülnarə Qarayeva cavablandırıb:

 

- Dünyanın bütün turistləri sərhədlərin açılmasını gözləyirlər. Azərbaycanlıların planları nədən ibarətdir?

 

- Azərbaycanın turizm sektoru yaxın gələcəkdə uçuşların bərpa olunacağına hazırlaşır. Ofislərimizə qayıdır və erkən sifariş zamanı səyahət planlaşdıran turistlərimizi gözləyirik. Şübhə etmirəm ki, bizim turistlərimizin bir çoxu öncədən planlaşdırılan tətillərini həyata keçirə biləcəklər.

 

- Bir çox turistlər ölkəyə qayıtdıqdan sonra məcburi karantinə yerləşdiriləcəklərindən qorxurlar. Siz, necə düşünürsünüz, bu, mümkündürmü?

 

- Bu tədbirlər hökumətin qərarından asılı olaraq tənzimlənəcək. Ancaq fikrimcə, bu, mümkün deyil. Özünüz təsəvvür edin, bir yerə yerləşdirilməsi lazım olan çox sayda insan haqqında danışırıq. Qalan sərnişinlərin, sadəcə öz istəkləri ilə karantinə cəlb oluna biləcəyini istisna etmirəm.

 

- Gürcüstan və Türkiyə artıq turistlərimizi qəbul etməyə hazırdır. Avropa barədə nə deyə bilərsiniz?

 

- Təəssüf ki, Avropanın bu yay azərbaycanlı turistlər üçün tam açıq olması ehtimalı yoxdur. Avropa İttifaqı ölkələrinin daxili turizm üçün açıq olmasına baxmayaraq, indi bu istiqamətlərin turistlərimiz üçün necə təşkil olunacağı barədə danışa bilmərik. Axı, burada hər şey yalnız hava səyahətindən və Avropanın uzaqdan turist qəbul etmək istəyindən, eyni zamanda viza vermə fəaliyyətini hələ bərpa etməmiş viza mərkəzlərindən və səfirliklərdən də asılı olacaq. Buna görə çox güman ki, Türkiyə və Gürcüstan istiqamətləri bizim üçün ən populyar olacaq. Təəssüf ki, bu il azərbaycanlı müalicəvi istirahət tərəfdarlarının xüsusilə populyar olan sanatoriya-kurort yerlərinə üz tutmaları çətin olacaq. Bunlar da, əsasən Çexiya və Sloveniyadır.

 

- Bununla bağlı hansı alternativləri təklif edə bilərsiniz?

 

- Qafqaz mineral suları: Jeleznovodsk, Pyatiqorsk, Yessentuki, eləcə də Ukraynadakı kurortlar azərbaycanlılar üçün alternativ seçim ola bilər. Belarusda çox güclü tibbi baza və geniş SPA xidmətləri mövcuddur. Ancaq burada hər şey ölkələrimiz arasındakı sərhədlərin açılmasından asılı olacaq. Əlbəttə ki, burada məşhur Naftalanımızı da unutmamalıyıq.

 

Bundan başqa, ölkədə turizm sektorunun nümayəndələri üçün veb-seminarlar keçirilir. Bu görüşlərdə Bakıdan Monteneqroya məşhur çarter reyslərinin bərpa olunması müzakirə edilir. Bu, Adriatikdə ucuz və keyfiyyətli tətil sevənlər üçün əla seçimdir, orada orta əsrlərə aid görməli yerləri ziyarət etmək, hər zövq üçün əyləncə, qumlu çimərliklər və təsirli memarlıq abidələri də görmək mümkündür. Monteneqro iyul ayından etibarən azərbaycanlı turistləri qəbul etməyə hazırdır. Azərbaycan vətəndaşlarına viza lazım deyil. Ümid edirik ki, bu uçuşlar reallaşacaq.

Tarix: 23-05-2020, 23:51
Xəbəri paylaş



Xəbər lenti