Sabirabadda daxmada yaşayan ailə - Fotolar


Sabirabadda daxmada yaşayan ailə
“2 ildir ki, uçuq və heç bir şəraiti olmayan daxmada yaşayırıq. 5 nəfərdən ibarət ailəmizdə heç kəs işləmir. Anam xəstədir, körpə uşağım var, atam və özüm iş tapa bilmirik. Evimiz elə vəziyyətdədir ki, yağış yağanda suyun içərisində oluruq”.
Bu şikayətlə “Qafqazinfo”ya Sabirabad rayonunun Qəzli kənd sakini Şirxan Əkbərov müraciət edib. Onun sözlərinə görə hazırda yaşadıqları daxma əvvəllər heyvan saxlanması üçün nəzərdə tutulub:
“Əvvəllər baba evində yaşamışıq, sonra orada yer olmadığına görə həmin evdən çıxmalı olduq. Hazırda yaşadığımız daxma isə heyvan damı kimi tikilmişdi. Həyətdə ev də tikməyə başladıq, lakin 3 ildir ki, onu da tikib tamamlaya bilməmişik. Çünki atam 2 ildən çoxdur işsizdir. Mən Şamaxı Dövlət Regional Kollecini bitirmişəm, lakin heç bir iş tapa bilməmişəm. İndiyə qədər sosial yardım da almamışıq, artıq sənədlərimizi düzəldib göndərmişəm və söz veriblər ki, ona köməklik edəcəklər”.

Şikayətçi iddia edir ki, dəfələrlə Rayon İcra Hakimiyyətinə dözülməz şəraitdə yaşaması ilə bağlı müraciət etsə də, onlarla maraqlanan olmayıb: “Dəfələrlə Sabirabad RİH-yə müraciət etmişəm. Təxminən 20 gün əvvəl icra nümayəndəliyindən gəlib baxdılar, evimizin şəklini çəkdilər, hətta icra hakimiyyətinə də zəng edib betonun üstündə yatdığımızı, çətin şəraitdə yaşadığımızı dedilər. Lakin sonra cavab bu oldu ki, hazırda İcra Hakimiyyətinin balansında vəsait yoxdur. Olanda kömək olunacaq. Bəs o vaxta kimi biz nə edək, necə yaşayaq?”
Şikayətçi idman müəllimi ixtisası üzrə kollec təhsili olduğunu və MİQ imtahanlarında iştirak edərək 30 bal topladığını deyir. Ümid edir ki, məktəblərdə müvafiq yer olanda onu işə çağıracaqlar.
Problemlə bağlı Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovla əlaqə saxladıq. O, bildirdi ki, kənd icra nümayəndəliyinə məlumat veriləcək və ailəyə müəyyən qədər köməklik olunacaq: “Qəzli kənd sakinlərinin pay torpaqları var. Dövlət tərəfindən islahat zamanı sakinlərə bu torpaqlar ayrılıb. Ev tikintisi və təmiri üçün icra hakimiyyətinə vəsait ayrılmayıb. Yalnız 1834 ev tikilib ki, onlar da təbii fəlakət zamanı zərər çəkən ailələrə məxsusdur. Qəzli kəndi  su basan ərazidə olmayıb, orada evlər zərər çəkməyib, ona görə bu siyahıda yoxdur. Amma bu sakinlə bağlı kənd İcra Nümayəndəliyinə bildirərik, nə imkan varsa, köməklik olunar”.
Gülnar Əliyeva 







Tarix: 18-11-2021, 15:20
Xəbəri paylaş



Xəbər lenti