Ünvanlı yardımın müddətinin bir ilə endirilməsi xeyirli addımdır – İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qalib Toğrul

 
Xəbər verdiyimiz kimi, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna yenidən dəyişiklik olunacaq. Qanunda ən əhəmiyyətli dəyişiklik sosial yardımın təyin olunması müddətinin 2 ildən 1 ilə salınmasıdır.
İqtisadçı-ekspert, İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qalib Toğrulun sözlərinə görə, bu, ilk baxışdan neqativ təsir bağışlasa da, əslində pozitiv dəyişiklikdir: “Sosial yardımın təyin olunması müddətinin çox olması həm yardımı alanda, həm də onu təyin edəndə arxayınçılıq yaradır. Belə ailələrin yoxsulluq girdabında yaşamağa razılaşması rəsmiləşir, onlar həyatlarını dəyişməyə cəhd göstərmirlər. Ən əsası, müddətin çox olması yardımı təyin edən müfəttişlərin də əlinə manipulyasiya üçün əlavə imkanlar verir, rüşvətə imkan yaradır.
Qeyd edim ki, 2006-cı ilin iyulunda yardım verilməyə başlayanda sosial yardımın müddəti 6 ay idi. Bu, çox doğru yanaşma idi, müddət nə qədər az olarsa, yardıma müraciət edən və onu təyin edən də bir o qədər məsuliyyətli olar. Sonradan müddət əvvəlcə 1 ilə çatdırıldı, sonradan Səlim Müslümov bu müddəti 2 ilə çatdırmaqla gül vurdu”.
Qanuna ediləcək digər bir dəyişklik sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, bu barədə məlumatın verilməsi müddəti ilə bağlıdır: “Əvvəllər bunun üçün 7 gün nəzərdə tutulmuşdu, indi 15 gün təklif olunur.
Qanuna təklif olunan digər dəyişikliklər əsasən redaktə xarakterlidir, bəzi məsələlər sosial yardımın verilməsini tənzimləyən qaydalarda olsa da, qanunda yox idi, bu boşluğun aradan qaldırılmasına hesablanıb. Məsələn, “İnzibati icraat haqqında” qanunun sosial yardımı tənzimləyən qanunvericilik aktlarının siyahısına daxil edilməsi, yardıma hüququ olan şəxslərin siyahısının dədqiləşdirilməsi və sair.
Bir məsələ var ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun konkret hüquqi çərçivələri müəyyənləşdirir, ünvanlı dövlət sosial yardımının təyini, verilməsi, imtina və digər bu kimi məsələlər Nazirlər Kabinetinin təsdiq etdiyi “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” ilə tənzimlənir. Ancaq belə görünür ki, qanuna dəyişikliklər təsdiq olunduqdan sonra qaydalarda da ciddi yumşalmalar olacaq, bu yardım növünə əlçatanlıq artırlacaq”./Musavat.com/
Tarix: 12-05-2020, 15:33
Xəbəri paylaş



Xəbər lenti