Səfir özəl şirkəti hansı statusla rəsmi görüşə aparıb?

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov ilə Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek arasında  görüş keçirilib.

“AzərTac”-ın Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyinə istinadən yaydığı məlumata görə, görüşdə “EasyDanismanlik” şirkətinin təsisçisi və nümayəndə heyətinin üzvləri də iştirak ediblər. Görüşdə akademik mobillik, birgə təhsil proqramları, beynəlxalq əməkdaşlıq, eləcə də xarici vətəndaşların Qazaxıstanın ali təhsil müəssisələrinə cəlb edilməsi məsələləri müzakirə olunub.

Bu məlumat istər-istəməz bir sıra suallar doğurur.

İlk növbədə, “EasyDanismanlik” bu görüşdə hansı statusla iştirak edib?
Şirkət nə ali təhsil müəssisəsidir, nə də dövlət qurumudur. Onun dövlət adından bu cür yüksək səviyyəli görüşdə təmsil olunmasına hansı hüquqi və ya institusional əsasın olduğu barədə ictimaiyyətə hər hansı məlumat təqdim edilməyib. Əgər bu, dövlət tərəfindən müəyyən edilmiş rəsmi tərəfdaşlıq çərçivəsində baş veribsə, bunun açıqlanması vacibdir. Yox əgər belə bir status yoxdursa, onda Azərbaycanın diplomatik nümayəndəliyinin məhz bir özəl MMC-ni rəsmi nümayəndə heyətinə daxil etməsinin səbəbi izah edilməlidir.

Daha diqqətçəkən məqam isə görüşün məzmunudur. Rəsmi məlumatda qeyd olunur ki, tərəflər xarici vətəndaşların Qazaxıstanın ali və aspirantura təhsili müəssisələrinə cəlb olunmasını müzakirə ediblər. Halbuki Azərbaycan son illər ali təhsilin beynəlmiləlləşdirilməsini prioritet istiqamətlərdən biri elan edib və “Study in Azerbaijan” layihəsi vasitəsilə xarici tələbələrin məhz Azərbaycan universitetlərinə cəlb edilməsinə çalışır. Belə olan halda, Azərbaycanın səfirinin iştirakı ilə keçirilən görüşdə başqa bir ölkənin ali məktəblərinə xarici tələbələrin cəlb olunmasının müzakirəsi və bu müzakirədə özəl bir şirkətin iştirak etməsi təbii olaraq suallar yaradır.

Əgər məqsəd iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığı genişləndirmək idisə, həmin nümayəndə heyətində Azərbaycan universitetlərinin, Elm və Təhsil Nazirliyinin və ya bu sahədə fəaliyyət göstərən digər dövlət qurumlarının təmsil olunması daha məntiqli görünərdi. Bunun əvəzinə konkret bir özəl şirkətin dövlət nümayəndə heyətində yer alması, onun hansı meyarlarla seçildiyi, bu imkanın digər şirkətlər üçün də açıq olub-olmaması və dövlət adından hansı mandatla çıxış etdiyi barədə ictimai izah verilməsini zəruri edir.

Burada söhbət hər hansı şirkətin fəaliyyətini tənqid etməkdən getmir. Məsələ dövlət institutlarının tərəfsizliyi, şəffaflığı və bərabər rəqabət prinsiplərinə nə dərəcədə əməl olunması ilə bağlıdır. Dövlətin diplomatik nümayəndəliyi ayrı-ayrı özəl şirkətlərin deyil, Azərbaycan dövlətinin və onun milli maraqlarının təmsilçisidir. Buna görə də belə görüşlərdə özəl sektorun iştirakı başa düşülən olsa da, bunun hansı prinsiplər əsasında formalaşdığı və dövlət maraqları ilə necə uzlaşdığı ictimaiyyət üçün aydın olmalıdır. Bu, həm şəffaflığın təmin edilməsi, həm də dövlət institutlarına ictimai etimadın qorunması baxımından vacib məsələdir.



Tarix: Dünən, 21:24
Xəbəri paylaş



Xəbər lenti