
Deputat Kəmaləddin Qafarov Azərbaycandakı şirkətlərini satıb xaricə köçməyə hazırlaşır.
Tendensiya.com-a daxil olan məlumata görə, deputat ilk olaraq broyler şirkətini, fermalarını və torpaq sahələrini satışa çıxarıb. Dərman biznesi və tenderlər qazanmaq üçün qurduğu şirkətlərlə bağlı yaxın dövr üçün planları yoxdur.
Deputatın yaxın ətrafından sızan məlumatlara görə, Kəmaləddin Qafarov Türkiyədəki biznesini genişləndirməyə, Monteneqro və Serbiyada isə yeni biznes layihələri həyata keçirməyə planlaşdırır.
Kəmaləddin Qafarovun Azərbaycandakı ferma və torpaq sahələrini hansı səbəbdən satıb pulları xaricə çıxarmaq istəməsi dəqiq məlum olmasa da, onun bu qərarı verməsinin arxasında ölkədəki biznes mühitinin əlverişli olmaması ilə bağlı amillərin dayandığı da ehtimal edilir. Görünür, hər il dərman biznesindən və tenderlərdən milyonlar qazanan deputat gələcəyini təminat altına almaq üçün pullarını xaricə çıxarır.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyi deputatın biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. 2015-ci ildən deputat olan Qafarov həm də Milli Onkologiya Mərkəzinin (MOM) baş direktor müavini vəzifəsində çalışır.
Mediada gedən məlumatlardan aydın olur ki, Kəmaləddin Qafarovun biznes imperiyası əczaçılıqdan tutmuş tikinti sahəsinə qədər əksər gəlirli sektorları əhatə edir. Deputatın əsas biznes subyektlərindən biri “Azəri Med” Qapalı Səhmdar Cəmiyyətidir (QSC). Bu şirkətin adına əsasən dövlət satınalmalarında rast gəlinir. Tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirən “Azəri Med” QSC əsasən MOM-un tenderlərini qazanır. Şirkətin qazandığı tenderlər üzrə satınalma müqavilələrinin maliyyə dəyəri adətən milyonlarla manat olur.
Bundan başqa, “Azəri Med” “Tibbi Market”i tibbi ləvazimatlar və avadanlıqlarla təchiz edir. Deputat indiyədək bu iddiaları təkzib etməyib.
Bakıda fəaliyyət göstərən “Versal Palace” şadlıq sarayının da deputata məxsus olduğu bildirilir. Şadlıq sarayı “Versal Palace” MMC kimi vergidə qeydiyyatdadır. Bu MMC-nin qanuni təmsilçisi Qafarov Cəlaləddin Nəsrəddin oğludur. Bu şəxs Kəmaləddin Qafarovun qardaşıdır.
Deputata aid edilən başqa şirkətlər də var. Bunlar “Versal Palace” MTK, “Kanon” MMC, “Shafran” MMC, “Avestafarm” MMC, “Mega Pharmacy” MMC, “Naturalist” Fərdi Firması, “Helios Pharma” MMC və “Salidont LTD”dir. Son iki şirkət Azərbaycandan kənarda yaradılıb.
Ölkənin ən böyük quşçuluq müəssisəsi olan və dəfələrlə ciddi nöqsanların üzə çıxdığı “Siyəzən Broyler” ASC də faktiki olaraq Kəmaləddin Qafarova məxsusdur. Düzdür, rəsmi sənədlərdə və vergi qeydiyyatında digər şəxslərin adları göstərilir. Mediada yayılan məlumatlara görə, şirkəti deputatın katibəsi Leyla xanımın həyat yoldaşı idarə edir.
Digər maraqlı məqam odur ki, deputata məxsus bir çox obyektlərin idarəsi Leyla xanımın nəzarətindədir.