Veysəloğlu Şirkətlər Qrupu rəhbər heyətin strateji idarəetmə bacarıqlarının inkişafı, komanda əməkdaşlığının gücləndirilməsi və süni zəka dövrünün yaratdığı yeni çağırışlara hazırlığın artırılması məqsədilə “Süni Zəka Dövründə Liderlik: AI emal edir, lider qərar verir” mövzusunda teambildinq formatında iki günlük liderlik forumu təşkil edib.
Quba Palace Hotel-də keçirilən forumda Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti, şirkət rəhbərləri və top-menecerlər iştirak ediblər. Tədbirdə süni intellektin biznes proseslərinə təsiri, liderliyin transformasiyası, insan kapitalının inkişafı, effektiv qərarvermə və komanda idarəetməsində yeni yanaşmalar müzakirə olunub.
Forumun ilk sessiyasında NielsenIQ Türkiyə şirkətinin Baş direktoru Didem Şekerel Erdoğan və eyni şirkətdə Müştəri Portfelinin İnkişafı direktoru Nur Serenli qlobal iqtisadi və texnoloji dəyişikliklərin biznes mühitinə təsiri barədə çıxış ediblər.
Daha sonra data analitikası və süni zəka layihələri üzrə müstəqil ekspert Kamran Ağayev məlumat əsaslı idarəetmə, rəqəmsal transformasiya və süni intellekt həllərinin biznes proseslərinə inteqrasiyası mövzusunda fikirlərini bölüşüb.
Beynəlxalq konsultant Sinan Ergin “AI və insan kapitalının gələcəyi” mövzusunda çıxış edərək süni intellektin əmək bazarına təsiri və liderlərin dəyişən biznes mühitinə adaptasiyası barədə danışıb.
Millət vəkili Tahir Mirkişili isə süni intellekt dövründə idarəetmə, qərarvermədə insan faktorunun rolu və texnologiya ilə liderlik arasında balansın qorunması məsələlərinə toxunub.
Tədbir teambildinq formatında təşkil olunduğundan iştirakçılar müxtəlif interaktiv sessiyalara, komanda oyunlarına və əməkdaşlığı təşviq edən fəaliyyətlərə cəlb olunublar. Bu fəaliyyətlər rəhbər heyət arasında ünsiyyətin, qarşılıqlı etimadın və komanda ruhunun gücləndirilməsinə xidmət edib.
Forumun yekununda Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş direktoru Aydın Veysəloğlu bu cür təşəbbüslərin korporativ idarəetmə mədəniyyətinin inkişafı, innovativ düşüncənin təşviqi, liderlik potensialının gücləndirilməsi və komanda həmrəyliyinin artırılması baxımından əhəmiyyətini vurğulayıb.
Tarix: Bu gün, 16:42