Nəhayət ki, Baydenin gəlişi ilə Rusiya və ABŞ arasında gözlənilən geosiyasi savaş başladı. Prezident Bayden, Rusiyanın əməllərinə ölkəsinin təslimçi mövqedən yanaşdığı zamanların geridə qaldığını bildirib. O, Putin hakimiyyətinin ABŞ-a qarşı kiber hücumlarına, öz rəqibini zəhərləməsinə və rus xalqının sərbəst toplaşmaq azadlığını boğmasına adekvat cavab veriləcəyini deyib. Baydenin bu, çıxışından aydın görünür ki, Rusiya və Qərb arasındakı soyuq münasibətlərin, açıq qarşıdurma səviyyəsinə qədər kəskinləşəcəyi gözlənilir. Və ABŞ bu, qarşıdurmada, təkcə Putin hakimiyyətinin işğalçı siyasətini, beynəlxalq təhlükəsizliklə bağlı yaratdığı problemləri deyil, həm də Rusiyanın də öz daxilindəki demokratiya ilə bağlı məsələləri qabardacaq. Aydın görünür ki, Putinin Qərblə qarşıdurmada ənənəvi istinadgahı sayılan “Böyük Rusiya” tezisi, artıq öz dəyərini itirib. Bu tezis ətrafında indi rus cəmiyyətini səfərbər etmək, daxili problemlərdən diqqəti yayındırmaq və Putin avtoritarizmini legitimləşdirmək mümkün deyil. “Oğru Putin” ifadəsi, indi Rus xalqının mövcud rejimə münasibətini ifadə edir. Belə bir vəziyyətdə, ABŞ – n sanksiya və təzyiqləri qarşısında Putin rus cəmiyyətinin dəstəyini almaq imkanlarını itirib. Əksinə, indi Rus xalqı korrupsioner və avtoritar Putin hakimiyyətinə qarşı mübarizədə Qərbi özünə daha yaxın müttəfiq kimi görəcək. Bu səbəbdən də Putinin nəhəng təbliğat arsenalı, indi çox gücsüz görünür. Rusiya müxalifətinin lideri hesab olunan Navalnının azadlığını, rus xalqının siyasi hüquqlarını tələb edən Qərbi, bundan sonra xalqa düşmən kimi sırımaq mümkün deyil. Çünki xalq təhlükənin və problemin ölkə daxilində, hakimiyyət başındakı oğrudan qaynaqlandığını artıq yaxşı bilir. Putin Rusiyası təkcə öz içindən deyil, həm də işğal etdiyi qonşu xalqların da qəzəb və etirazı ilə əhatə olunub. Bu ölkələr Rusiyaya qarşı Qərbin təbii müttəfiqləri hesab olunurlar. Xüsusilə, Ukraynada Rusiya işğalına qarşı Qərbin dəstəyi ilə hərbi revanşın olacağı gözlənilir. Bu günlərdə Ukrayna prezidenti Zelenskinin Rusiyapərəst tv kanallarını bağlaması, əslində, bu prosesin siyasi ideoloji hazırlıq fazası hesab oluna bilər. Digər tərəfdən isə unutmaq lazım deyil ki, Rusiyanın, Suriya və Liviyada ona qarşı təşəbbüsü ələ almaq üçün fürsət gözləyən Türkiyəni Dağlıq Qarabağda oyundan kənar buraxması, iki ölkə arasındakı kövrək anlaşmanı təhlükə altında qoyub. Bu üzdən də Türkiyənin NATO üzvü kimi, sahədə Rusiyanı sıxışdırmaq missiyası alacağı gün də uzaqda deyil. İndiki halda Türkiyədən başqa bu işin öhdəsindən gələ biləcək ikinci bir oyunçu yoxdur. Bu baxımdan Qərb və Rusiya arasındakı qarşıdurma Türkiyənin hərbi strateji önəmini artıraraq, regional güc mərkəzi kimi gücləndirəcək. Görünən odur ki, Putin iki cəbhədə – daxildə xalq, xaricdə isə Qərblə ağılsız qarşıdurmaya gedərək, öz siyasi sonluğunu ciddi təhlükəyə atır. AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı Neqativ.com