Bank dələduzları “at oynadır” – daha bir tanınmışdan ÇAĞIRIŞ

Jurnalist Əvəz Zeynallı da bank dələduzlarının tələsinə düşmək təhlükəsi ilə üzləşib. Tribuna.az yazır ki, bu barədə özü məlumat verib. Ə. Zeynallı bildirib ki, TikTok-da ona bir paylaşım göndərilib: “Kəramət Böyükçölün haqqımda yazdığı statusu və bank hesabını da paylaşdığı yazını təkrar paylaşmışdılar, ancaq bir fərqlə – hesab tamamilə başqa başqa hesabdı. Zatən son günlər internet dələduzları bütün gücləri ilə iş başındadırlar. Bir neçə dəfə buna bənzər hadisələr başıma gəlib. Hətta 1 dəfə DİN mətbuat xidmətinin rəisi Elşad Hacıyevə xəbər etdikdən sonra dələduzlar yaxamı zar-zor buraxdılar.
Bu gün o paylaşımı və göstərilən o saxta bank hesabını paylaşmaq istədim, amma paylaşım silinmişdi. Zatən şərhlərdə bilənlər saxtakarlıqdan bəhs etmişdilər, görünür, fırıldaqlar çəkinib paylaşımlarını siliblər.
Xüsusi vurğulamaq istəyirəm – heç bir halda mənim adımdan zənglərə və mesajlara inanmayın və kimsəyə pul göndərməyin. Telefonuma rahat zəng edib dəqiqləşdirmək olar. Mən heç bir zaman kimsəyə telefon açıb pul istəmərəm də – ən yaxın adamlar olsa belə”.

Qeyd edək ki, Teleqram hesabı oğurlanan İqbal Ağazadənin adından dələduzluq edənlər jurnalist Ləman Ələşrəfqızını inandıra bilərək onun 600 manatını mənimsəmişdi. DİN həmin şəxsi yaxalayıb və vəsait jurnalistə qaytarılıb.

Onu da deyək ki, bu cür dələduzluq halları artıb. Vətəndaşlar diqqətli olmalıdırlar. Eyni zamanda, bank kartının arxasındakı üçrəqəmli nömrəni verməməlidirlər.

Tarix: Bu gün, 11:12
Xəbəri paylaş



Xəbər lenti