
Tərtər rayonunda 2 İyul – Azərbaycan Polisinin yaradılmasının 108-ci ildönümü və polis işçilərinin peşə bayramı geniş qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsini ziyarət edib, dahi rəhbərin əziz xatirəsini ehtiramla anıblar.
Tədbir rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, məhkəmə və hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, polis şəhid ailələrinin üzvləri, polis veteranları, rayon polis şöbəsinin əməkdaşları, təhsil işçiləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Məmmədov iştirakçıları peşə bayramı münasibətilə təbrik edib, Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu diqqətə çatdırıb. Şöbə rəisi Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salaraq bildirib ki, daxili işlər orqanlarına Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğı göstərilib. Hazırda bu dövlət siyasəti Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
R.Məmmədov vurğulayıb ki, Azərbaycan Polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir, hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur. O qeyd edib ki, şəxsi heyət bundan sonra da qanunun aliliyinin təmin olunması, ictimai asayişin etibarlı qorunması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri məsuliyyətlə icra edəcəkdir.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. İcra başçısı bildirib ki, Azərbaycan Polisi dövlətçiliyimizin möhkəmləndirilməsində, ictimai asayişin və təhlükəsizliyin qorunmasında mühüm rol oynayır. Qeyd olunub ki, polis əməkdaşları Vətən müharibəsi dövründə də böyük qəhrəmanlıq və fədakarlıq nümayiş etdirərək xalqımızın rəğbətini qazanıblar. Rayon rəhbəri onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və Ümummilli Liderin polis peşəsi haqqında dediyi dəyərli fikirləri xatırladıb:
“Polis peşəsi ağır peşədir, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, təhsil və təcrübə tələb edir.”
Çıxışda millətimizin və dövlətimizin əsas dayaqlarından biri olan Azərbaycan polisinin 108 illik çətin və şərəfli bir inkişaf yolu keçdiyi qeyd olunub. 1918-ci il iyulun 2-də yaradılmış polis orqanlarımızın Şərqin ilk demokratik dövləti olan Azərbaycan Demokratik Respublikasının ərazi bütövlüyünün, vətəndaşlarının əmin-amanlığının qorunmasında, erməni təcavüzünün dəf olunmasında böyük xidmətləri vurğulanıb.
Müstəqim Məmmədov cənab Ali Baş Komandanın polis işçilərinin nailiyyətlərini yüksək qiymətləndirdiyini qeyd edərək, dövlət başçısının daxili işlər orqanlarının qarşısına qoyduğu mühüm vəzifələrdən sitat gətirib:
“Polis həm qətiyyətli olmalıdır, cinayətkarlara qarşı barışmaz, sərt olmalıdır, eyni zamanda insanlara qarşı çox mədəni, mülayim olmalıdır, kobudluğa yol verməməlidir. Çünki biz hamımız – dövlət işində işləyən insanlar xalqa xidmət edirik. Bizi ona görə seçirlər, ona görə etibar edirlər ki, biz öz tərəfimizdən qərarların qəbul olunması ilə, öz xidmətimizlə, öz nümunəmizlə xalqa xeyir gətirək”.
Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsindən sonra regionda yeni reallıqların yarandığını, işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış”ın gerçəkləşməsi üçün polis orqanlarının, o cümlədən Daxili Qoşunların fəaliyyətinin mövcud vəziyyətə uyğunlaşdırıldığını, asayiş və təhlükəsizliyin etibarlı təmin edildiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan polisi hazırda azad olunmuş torpaqlarımızda da öz xidmətini böyük əzm və peşəkarlıqla davam etdirir.
Tədbirdə Tərtər rayon Prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov, rayon Məhkəməsinin sədri Tahir Qubadov, Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər Rayon şöbəsinin rəisi Rəşad Nadirov, Tərtər Hərbi prokuroru, baş ədliyyə müşaviri Əli Qurbanov və Polis Veteranları Şurasının sədri Qeyis Qəhrəmanov çıxış ediblər. Natiqlər Azərbaycan Polisinin şərəfli inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin polis orqanlarının formalaşmasına və inkişafına verdiyi böyük töhfələrdən, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahəyə göstərilən dövlət qayğısından danışıblar. Çıxış edənlər polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıblar.
Daha sonra xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman, rayon Polis Şöbəsi tərəfindən isə şəhid polislərin ailələrinə və polis veteranlarına xatirə hədiyyələri təqdim olunub.
Tədbir Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin hazırladığı geniş konsert proqramı ilə başa çatıb.
