Ölmədik, bu günü də gördük: Baxın, kim Putini xəyanətdə ittiham edir


Ölmədik, bu günü də gördük: Baxın, kim Putini xəyanətdə ittiham edir
Bəzilərinin axmaqlığı və kobudluğu fonunda bəzilərinin susmasına nə ad verəsən...?
 
Erməni əsilli rus rejissor Sarik Andreasyan Qarabağdakı müharibənin ilk günündən açıq şəkildə Ermənistanı dəstəklədi. Demək olar ki, hər gün bu mövzuda sosial şəbəkələrdə yazılar yazdı və yazmaqda davam edir. Bir neçə gün əvvəl isə o, Rusiya Prezidenti Vladimir Putinə açıq bir məktub ünvanladı. Məktub xəyal qırıqlığı, həyata keçməyən arzular, ümidlər və tənqidlərlə doludur.
 
“Mən Rusiyaya köçəndə və bu qiymətləndirilməyən rejissor peşəsini öyrənməyə başladığım zaman siz artıq Prezident Vladimir Vladimiroviç idiniz. Putinin dövründə Rusiyaya gəldim, Putinin dövründə oxudum, kasıblığımı da Putinin dövründə yaşadım, müvəffəqiyyətlərimi də. Bütün enişlərim, yoxuşlarım, sevincim və ağrılarım da Putinin dövrünə təsadüf edirdi. Mən hər zaman Prezidentimi dəstəkləmişəm və ətrafımda bunu təkzib edəcək insanlar və faktlar olanda da onun ədalətinə, nəcibliyinə və obyektivliyinə inanmışam”, - deyə, proyektlərinin çoxunun uğursuzluğu ilə ad çıxaran rejissor yazır.
Дожили: Сарик Андреасян обвинил Владимира Путина в предательстве -  ZERKALO.AZ - Новости Азербайджана и мира.
Film tənqidçiləri qeyd edirlər ki, Andreasyanın komediyalarının əksəriyyəti ədəbsiz və olduqca zövqsüz bir yumorla yanaşı, orta səviyyəli aktyorluq, çox sayda reklam və keyfiyyətsiz ssenarilərlə seçilir. Gördüyümüz kimi, Putinə müraciətində də bütün bu deyilənlərin təzahürü çox idi. Belə məktubu oxuyanda, adamı sadəcə gülmək tutur və “Dartanyan və üç muşketyor” filmində baqqal Bonasyenin sözlərini xatırlayırsan: “Mənim bircə sözüm Fransanı xilas etdi! Baqqal və kardinal – böyük gücdür!”
 
Ancaq bu, heç də Andreasyanın məktubunda yer alan sərsəmləmələrin hamısı deyil. Rusiyada gedən proseslərə təsirinin olmasına özü-özünü inandıran uğursuz rejissor, Rusiya Federasiyası Prezidentinin alicənablığının və obyektivliyinin olmamasını göstərəcək faktların olduğuna eyham vurmaqla, elə bir cəfəngiyyat söyləməyə başladı ki, bu yerdə doğrudan da həkim-narkoloq çağırmağın vaxtıdır. Məsələ onda deyil ki, əlində olan hər şeyi Ermənistanda deyil, Rusiyada qazanan Andreasyan hesab edir ki, sən demə, Qarabağda baş verənlərə biganəliyi ilə Putin məktub müəllifinə xəyanət edir. Və sonra məlum olur ki, təkcə ona yox...
 
“Siz, həmçinin Böyük Vətən Müharibəsi illərində həyatını verən iki ulu babama və altı yüz min erməniyə xəyanət edirsiniz, Ermənistan və Artsaxın verdiyi Sovet İttifaqının marşallarına və bəstəkarlar, siyasətçilər, yazıçılar, idmançılar, rejissorlar, sənətçilər və Rusiya uğrunda yaşamış və yaşayan, həyatını verən digər görkəmli şəxsiyyətlərə xəyanət edirsiniz. Rusiyada yaşayan üç milyon erməni inanır ki, siz Ermənistandan bir vaxtlar Vladimir İliçin etdiyi kimi bazarlıq vasitəsi kimi istifadə etməyəcəksiniz! Yüz illər sonra, yer üzündə son xristian yox olanda, ümid edirəm ki, iqtidarda olanlar xalqlarımızın bəxş etdiyi təməllərin, ənənələrin və sevginin puldan və neftdən çox daha vacib olduğunu başa düşəcəklər. Sizə inandığımız üçün üzr istəyirik! Təşəkkürlər! Hörmətlə, sizin Sarik Andreasyan”, - uğursuz rejissor Andreasyan məktubunu belə bitirir.
 
Rejissorun Qay Yuli Sezar, Aristotel, Aristofan, Herodot, Homer və digər qədim mütəfəkkirləri xatırlamaması, onları Rusiya Federasiyası Prezidentinə məktub yazarkən haqlı olmasına şahidlik etməyə çağırmaması təəccüblüdür. Müəllifin “məntiqi” çox qəribədir. Bu məntiqi əsas götürsək, belə çıxır ki, sadalanan bütün erməni bəstəkarlar, marşallar, yazıçılar və idmançılar, Rusiya Prezidentinin Azərbaycanın ərazilərinin beşdə birini Ermənistan tərəfindən işğalına dəstək verəcəyi xəyalı ilə yaşayıblar və yaşayırlar.
 
Yəni, Putinin beynəlxalq hüquqa, Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına, BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarına tüpürməsinə çağırış edilir. Nə üçün? “DQR”-in özünü tanımağa cəsarət etməyən Ermənistanı dəstəkləmək üçün? Rusiyada yaşayan üç milyon da daxil olmaqla, bütün ölən və yaşayan ermənilərin arzularını reallaşdırmaq üçün? Üstəlik, bu tələb, Rusiya Prezidenti üçün xristian dəyərlərinin puldan və neftdən daha az məna kəsb etməsinə dair eyhamları ehtiva edən təhqiramiz və kobud bir şəkildə ifadə edilir.
 
Qeyd edim ki, bu məktub Ara Abramyanın rəhbərlik etdiyi Rusiya Ermənilər Birliyinin (SAR) saytında dərc edilib. O Abramyanın ki, nadir hallarda Rusiya dövlətinin başçısını görəndə yazıq bir hal alır. Buna baxmayaraq, Andreasyanın məktubu SAR-ın vebsaytında yer alır və bu, o deməkdir ki, təşkilat və Abramyan şəxsən uğursuz rejissorun dediyi hər şeylə razıdır.
 
Nə demək olar? Qarşımızda paralel bir dünyada gözəl bir yaşayış nümunəsi var. Andreasyan və haqqında danışdığı üç milyon Rusiya ermənisi Rusiya Prezidentini onların maraqlarına satqın çıxmaqda ittiham edirlər. Vladimir Vladimiroviçin Ermənistanın deyil, Rusiya Federasiyasının rəhbəri olması isə burada sanki unudulur. Həm də unudulur ki, Rusiya Federasiyasının özünün milli və siyasi maraqları var və bu maraqlar onun forpostunun Qafqazdakı maraqları ilə üst-üstə düşməyə bilər. Erməni əsilli bir rus rejissor, Putini separatizmə dəstək olmağa, rus gənclərini qızğın döyüşlərə ataraq, Azərbaycana qarşı müharibəyə başlamağa çağırır. Bu zaman isə Andreasyan və onun kimi ermənilər Rusiya Federasiyasında komfortlu yaşayaraq, münaqişə ocağına yağ tökəcəklər.
Erməni əsgərin meyiti tapıldı - Postda müəmmalı hadisə - xeberler
Bu mövqe yalnız iyrənc, axmaq və kinayəli deyil. Əslində, bu mövqe Rusiya Federasiyasında yaşayan bütün millətlərin nümayəndələri üçün təhqirdir. Axı onları faktiki olaraq, bütün dünya tərəfindən işğalçı bir ölkə kimi tanınan başqa bir dövlətin mənafeləri uğrunda mübarizəyə, ölməyə çağrırırlar.
 
Ancaq Andreasyanın və onun kimi düşünən Rusiya ermənilərinin təkəbbürünə heyrətlənməklə yanaşı, bir mövzuya da toxunmaq istəyirəm. Axı, Rusiyada yalnız ermənilər deyil, azərbaycanlılar da yaşayırlar. Onların sıralarında bir çox tanınmışlar və varlılar var. Onların hamısının səsini eşidə bilirikmi? Təəssüf ki, yox. Əlbəttə ki, bu çətin məqamda ölkəmizi açıq şəkildə dəstəklədikləri üçün Emin Ağalarova və bir çox başqa məşhur azərbaycanlılara minnətdarıq. Ancaq təəssüf ki, həmyerlilərimiz arasında susmağı üstün tutan böyük bir “səssizlər ordusu” da var. Bunlara, məsələn, “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov daxildir. Heç vaxt açıq şəkildə Azərbaycanı dəstəkləməyib. Baxmayaraq ki, bunu, hətta müsahibələrinin birində Ermənistanı qınamadan da edə bilərdi. Baxın, Sankt-Peterburqdakı “Qazprom” qülləsi bir neçə gün əvvəl Azərbaycan bayrağının rənglərinə boyanmışdı. Deməli...
 
Daha irəli gedək. Kinorejissor Murad İbrahimbəyov Rusiya Federasiyasında yaşayır və işləyir. O, tez-tez Bakıya gəlir və təbii ki, Qarabağdakı müharibə, Gəncə və Bərdənin bombalanması barədə məlumatı olmaya bilməz. Ancaq Qarabağda müharibənin başlanmasından bəri heç vaxt bu məsələ barədə öz fikrini publik şəkildə ifadə etməyib.
 
NTV-nin baş prodüseri, bir vaxtlar “Bakılı oğlanlar”ın tanınmış simalarından olan Timur Vanşteyn də susur. Marqo Simonyanla dost olan, çoxdan KVN-də lağ obyektinə çevrilən televiziya aparıcısı İradə Zeynalovadan isə heç danışmağa dəyməz. Ölkəmizdə heç kim ondan dəstək gözləmir. Nəzəri olaraq, teleaparıcı Nailə Əsgərzadə də bir şey deyə bilərdi. Ancaq gördüyümüz kimi, praktik olaraq, o da susur.
 
Sovet dövlət xadimi, diplomat və jurnalist Ənvər Məmmədov da eyni şəkildə davranır. 1962-1985-ci illərdə SSRİ Dövlət Televiziya və Radio Yayımları Şirkəti sədrinin birinci müavini vəzifəsində çalışıb. Hazırda “RİA Novosti”-nin baş redaktorunun məsləhətçisidir. Bu insanın əlaqələri və imkanları olduqca böyükdür. Rusiya Federasiyasındakı nüfuzu da böyükdür. Ancaq Qarabağdakı müharibə haqqında heç vaxt heç nə deməyib - nə indi, nə də əvvəllər.
 
Əvvəllər çox danışan Azərbaycan mənşəli rus milyonçuları da susurlar. Əvvəllər Qarabağ qazilərinə mənzillərin paylanmasını fəal şəkildə təbliğ edən Füzuli Məmmədov (Frenk Elkaponi) də indi ağzına su alıb. Azərbaycanın Vətən müharibəsi apardığına dair açıq fikirləri yoxdur.
 
Susanlar sırasına regional miqyasda daha kiçik fiqurlar da qoşulub. Bunlar arasında Volqoqrad Regional Dumasının deputatı, “Lukoil”-in keçmiş vitse-prezidentinin oğlu Ruslan Şərifovu da qeyd edəcəyəm. 50 illik həyatının çoxunu atasının “Lukoil” şirkətinin strukturlarında çalışdı, çox qısa bir müddət Volqoqradın birinci vitse-meri oldu, 2004-cü ildən bəri (fasilələrlə) regional dumada oturur. “Facebook” səhifəsində mütəmadi olaraq özünün fotolarını yerləşdirir - fərqli poza və rakruslarda, tez-tez qolf ağacı ilə. Qarabağdakı müharibə haqqında, Azərbaycan şəhərlərinin, mülki əhalisinin bombardman edilməsi barədə heç nə yazmadı, heç nə paylaşmadı.
 
Dediklərim kimlərinsə xoşuna gəlməsə belə, bütün bunlar reallıqlardır - bəzilərinin axmaqlığı və kobudluğu fonunda bəzilərinin susması. Ancaq Rusiya azərbaycanlıları öz sözlərini deyə bilərdilər: ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə, Rusiya ermənilərinin istədiyi kimi, Ermənistan tərəfində müharibəyə girmədiyi üçün Rusiya Federasiyası Prezidentinə öz minnətdarlıqlarını bildirə bilərdilər. Ancaq bunların hamısı nəzəriyyədir. Əlbəttə, misal göstərdiyim şəxslərin hamısı susmaq hüququna malikdir. Ancaq Azərbaycanın da onlarla müvafiq qaydada rəftar etmək hüququ var.
Tarix: 4-11-2020, 16:48
Xəbəri paylaş



Xəbər lenti