Ötən həftə "
DoğruXeber.az" saytı olaraq Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Mədən küçəsi və ətraf ərazilərdə aparılan qanunsuz tikintilərlə bağlı yayımladığımız görüntülər geniş rezonans doğurdu. Amma görünən odur ki, Binəqədi rəhbərliyi üçün bu, nə “siqnal”, nə də “utanc” oldu. Əksinə, sanki yeni motivasiya verdik – bu dəfə Biləcəri, Sulutəpə və Xocəsən qəsəbələrində eyni ssenari, eyni qanunsuzluq, eyni “toxunulmaz himayə”.
Əgər Bakının hansısa küçəsində, hansısa boş torpaq sahəsində gözlənilmədən hasar çəkilirsə, bilin ki, bu bir vətəndaş təşəbbüsü deyil. Bu, icazəsiz, sənədsiz, amma “yuxarılardan razılıqlı” tikintidir. Binəqədi rayonunda bu prosesə icazə verən ilk şəxs Elxan Allahverdiyevdir. Onun bir pillə üstündə Eldar Əzizov dayanır. Onun da bir neçə qapı o tərəfində Cəbrayıl Xanlarov və Anar Quliyev var. Və onların hamısı “bilmirik, eşitməmişik” deyir. Amma bu qədər çəkilmiş videolar, yayılan faktlar sanki havaya danışır.
Son günlər yayılan görüntülərdə bu dəfə Hüsü Hacıyev küçəsində və daha iki fərqli ünvanda qanunsuz tikintilər meydan sulayır. Təsəvvür edin – dövlətin gözü qarşısında, bütün qaydaların pozulduğu bir prosesdə heç kim “dur” demir. Çünki bu, hansısa sahibkarın, vətəndaşın cəhdi deyil. Bu, rüşvətlə yağlanmış sistemin planlı nəticəsidir.
VİDEO: https://t.me/olke_ve_dunya_gundemi/21948
VİDEO: https://t.me/olke_ve_dunya_gundemi/21949
Deyilənə görə, Eldar Əzizov da vəziyyətdən xəbərdardır. Və xəbərdar olaraq da qalır. Çünki bu sistemdə susmaq razılıqdır, göz yummaq imzadır. Bu qanunsuzluqlara hansı qanun icazə verir? Heç biri. Amma görünür, bəzi məmurlar üçün qanundan üstün “zəng hüququ” mövcuddur.
Ən “parlaq” nümunə isə ARXKOM rəhbəri Anar Quliyevdir. Deyilənə görə, bu şəxs Ekologiya və Təbii Sərvətlər naziri postuna hazırlaşır. Möhtəşəm ironiya! İllərlə yaşıllıqların məhv edilməsinə göz yuman, Bakının ağaclarını betonla əvəzləyən adam indi ekologiyamızı qorumağa gedir. Elə bil meşəni yandıranı gətirib meşəbəyi təyin edirlər. Sabah bu adam eko-nazir olsa, yəqin ağacların kökünü kəsmək üçün yeni fərmanlar da imzalayar.
Əgər bu gün Binəqədidə ağaclar kəsilib yerində binə tikilirsə, bu, Anar Quliyevin səssiz imzasıdır. Əgər bu tikintilər tikilirsə, bu, Elxan Allahverdiyevin səmimi razılığı, Eldar Əzizovun isə “maraqlı susqunluğu”dur.
Ortada bir fakt var: ölkənin tikinti ilə bağlı qanunvericiliyi bu adını çəkdiyimiz şəxslərin ayaqları altında əzilir. Əzilir, tapdanır, yox sayılır. Sənəd, icazə, tikinti normaları, ekoloji təsir qiymətləndirilməsi – bunlar yalnız sadə vətəndaşa aiddir. Elxan Allahverdiyev, Eldar Əzizov, Cəbrayıl Xanlarov, Anar Quliyev, Mətin Eynullayev və digərləri üçün isə qanun rüşvət müqabilində əriyən kağız parçasıdır.
"DoğruXeber.az" olaraq məsələni diqqətdə saxlayırıq. Bu cür qanunsuzluqların arxasında duran maraq qruplarını, “toxunulmaz” tikinti işbazlarını və məmur oliqarxiyasını ifşa edən növbəti materiallarımız da gəlir.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az