“Estemol Saç Vitamin Mərkəzi“ külli miqdarda cərimələndi - Əkilən saç çıxmayıb





Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi "Estemol Baku" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus "Estemol Saç Vitamin Mərkəzi"ni külli miqdarda cərimələyib. 

Qaynarinfo-nun məlumatına görə, Analitik Ekspertiza Mərkəzi tərəfindən aparılan yoxlamalar nəticəsində "AF Business House"un 4-cü mərtəbəsində yerləşən "Estemol Baku" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, Analitik Ekspertiza Mərkəzi tərəfindən MMC-yə məxsus müəssisədə keçirilən zaman plandankənar yoxlamada lisenziya olmadan dermatoloji ixtisasa aid kosmetoloji iş və fəaliyyət aşkar olunub. 


Məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndəsi izahat verərək heç bir tibbi fəaliyyət göstərmədiklərini, onlara aid məhsullarla saçı yuduqlarını, mualicəsini apardıqlarını və orada heç bir dəri zədələnməsi olmadığını bildirib. 

O da məlum olub ki, R.Dadaşova adlı xanım sözügedən mərkəz barəsində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət ünvanlayıb. R.Dadaşova şikayətində bildirib ki, 1400 manat ödəniş etməsinə baxmayaraq, mərkəzdə ona göstərilən xidmət heç bir müsbət nəticə verməyib, başında saç qalınaşması müşahidə edilməyib. O, ödədiyi məbləğin geri qaytarılmasını rəsmi şəkildə tələb etsə də, cavab verilməyib və buna görə müvafiq qurumlara şikayət ünvanlayıb. 

Şikayətçi ödənilmiş 1400 manatın və əlavə olaraq 285 manat dəyərində olan məhsulların məbləğinin ona geri qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görülməsini müvafiq qurumlardan xahiş edib. Analitik Ekspertiza Mərkəzi tərəfindən xanımın şikayəti də məhkəmə materiallarına əlavə olunub. 

Məhkəmənin hökmü ilə "Estemol Baku" MMC-nin rəhbəri İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 20.000 manat məbləğində cərimə edilib. 

Qeyd edək ki, nizamnamə kapitalı 20 AZN olan "Estemol Baku" MMC-nin qanuni təmsilçisi Yakup Sehremındir. 


Tarix: Bu gün, 17:39
Xəbəri paylaş



Xəbər lenti