Hesablama Palatasının Sabirabad və Salyandakı qış otlaqlarında aşkar etdiyi nöqsanların “Akkord”ASC ilə nə kimi bağlılığı var

Hesablama Palatasının Sabirabad və Salyandakı qış otlaqlarında aşkar etdiyi nöqsanların “Akkord”ASC ilə nə kimi bağlılığı var
Tikilməkdə olan Obyektlərinin Müdiriyyəti Publik Hüquqi Şəxsi Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tətbirlərin aparılması (Sabirabad rayonu) məqsədilə Kür çayı üzərində üzən nasos stansiyasının və suqəbuledici qurğunun tikintisi üzrə “ENSOL” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2.401.843,48 manat məbləğində müqavilə bağlayıb. Məlumat satınalmaların portalında 27.11.2024-cü ildə dərc edilib.
Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə tabeli Tikilməkdə olan Obyektlərinin Müdiriyyəti son aylarda belə, milyonlarla manat dəyəri olan satınalma keçirib və müqavilələr bağlayıb. Buna təsərrüfatların su təminatı məsələlərinin vaxtında və effektiv şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə Prezident İlham Əliyevin verdiyi Sərəncamdan sonra başlanılıb.
Bu arada isə Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar etdiyi barədə məlumat yayıb. Məlumata görə Palatanın 2024-cü il üzrə İş planına uyğun olaraq Kür-Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqredasiyasına qarşı mübarizə üzrə fəaliyyətin audutu çərçivəsində həyata keçirilən tədbirlərin səmərəliliyi və nəticəliliyinin, kollektor-drenaj sistemində yığılan suların idarə edilməsi fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilmişdir.
Qiymətləndirmələrlə audit obyekti tərəfindən Kür-Araz ovalığında kollektor-drenaj şəbəkəsinin fəaliyyəti ilə bağlı müvafiq tədbirlərin həyata keçirildiyi müəyyən edilsə də, aşağıdakı nəticələr də əldə olunmuşdur:

Son illərdə qlobal səviyyədə problemlərin yaranmasına səbəb olan iqlim dəyişikliklərinin təsirini azaltmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə təsdiq edilmiş mühüm strateji sənədlərdə su ehtiyatlarının formalaşması ilə bağlı mövcud vəziyyət, torpaqların deqradasiyasına qarşı mübarizə, eləcə də su resurslarının idarə edilməsi tədbirləri, kollektor-drenaj sisteminin fəaliyyəti ilə bağlı məsələlər öz əksini tapmış və su qıtlığı şəraitində su ehtiyatlarının düzgün idarə edilməsi ilə həmin ehtiyatlardan səmərəli istifadə olunması, torpaqların şorlaşması səbəbindən deqradasiyaya uğraması kimi məsələlər və həyata keçirilməli olan müvafiq tədbirlər nəzərdə tutulsa da və suvarılan torpaqlarda şorlaşma səviyyəsi azalsa da, həmin tədbirlərin qismən icra edilməsinin də təsiri ilə Kür-Araz ovalığında ümumilikdə zəif, orta və güclü dərəcədə şorlaşmış torpaq sahələrinin xüsusi çəkisi respublika üzrə 2019-cu ildəki, müvafiq olaraq, 29,2%, 24,2% və 24,1% göstəricilərindən, 2024-cü ildəki, müvafiq olaraq, 34,1%, 29,1% və 24,4% göstəricilərinədək artmışdır. Belə vəziyyət qeyd edilən istiqamətlərdə mövcud problemlərin hələ də aktual olduğunu göstərmişdir.

“Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi (Sabirabad rayonu üzrə II mərhələ)” layihəsi çərçivəsində 15950 ha sahədə suvarma və dren-kollektor şəbəkələri qurulsa da, həmin ərazinin böyük massivlərində heç bir əkin aparılmamış, həyata keçirilmiş əkinlər isə, torpaq yuma işlərinin həyata keçirilməməsinin də təsiri ilə, seyrək olmuş, qeyd edilənlər görülmüş işlərin və sərf olunmuş vəsaitlərin qənaətbəxş nəticələr vermədiyini göstərmişdir.

Layihə çərçivəsində suvarma suyunun Kür çayından kanala vurulmasına xidmət edən nasos stansiyasının su qəbuledicisinin Kür çayının kritik səviyyəsinə adekvat olmayaraq nisbətən yuxarı hissədə yerləşməsi çayın səviyyəsinin düşdüyü hallarda nasos stansiyasının davamlı fəaliyyət göstərə bilməməsi risklərini və əlavə xərc potensialını yaratmış, ərazidəki drenaj nasos stansiyasının işlək vəziyyətdə olmaması yığıcı kalektorlarda toplanan dren sularının səviyyəsinin qalxmasına və şor suların təkrar əkin sahələrinə sızmasına səbəb olmuşdur.

Bu arada xatırlatmaq istərdik ki, Prezident İlham Əliyev hələ 2020-ci ilin iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə bildirmişdi ki, “Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır. Ona görə mən bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyəm. Aidiyyəti qurumlara göstərişlər verilib. Ciddi nəzarət mexanizmi olmalıdır. İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa Azərsudan, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur.”

Göründüyü kimi Prezident İlham Əliyev hələ 2020-ci ildə indiki Tikilməkdə olan Obyektlərinin Müdiriyyəti, o vaxtkı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin həyata keçirdiyi layihələrin səmərəsiz olduğunu bildirmişdi.

Qeyd edək ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti “Sabirabad və Salyan rayonlarındakı qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi” (Sabirabad rayonu üzrə II mərhələ) üzrə “Akkord STİK” ASC ilə 27.887.824,39 manat məbləğində satınalma müqaviləsini 24.12.2020-ci ildə bağlamışdı. Sözügedən müqavilə üzrə işlər 28.02.2022-ci ildə başa çatmalı idi.

Bəs necə oldu ki, iki il əvvəl 28 milyon manata yaxın vəsait ayrılan layihəyə iki milyon yarım manat yenidən ayrılır? Çünki, əvvəl ayrılmış milyanların hamısı təyinatı üzrə xərclənməyib. Hesablama Palatasının da açıqladığı kimi, layihə çərçivəsində 15950 ha sahədə suvarma və dren-kollektor şəbəkələri qurulsa da, həmin ərazinin böyük massivlərində heç bir əkin aparılmamış, torpaq yuma işlərinin həyata keçirilməməsinin də təsiri ilə görülmüş işlərin və sərf olunmuş vəsaitlərin qənaətbəxş nəticələr vermədiyini göstərmişdir.

Qeyd edək ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin Ramiz Vəkilov olub. O, bu quruma 25 ildən çox rəhbərlik edib. Onun rəhbərlik etdiyi dövrdə, respublika ərazisində, meliorasiya, iriqasiya və suvarma sistemlərinin fəaliyyətini yaxşılaşdırılması məqsədi ilə son illər yüz milyonlarla manat dövlət vəsaitləri ayrılıb. Lakin qurumun gördüyü işlərin səmərəli olmadığını Prezident İlham Əliyev də 2020-ci ilin iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə açıqlamışdı.

Struktur islahatlrı aparıldıqdan sonra Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətin yeni direktoru Məmmədov Samir Teymur oğludur. Ramiz Vəkilov onun yanında baş məsləhətçidi.

Aktualinfo.org
Tarix: 24-12-2024, 09:56
Xəbəri paylaş



Xəbər lenti