Tərtər rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib


İyunun 13-də Tərtər rayonunun 34 tam və 10 ümumi orta ümumtəhsil məktəbində 2025/2026-cı tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbirləri təşkil olunub.

Tədbirlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, pedaqoji kollektivlər, valideynlər və məzunlar iştirak ediblər.

Mərasimlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Qeyd edək ki, cari tədris ilində rayon üzrə 819 nəfər şagird birinci sinfi, 993 nəfər şagird 9-cu sinfi, 776 nəfər şagird isə 11-ci sinfi bitirir.

Tərtər şəhər 1, 5, 6 saylı, Hüsənli, Azad Qaraqoyunlu kənd tam orta ümumtəhsil məktəblərində və 2 nömrəli məktəb-liseydə keçirilən tədbirlərdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məzunları təbrik edərək, onlara müstəqil həyatda uğurlar arzulayıb.

Rayon rəhbəri Ulu Öndər Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi diqqəti xatırladaraq, bu strateji xəttin hazırda Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Qeyd olunub ki, dövlət tərəfindən təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni məktəblərin inşası və əsaslı təmiri istiqamətində məqsədyönlü addımlar atılır. İcra başçısı rayonun təhsil sahəsində qazandığı uğurlar və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işindən ətraflı bəhs edib.

Sonra rayon rəhbəri tərəfindən tam orta təhsil səviyyəsi üzrə yekun attestasiya imtahanlarında yüksək nəticə göstərən 2 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Səfərova Zümrüd Hafiz qızına, Tərtər şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi Həsənli Xumar Ceyhun qızına və Hüsənli kənd tam orta ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi Həsənova Nurcan Kənan qızına Təşəkkürnamə təqdim olunub.

Tədbirdə çıxış edən müəllim, valideyn və məzunlar təhsil sahəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkilləri çəkilib.

Tarix: Dünən, 17:45
Xəbəri paylaş



Xəbər lenti