Uyğurlara Çində necə zülm edilir



2019-cu ildə Çindən sürgün edilmiş uyğur aktivistlərin əməyi sayəsində Çin hökumətinə məxsus onlarla sənəd mediaya sızdırılmışdı. Sənədlər Çin hökumətinin Sintzyan muxtar vilayətində yaşayan insanlara aid hazırladığı hesabatlar idi. Həmin hadisə nəticəsində bütün dünya bildi ki, hökumət hər bir uyğur haqqında – gündəlik fəaliyyətləri, işləri, dini fəaliyyətləri, qonşuları, dövlət qurumları ilə əməkdaşlıq səviyyələri, etibarlılıqları və digər çox uzun siyahıdan ibarət məlumatları mütəmadi olaraq toplayır və qeydə alır.
Çin sözügedən bölgənin əsas sakinləri olan uyğur türklərinə qarşı həyata keçirdiyi kütləvi “deradikallaşdırma” proqramının potensial ekstremistləri hədəf aldığını iddia edir. Ancaq gerçəkliyi bir qrup ekspert tərəfindən təsdiqlənən bu sənədlər göstərdi ki, insanlar sadəcə hicab geydiklərinə və ya uzun saqqalları olduğuna görə belə toplama kamplarına göndərilə bilər.
İstanbulda yaşayan Rozinsa Mamattohti adlı uyğur hadisədən sonra CNN-ə müsahibə verərkən öz ailəsi haqqında ən xırda detallara qədər məlumatları, sızdırılmış sənədlər arasında tapandan sonra bir neçə gün yata və yemək yeyə bilməyib. Onun 34 yaşında bacısı isə “ailə planlama siyasətini” pozduğuna, başqa sözlə icazə veriləndən daha çox uşaq sahibi olduğuna görə həbsə atılıb. Ancaq CNN bildirir ki, bütöv Çində bu səbəbdən insanların həbsə atılması çox nadir haldır.
2016-cı ildən bəri Çin hökumətinin uyğur vətəndaşlarını saxlamaq üçün nəhəng, gücləndirilmiş mərkəzlər inşa etdiyinə dair ardıcıl sübutlar ortaya çıxır. ABŞ Dövlət Departamentinin təxminlərinə görə, bu vaxta qədər 2 milyona yaxın adam həmin düşərgələrə göndərilib.
Həmin düşərgələrdə olub çıxmış şəxslər orada məcburi olaraq Mandarin dilinin öyrədildiyini, Kommunist Partiyasının təbliğ edildiyini, normadan çox insanın yerləşdirildiyi kameralarda saxladıqlarını və şiddətə məruz qaldıqlarını bildirirlər.
Ələ keçirilmiş sənədlərə əsasən ekspertlər bildirir ki, Çin hökuməti bir şəxs haqqında qərar verərkən üç çevrəni nəzərdən keçirir: ailə, sosial və dini çevrələr. Məsələn elə həmin sənədlərdəki bir nümunəni nəzərdən keçirək: Ailə başçısı qanunsuz şəkildə xaricə getdiyinə və ailə planlama siyasətinin şərtlərini pozduğuna görə saxlanıb. Ondan sonra onun yoldaşı da “potensial risk” kimi qiymətləndirilib və saxlanıb. Böyük uşağı orta məktəbdə, kiçik isə baxçada oxuyur. Çevrəni bir qədər də genişləndirəndə görürük ki, qonşularından biri terrorizmi müdafiə etmə (14 il), biri terrorizmi təşviq etmə (6 il), digəri isə ictimai asayişi təhdid etmə (5.5 il) adı ilə həbsə atılıb. Çevrəni daha da genişləndirib dini fəaliyyətlərinə dair qeydlərə baxırıq. Həmin şəxs dörd tədbirdə iştirak edib. Cümə günü məscidə gedib, festivala, toy mərasiminə və dəfnə qatılıb. Digər tərəfdən onun haqqında sənəddə yazılır ki, bəzən dua etdiyi müşahidə edilib. Son olaraq isə dini biliklərini atasından öyrəndiyi qeyd edilir.
Beləliklə, bütün bu məlumatlar əsasında qərar verilib: “Fikirlərinin dəyişməsi ideal vəziyyətdə deyil, ona görə də təlimlərə (red – söhbət toplama düşərgəsindən gedir) davam etməsi tövsiyə edilir” .
Ardı var…
Yazı İqnoramus fb səhifəsindən götürülüb.
Tarix: 22-01-2021, 08:31
Xəbəri paylaş



Xəbər lenti