Psixoloqdan xəbərdarlıq: "Sosial şəbəkələr uşaqların psixoloji inkişafını risk altına salır"

Psixoloqdan xəbərdarlıq:
"Sosial şəbəkələrdən nəzarətsiz və həddindən artıq istifadə uşaqların psixoloji inkişafı üçün ciddi risklər yaradır".

Bunu Qaynarinfo-ya açıqlamasında Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib.

Onun sözlərinə görə, sosial şəbəkələr artıq uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib:

"Bu platformalardan düzgün istifadə edildikdə onlar uşaqların ünsiyyət bacarıqlarının inkişafına, yeni biliklər qazanmasına, yaradıcılıq potensialını nümayiş etdirməsinə və dünyagörüşünün genişlənməsinə müsbət təsir göstərə bilər. Lakin sosial şəbəkələrdən nəzarətsiz və həddindən artıq istifadə uşaqların psixoloji inkişafı üçün ciddi risklər yaradır. Elmi araşdırmalar göstərir ki, uzun müddət sosial mediada vaxt keçirmək diqqət pozuntuları, yuxu problemləri, narahatlıq, depressiv əlamətlər və emosional gərginliyin artması ilə əlaqəlidir".

Elnur Rüstəmovun fikrincə, bu risklər xüsusilə gündə üç saatdan artıq sosial mediadan istifadə zamanı daha qabarıq şəkildə özünü göstərir:

"Uşaqlar sosial şəbəkələrdə özlərini davamlı olaraq başqaları ilə müqayisə etdikdə onların özünəinamı zəifləyə, xarici görünüşlərindən narazılıq və uğursuzluq hissi formalaşa bilər. Kiberbullinq, aqressiv və yaşa uyğun olmayan məzmunla qarşılaşmaq isə uşaqların emosional təhlükəsizliyini sarsıdan əsas amillərdəndir. Digər tərəfdən, sosial şəbəkələrdə sürətlə yayılan dezinformasiya və yanlış məlumatlar tənqidi düşünmə bacarıqları hələ tam formalaşmamış uşaqların dünyagörüşünə mənfi təsir göstərə bilər".
 



Psixoloq hesab edir ki, burada əsas məsələ sosial şəbəkələrin mövcudluğu deyil, onlardan istifadə mədəniyyətidir:

"Valideynlərin uşağın rəqəmsal həyatına maraq göstərməsi, izlədiyi məzmunu tanıması, yaşına uyğun vaxt məhdudiyyətləri müəyyən etməsi və ailədaxili açıq ünsiyyət qurması mühüm əhəmiyyət daşıyır. Qadağalara üstünlük verməkdənsə, izah edən, maarifləndirən və qarşılıqlı etimada əsaslanan yanaşma daha səmərəli nəticə verir. Eyni zamanda, məktəblərdə rəqəmsal savadlılıq və təhlükəsiz internet davranışı ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi də vacibdir".

Elnur Rüstəmov vurğulayıb ki, sosial şəbəkələr uşağın şəxsiyyətinin formalaşmasına təsir edən yeganə amil deyil:

"Əsas təsir ailə mühiti, valideyn-övlad münasibətləri, məktəb, dost çevrəsi və uşağın psixoloji dayanıqlılığı ilə bağlıdır. Güclü emosional bağlara malik, özünü dəyərli hiss edən və real həyatda sağlam sosial münasibətlər quran uşaqlar rəqəmsal risklər qarşısında daha dayanıqlı olurlar".

Psixoloq əlavə edib ki, əsas məqsəd uşaqları texnologiyadan uzaqlaşdırmaq deyil:

"Məqsəd uşaqları texnologiyadan təcrid etmək deyil, onlara texnologiyadan təhlükəsiz, balanslı və məsuliyyətli şəkildə istifadə etməyi öyrətməkdir".
Tarix: Dünən, 21:31
Xəbəri paylaş



Xəbər lenti