Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?

Bakının mərkəzi küçələrində yeni və müasir avtobusların nümayiş etdirilməsi ilə tez-tez gündəmə gələn Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyəti paytaxtın kənar qəsəbələrinə çatanda tamamilə fərqli mənzərə ortaya çıxır. Elə təəssürat yaranır ki, AYNA rəhbəri Anar Rzayev üçün Bakı yalnız mərkəzi prospektlərdən ibarətdir, Müşfiqabad kimi minlərlə insanın yaşadığı qəsəbələr isə diqqətdən kənarda qalıb.
Bizimesr.com-a göndərilən foto və videogörüntülər Müşfiqabad qəsəbəsindən "20 Yanvar" metro stansiyası istiqamətində hərəkət edən 114A və 114B marşrutlarında yaranmış vəziyyətin sərnişinlər üçün ciddi problemə çevrildiyini göstərir. 

Sakinlərin sözlərinə görə, xəttə buraxılan avtobusların əksəriyyəti köhnə və istismara yararsız vəziyyətdədir. Oturacaqlar sınıq, salonlar natəmiz, texniki vəziyyət isə sərnişinlərin təhlükəsiz və rahat daşınması ilə bağlı ciddi suallar yaradır.
Demək olar ki, hər gün marşrut üzrə hərəkət edən bir və ya bir neçə avtobus yolda nasazlıq səbəbindən dayanır. Nəticədə sərnişinlər avtobuslardan düşürülür və yolun ortasında qalırlar. İnsanlar işə, məktəbə və ya digər ünvanlara vaxtında çatmaq əvəzinə növbəti avtobusu gözləməyə məcbur olurlar.
Problemlər bununla da bitmir. Sərnişinlərin bildirdiyinə görə, marşrut üzrə avtobusların intervalı olduqca uzundur. Bu səbəbdən insanlar bəzən dayanacaqlarda uzun müddət gözləyirlər. Yayın qızmar istisində kondisionersiz avtobuslar isə vəziyyəti daha da ağırlaşdırır. Sıxlıq, havasız salon və texniki problemlər hər gün yüzlərlə sərnişinin üzləşdiyi reallıqdır.
Ən diqqətçəkən məqamlardan biri isə sakinlərin iddiasına görə, bu problemlə bağlı illərdir AYNA rəhbərliyinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, vəziyyətin dəyişməməsidir. Onların sözlərinə görə, müraciətlər ya cavabsız qalır, ya da real nəticə vermir. 

Bu vəziyyət ciddi suallar doğurur. Əgər paytaxtın mərkəzində müasir avtobus parkı yaratmaq mümkündürsə, niyə Müşfiqabad sakinləri köhnə, tez-tez xarab olan və elementar rahatlıq standartlarına cavab verməyən avtobuslardan istifadə etməyə məcbur qalırlar? Dövlət büdcəsindən nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına milyonlarla manat vəsait ayrıldığı halda, Bakıətrafı qəsəbələrin sakinləri niyə ikinci dərəcəli xidmətlə kifayətlənməlidirlər?
İctimai nəqliyyat hər bir vətəndaş üçün əlçatan, təhlükəsiz və rahat olmalıdır. Bu xidmət yalnız şəhərin mərkəzi ilə məhdudlaşmamalı, paytaxtın bütün yaşayış məntəqələrini əhatə etməlidir. Əks halda, mərkəzdə yaradılan müasir görüntü fonunda qəsəbələrdəki acınacaqlı vəziyyət nəqliyyat sahəsində aparılan islahatların hamıya eyni dərəcədə çatmadığını göstərir.

Tarix: Dünən, 22:16
Xəbəri paylaş



Xəbər lenti