Qanunla 5 nəfərlik ailənin gəliri 800 manatdan azdırsa, aztəminatlı sayılır –Hüquqşünas

   
Tanınmış hüquqşünas, Qarabağ qazisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist Vüqar Dadaşov aztəminatlı ailələr və əhalinin müəyyən təbəqəsinə dövlət sosial dəstəyi mexanizmi barədə maraqlı təkliflərlə çıxış etmişdir. Həmin çıxışı oxucularımıza təqdim edirik.
“Dünyanı, eləcədə vətənimiz Azərbaycanı ağır sınaq qarşısında qoyan COVİD-19, koronovirus adlandırdığımız pandemiya bir sıra məqamları üzə çıxararaq onların həllini qaçılmaz edib.
Əvvəla, bu bəşər bəlasına qarşı dünya nəhəngləri tab gətirmədiyi halda Azərbaycan Prezidenti Cənab ilham Əliyevinin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə  vəziyyət nəzarətdən çıxmadı və vəziyyətdə müsbət tendensiya açıq aşkar görünür və buna görə də  ölkə başçımıza öz təşəkkürümü də  bildirmişəm.
24 Mart 2020-cu il tarixdən tətbiq edilən Karantin və 05 Aprel 2020-ci il tarixdən sərtləşdirilmiş karantinin nəticəsində məlum oldu ki, bir çox sahədə, səhiyyə sistemində, əhalinin məşğulluğu sahəsində, aztəminatlı ailələrlə bağlı problemlər mövcuddur. Dövlət başçımızın tapşırıq və göstərişləri nəticəsində karantin dövründə iqtisadiyyatımıza, əhalinin müəyyən təbəqəsinə və ən başlıcası  aztəminatlı ailələrə dəstək göstərildi. Cənab Prezidentimizin çıxışlarında qeyd etdiyi kimi, ölkə başçısından gizlədilmiş məlumatların üzə çıxması sözsüz ki, həmin məsələlərin nəzarətə götürülməsi və həlli olacaq.
Fikrimcə, əsas problemlərdən olan əhalinin məşğulluğu, aztəminatlı ailələrə sosial və maddi dəstəklə bağlı mexanizmlərə və qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi, bəzi məqamların dəqiqləşdirilməsi vacibdir. Artıq qeyd etdiyim kimi, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan dövləti sosial yönümlü dövlətdir və Konstitusiyamızın 16 maddəsinin I-ci  bəndində “Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.”  göstərilmişdir.  Eləcədə, Konstitusiyamızın 38-ci maddəsinin I-ci bəndinə əsasən “Hər kəsin sosial təminat hüququ vardır.”
Dövlətimiz öz funksiyasına uyğun olaraq,  aztəminatlı ailələrə və əhalinin müəyyən hissəsinə müxtəlif adlı sosial yardımlar edir və dəstək göstərir. Belə dövlət yardımının biridə ünvanlı sosial yardımdır (ÜSY). Ünvanlı Sosial Yardım Haqqında Azərbaycan Respublikasının Qanununa görə, aztəminatlı ailə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrdir. Bu qanuna görə, ünvanlı sosial yardım aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.
“Ailə”, qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər nəzərdə tutulur.
Ünvanlı Sosial Yardım Haqqında Azərbaycan Respublikasının Qanununa görə, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
Yaşayış Minimumu Haqqında Azərbaycan Respublikasının Qanununa  görə, ehtiyac meyarı əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir və həmin qanuna görə 2020-ci il üçün yaşayış minimumunun ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, ünvanlı dövlət sosial yardımının təyin üçün ehtiyac meyarının həddi 160 manat məbləğində  müəyyən edilib.
Göründüyü kimi, qanunvericiliyimizə uyğun olaraq, ölkə üzrə müəyyən edilmiş  ailədə ailə üzvlərinin adambaşına aylıq gəlirin ehtiyac meyarından aşağı gəliri varsa həmin ailə aztəminatlı sayılmalıdır. Hesablamalara görə Azərbaycan ailələri  orta hesabla 5-6 nəfərdən ibarətdir. Bu hesabla, əgər 5 nəfərlik ailənin  aylıq gəliri (5X160=800) 800 manatdan az gəliri varsa həmin ailədə aztəminatlı sayılmalıdır və Ünvanlı Sosial Yardım Haqqında Azərbaycan Respublikasının Qanunun əhatəsinə düşür. Bu qanunun əhatəsinə düşən ailələrə dövlət yardımının edilməsinə müəyyən mənada əngəl olan “Ailə gəlirləri” deylən məfumun bəzi məqamların tam aydınlaşdırılmamasıdır.
Ailənin gəlirləri dedikdə, ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, faktiki alınan alimentlərdən, kreditdən, şəxsi yardımçı təsərrüfatdan (iri və xırda buynuzlu malqara, ev quşları, arı ailəsi və s.)əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu nəzərdə tutulur. Bu baxımdan koronovirusla bağlı karantin dövründə və ümumiyyətlə aztəminatlı ailələrə və əhalinin müəyyən hissəsinə  müəyyən dövlət yardımının və dəstəyinin  təyin edilməsində mane olan məhz “Ailə gəlirlər” deyilən anlayışdır.
Hesab edirəm ki, ilk növbədə “aztəminatlı ailə” anlayışı dəqiqləşdirilməli, məsələn ailələrin torpaq sahəsinin yararlığı, miqdarı, torpaqdan illik gəliri, bazar qiyməti, daşınar və daşınmaz əmlakın sayı, dəyəri, bazar qiyməti və sair bu kimi konkret kriteriyalar  müəyyən edilməlidir. Bu məsələdə ailənin konkret təsdiqlənmiş gəlirləri üstün götürülməlidir-bu yanaşmanın “qara əmək haqqı”, “ kölgə iqtisadiyyatı”, “məşğul şəxs”, “vergilərdən yayınma”  sahəsində problemlərlə bağlı olduğundan qeyd etdiyim xoşa gəlməz halların da aradan qaldırılmasını mütləq edəcək. Aztəminatlı ailələrin aşkar edilməsi, qeydiyyata  alınmalı, təminatı inzibati araşdırma yolu ilə hökumət tərəfindən aparılmalı, ailənin aşkar edilmiş konkret gəlirlərinə uyğun bəlli sosial dəstək mexanizmi müəyyən edilməlidir. Qısası, aztəminatlı ailələrin müəyyən edilməsi və sosial dəstək düsturu konkret formada olmalı və bu düstur əhaliyə məlum olmalıdır.
Gündəlik həyatımızda eləcədə, fövqəladə hadisələr zamanı əhalinin həssas təbəqəsinin  ehtiyaclarının ödənilməsinə, alqışa layiq müəyyən şəxslərin pərakəndə şəkildə köməyi və ya yenə də alqışa hüquqi şəxslərin ianəsi hesabına tam və əhatəli həll etmək olmaz. Məsələ kompleks formada və qanun norması şəklində  həll oluna bilər. Bu halda da, yaranmış vəziyyətdən məmurların və əhalinin sui istifadə halları da minimuma enmiş olar. Hesab edirəm ki, bu məsələnin həllini “məşğul şəxs”,“ailə gəlirləri”, “yaşayış minimumu”, “ehtiyac  meyarı”, “qara əmək haqqı”, “ kölgə iqtisadiyyatı”,   “vergilərdən yayınma”, “sosial yardım”  kimi anlayış və məsələlərin qarşılıqlı əlaqəsi və uzlaşması hesabına həll etmək mümkündür. Hökumətimizin, iqtisadçılarımızın bu məsələnin həlli üçün həm bilik potensialı həmdə, iqtisadi və inzibati resursları kifayət qədərdir. Qeyd etdiyim məsələnin həlli üçün müvafiq orqanlara artıq müraciətlər də etmişəm.
Bu baxımdan Cənab Prezidentimizin dediyi və sübut etdiyi kimi “…bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır” fonunda məsələlərin tez bir zamanda həll olacağına şübhə etmirəm.”
Tarix: 1-05-2020, 21:45
Xəbəri paylaş



Xəbər lenti