Müdafiə Xəttinin həmtəsisçisi Zaur Əkbər Ukraynada böhran başlayana (2014), xüsusilə də Krım ilhaq olunana qədər Aİ və Rusiya ticarət, iqtisadiyyat, enerji, iqlim dəyişikliyi, tədqiqat, təhsil, mədəniyyət, təhlükəsizlik, o cümlədən də terrorizmə qarşı mübarizə, nüvə silahının yayılmaması və Orta Şərqdə münaqişənin həlli istiqamətində strateji tərəfdaşlıq edirdi. Təsadüfi deyil ki, Avropa İttifaqı Rusiyanın Dünya Ticarət Təşkilatına (DTT) tamhüquqlu üzv olmasının qəti tərəfdarı idi və bu proses 2012-ci ildə tamamlandı. Amma Rusiya beynəlxalq hüquqa zidd olaraq Ukrayna ərazisinə soxulduqdan sonra Avropa İttifaqı Rusiya ilə ikitərəfli münasibətləri yenidən nəzərdən keçirdi və nəticədə Aİ, Rusiya ilə müntəzəm olaraq təşkil etdiyi zirvə görüşlərini (Sammit), visa məsələləri ilə bağlı dialoqu, habelə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini (Partnership and Cooperation Agreement) yeni bir ikitərəfli sazişə keçirmək üzərində başlanan danışıqları dayandırdı. 2014-cü ilin avqustundan bu yana isə Rusiya, Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara qarşı qida təhlüksəziliyi standartlarını pozduğunu iddia edərək kənd təsərrüfatı məhsulları, xammal və ərzaq mallarına qarşı sanksiya tətbiq etməyə başlayıb. 2016 Avropa İttifaqı Qlobal Təhlükəsizlik Strategiyası Rusiya ilə münasibətləri əsas strateji problem olaraq müəyyən edir. Həmin ilin martında isə Avropa İttifaqı Şurası, Avropa İttifaqının Rusiya ilə münasibətlərində 5 əsas (1. Minsk razılaşmasının Şərqi Ukraynada yerinə yetirilməsi; 2. Avropa İttifaqının Şərq Tərəfdaşları və qonşuları, o cümlədən də Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirilmiş əlaqələr; 3. Avropa İttifaqının enerji təhlükəsizliyi, hibrid müharibəsinə və strateji kommunikasiyalar sahəsindəki dayanıqlığının gücləndirilməsi; 5. Xalqlar arasında əlaqə və Rusiya vətəndaş cəmiyyətinə dəstək vermək) prinsipin tətbiq olunmasını təsdiq edir. Bundan başqa, Avropa İttifaqı 2020-ci ilin dekabrından Rusiyadan olan 177 fərdin və 48 müəssisənin Avropadakı aktivləini dondurub və onlara səfər qadağası tətbiq edib. Həmin ilin oktyabr ayında, lakin fərqli bir AB qanuni əsasında – kimyəvi silah sanksiya rejiminə əsaslanaraq – altı rusiyalı şəxs və bir müəssisə avqust ayında Navalniyə qarşı sui-qəsd cəhdinə görə səyahət qadağası və aktivlərin dondurulması sanksiyasına əlavə edildi. 4 fevral 2021-ci il tarixində Avropa İttifaqının Ali nümayəndəsi Josep Borrelin Moskvaya bir günlük rəsmi səfəri zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrovla keçirdiyi brifinqdən avropalı diplomatların qovulması haqda verilən qərar isə Rusiyanın növbəti dəfə öz aqressiv siyasətini cilovlaya bilməməsindən irəli gələn qərar idi. Bu, həm də Rusiyanın heç bir halda etibarlı tərəfdaş olmadığını əyani olaraq göstərdi. Bu hadisədən sonra Avropa İttifaqı Rusiyaya qarşı tətbiq oluna biləcək yeni sanksiyalarla bağlı məsləhətləçmələrə başlayıb. Belə bir məqamda isə dünən Sergey Lavrovun ‘’Rusiya, Avropa İttifaqı ilə bütün bağları kəsməyə hazırdır’’ deməsi Rusiyanın gələcəklə bağlı heç bir ciddi iqtisadi strategiyasının olmadığını göstərir. Görünür ki, Rusiya hələ də neft və qaz eyforiyasına uyaraq bəzi Avropa dövlətlərinin, xüsusilə də Almaniyanın son illərdə onlarla bu sahədə bağladığı milyardlarla neft-qaz sazişlərinin transındadır. Daha doğrusu, öz hikkəsinə sığınaraq qarşıdakı illərdə onu gözləyən dərin iqtisadi böhran haqqında düşünmək belə istəmir. Yeri gəlmişkən, Avropa Komissiyası sürətlə ‘’Green Deal’’ strategiyasının həyata keçirilməsinə başlayıb. Belə ki, 2030-cu ilə qədər Avropanın əksər dizel və benzinlə işləyən avtomobil istehsalçısı olan iri şirkətləri öz işlərini dayandırmalı olacaqlar. Paralel olaraq da alternativ enerji mənbələrindən istifadəyə keçiləcək. Alternativ enerjinin ənənəvi enerjini sıxışdırdığı və buna görə də neft-qaz şirkətlərini milyardlarla zərərə saldığı bir dövrdə çaşqınlıq içində olan şirkətlər gələcəyə doğru strategiyalarını dəyişmək məcburiyyətindədirlər. Məsələn, BP şirkəti 2030-cu ilə qədər olan strategiyasını açıqlayaraq investisiyalarını neft-qaza yox, alternativ enerjiyə yönəldəcəklərini bildiriblər. Shell də analoji addımları atır. Total şirkəti isə bir qədər irəli gedərək bərpaolunan enerji mənbələri üzrə dünya lideri olmağı qarşısına məqsəd qoyub. 2030-cu ilə qədər satışda neftin payını 55%-dən 30%-ə endirməyi planlayır.