Sakinlər narahatdır, tikinti davam edir -"Qurtuluş 93"də dəmir konstruksiyalı artırma kimindir?

Abşeron rayonunda qəribə tikililər seriyası davam edir. Maraqlıdır ki, bir daşı daş üstünə qoymağın belə mümkün olmadığı hallarda bu cür tikililərin icazəsini kimlər və hansı şərtlər daxilində verirlər?

Bizimesr.com xəbər verir ki, daha bir maraqlı tikili Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Qurtuluş 93" Yaşayış Kompleksinin binasında aparılır.

Diqqət çəkən məqam ondan ibarətdir ki, "Qurtuluş 93" Yaşayış Kompleksi layihə əsasında tikilərək sakinlərin istifadəsinə verilib. Mənzillərin satışı zamanı insanlara rahatlıq, geniş həyət, təhlükəsizlik və xoş həyat vəd olunub. Amma görünən odur ki, sonradan bu vədlər "Qurtuluş 93" MTK-nın rəhbəri Məhərrəm Novruzovun və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin üçün sadəcə söz yığınıdır.

Binanın birinci mərtəbəsində yaşayan sakinlər dəmir konstruksiyalı bu obyektin gələcək təhlükəsizliyi, burada həyata keçiriləcək fəaliyyət, həmin fəaliyyət nəticəsində yarana biləcək hər hansı hadisə, yanğın təhlükəsi və səs-küyün insanların gündəlik həyatına təsiri ilə bağlı indidən narahat olduqlarını bildirirlər.

Amma nə fayda... Görünən odur ki, Məhərrəm Novruzov və Abdin Fərzəliyev üçün belə məsələlər, insanların narahatçılığı maraq doğurmur. Əsas olan onların istəyi, qazanclarıdır.

Bəs bu dəmir konstruksiyalı tikilinin gələcək fəaliyyəti nədən ibarət olacaq? Obyekt hansı qaydalarla, kimin icazəsi ilə və hansı məqsədlə tikilir? Ümumiyyətlə, belə bir tikiliyə niyə ehtiyac var?

Ən vacib suallardan biri isə budur: kimlərsə pul qazanacaq deyə, bir binanın sakinləri ömür boyu narahat və təhlükə riski altında yaşamalıdırmı?

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Tarix: Bu gün, 18:51
Xəbəri paylaş



Xəbər lenti