
Gözlənildiyi kimi, iyunun 19-da Cenevrədə ABŞ və İran arasında anlaşma memarandumu imzalanacaq.
Artıq tarix məsələsini hər iki ölkə təsdiqləyib.
Lakin indiyə qədər istər İran, istərsə də ABŞ-ın yaydığı anlaşma mətni ilə bağlı təkmil heç nə yoxdur. Daha doğrusu, ortada ciddi ziddiyyətlərin olduğu diqqəti çəkir.
Dünən SEPAH ABŞ-la anlaşma memorandumunun yekun mətnində dəyişiklik edildiyini açıqlayıb. Və bu dəyişikliklərin son anda baş verdiyini iddia edib. Həmin dəyişikliklərə əsasən ABŞ Hörmüz boğazında İran və Omanın suverenliyini təsbit edib və sazişə salıb.
Bundan başqa, qeyd edilir ki, 60 günlük atəşkəs bitdikdən sonra İran Hörmüz boğazından keçən gəmilərdən sığorta, rüsum və naviqasiya haqqı alacaq.
Hərçənd ABŞ bu məlumatları təsdiqləmir. Ağ Evdən verilən məlumata görə, iyunun 19-na planlaşdırılan atəşkəs razılaşmasının tamamlanmasına qədər İran limanlarına qarşı tətbiq olunan blokada qüvvədə qalacaq. Bu məlumatı ABŞ ordusunun komandanlığı da təsdiqləyib.
Vaşinqton həmçinin Tehranın “300 milyard dollar kompensasiya ödəniləcək” və “dondurulmuş aktivlərin 12 milyard dolları İrana qaytarılacaq” iddialarını da yalanlayıb. ABŞ-ın vitse-prezidenti Di Cey Vens bildirib ki, İrana bir dollar belə verilməyəcək.
“The Guardian” qəzeti isə tərəflər arasında sazişin əsas problemləri həll etmədiyini yazıb. Nəşr qeyd edib ki, bir neçə məsələdə anlaşma uzun zaman apara bilər. “ABŞ və İran müharibəyə tez bir zamanda son qoyduqlarını elan etsələr də, əsas məsələlər hələ də həll olunmayıb. Həmin məsələlər Hörmüz boğazının statusu, İranın nüvə proqramı və Livandakı vəziyyətlə bağlıdır”.
Bu əsnada, İranda sazişin bağlanmasına dəstək verənlərə islahatçılar da qoşulublar. Ötən gün İranın sabiq prezidentləri Məhəmməd Hatəmi və Həsən Ruhani, habelə keçmiş XİN başçısı Məhəmməd Cavad Zərif bəyan ediblər ki, anlaşma memarandumunun təbliği və dəstəklənməsi işində əməli addım atmağa hazırdırlar. Bununla bağlı kampaniya başladacaqlarını da bildiriblər.
Hadisələrin gedişatı fonunda üzə çıxan reallıq budur ki, İran mövcud anlaşmanı öz qələbəsi kimi təqdim etmək üçün bəzi təhriflərə gedib. Məqsəd isə daxildəki narazı kütləni sakitləşdirməkdən ibarətdir. Çünki hazırda İran cəmiyyəti rejimi müharibə ilə bağlı ciddi şəkildə sorğulayır. Yəni, buna yol vermədən də saziş bağlamağın mümkün olub, olmadığına cavab istəyir. Bir də daxildəki iqtisadi böhran məsələsi var ki, bu, İran rejimini hər şeydən çox ciddi narahat edir. Ona görə ki, hadisələr yeni və çox kütləvi etirazların başlanmasına səbəb ola bilər.Tribuna