Apteklərdə yenə maska ajiotajı: alan çox, qiymət isə... - REPORTAJ, FOTO

 

Apteklərdə son 10 gün ərzində tibbi maska satışında kəskin azalma müşahidə olunurdu. Karantin rejiminin yumşalması, havanın isti keçməsi insanlarda arxayınlıq yaratmışdı.

Ona görə maska tələbatını azalmışdı. Amma mayın 8-də Daxili İşlər Nazirliyinin əhaliyə xəbərdarlığı, maska taxmaq tələbi, taxmayanlar barəsində inzibati tədbir görüləcəyi açıqlaması apteklərdə maska satışını artırıb.

Musavat.com üçün bu gün apardığımız müşahidələr belə deməyə əsas verir ki, hətta bəzi apteklərdə maska tapılmır.

Əczaçılar da təsdiqləyirlər ki, son iki gündə maska alanların sayı çoxalıb. Buna səbəb həm yoluxmanın artması xəbərləridir, həm də polisin xəbərdarlığı...

Əczaçıların sözlərinə görə, maskanın qiymətində artım baş verməyib, hazırda 30 qəpikdən satılır. Amma alıcılıq qabiliyyəti yüksəlib.



Satıcılar deyirlər ki, metronun açılması da təsirini göstərib. Amma əsasən insanlar maskaya görə ölçü götürülməsindən və yoluxmaq təhlükəsindən ehtiyat edirlər.

Odur ki, küçədə də əvvəlki günlərlə müqayisədə maska taxanların çox olduğunu gördük. Halbuki, dünənə qədər nə maska taxılırdı, nə alan varıydı.



Alıcılar isə rəsmi xəbərlərlə tanış olduqdan sonra maska aldıqlarını söylədilər. Onların dediyinə görə, bir yandan həkimlər, bir tərəfdən polislər insanları maska taxmağa çağırır:

“Burada pis bir şey yoxdur. Bizim yaxşılığımız üçün deyirlər. Əgər karantinə əməl etməsək, sabah bizi də virus tuta bilər.

İndi heç kəs inanmaq istəmir, özünə yaxınlaşdırmır ki, məni koronavirus tuta bilər, sağlamam və s. Amma gərək ehtiyatlı olasan”.



Qeyd edək ki, rəsmi xəbərdarlıqda deyilir: “Dövlətin həyata keçirdiyi əlaqədar tədbirlərdən irəli gələn tələblərə vətəndaşlar tərəfindən ümumən əməl edilsə də, son günlər ictimai yerlərdə tibbi maskadan istifadə edilməməsi, sosial məsafənin gözlənilməməsi kimi infeksiyanın yayılmasına şərait yaradan halların artması müşahidə edilir.

Vətəndaşlardan evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmək tələb olunur”.

Emil Salamoğlu

Tarix: 9-05-2020, 17:53
Xəbəri paylaş



Xəbər lenti