Azərbaycanda soyuq təhsil: məktəblərdə istilik niyə yoxdur? - Açıqlamalar




Noyabrın 15-də qış rejiminə keçid nəzərdə tutulsa da, ölkənin bir sıra məktəblərinin binaları hələ də istiliklə təmin olunmayıb.

Son illərdə təhsil müəssisələrində istilik təchizatı ilə bağlı böyük işlər görüldüyü bildirilsə də bu gün bəzi məktəblərdə şagirdlər istiliyin olmaması ucbatından sinifdə üst geyimi ilə oturmaq məcburiyyətindədir.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov Bakupost.az –a bildirib ki, hər il məktəblərə istiliyin verilməsi ilə bağlı müəyyən problemlər yaşanır. Bu problemi birdəfəlik həlli istiqamətində müvafiq addımlar atılmalıdır ki, hər il eyni vəziyyət təkrarlanmasın:



“Noyabrın 15-də istiliyin verilməsinə başlanılıb. Ancaq bəzi məktəblərdə istiliklə bağlı problem var. Son bir neçə gündür, havalar çox soyuq keçir. Belə soyuq havalarda istilik sistemi olmadan təhsilin davam etdirilməsi mümkün deyil. Bu məsələyə köklü şəkildə baxılmalıdır. “Azəristiliktəchizat” və Təhsil Nazirliyi bu məsələni qaldırmalıdır ki, problem öz həllini tapsın”.

Millət vəkili hesab edir ki, hər il noyabr ayının 1-dən məktəblərə istilik verilməsi təmin edilməlidir:

“Havaların soyuq keçməsi ilə əlaqədar məktəblərə vaxtından əvvəl istiliyin verilməsi ilə bağlı məsələ uzun illərdir ki müzakirə olunur. Ancaq hələ də məsələnin həlli istiqamətində müvafiq addımlar atılmayıb. Təhsil Nazirliyi təhsilə cavabdeh qurum kimi, “Azəristiliktəchizat” da verdiyi istiliyə görə bu məsələdə məsuliyyət daşıyır. Hər iki qurum bu məsələni qaldırmalı. Hər il eyni vəziyyətlə qarşılaşmamaq üçün məsələnin həlli istiqamətində konkret qərar qəbul edilməlidir. Hesab edirəm ki, ümumi havanı nəzərə alaraq hər il noyabr ayının 1-dən məktəblərə istiliyin verilməsi təmin edilməlidir”.

“Azəristilik” ASC-dən bildirilib ki, paytaxtdakı məktəblərin müəyyən faizinin istiliyi Təhsil Nazirliyi və Bakı Təhsil İdarəsinin tabeliyində olan qazanxanalar vasitəsilə təmin olunur. Digər qalan faizinə isə istilik ASC tərəfindən verilir. Hazırda ASC-nin nəzarətimizdə olan məktəblərdə istiliyin verilməsi ilə bağlı heç bir problem yoxdur.

Qeyd olunub ki, ASC tərəfindən istənilən qazanxananın parametrlərini izləmək üçün məsafədən, internet üzərindən nəzarət quraşdırılıb. Problem yarandığı təqdirdə ora baş çəkib müdaxilə etmək və yaranmış problemi aradan qaldırmaq mümkündür. Hər hansı məktəbdə istiliyin verilməsi ilə bağlı problem aşkarlandığı təqdirdə dərhal müvafiq tədbirlər görülür. İstilik təminatında yaranan problem aradan qaldırılır.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib ki, nazirlik tərəfindən öncədən məktəblərin qızdırılması ilə bağlı lazım olan işləri görülüb:



“Bu, vaxtaşırı və mütəmadi olaraq nəzarətdə olan bir məsələdir. Bunun üçün "Azəriqaz" İstehsalat Birliyi başda olmaqla bütün strukturlarla əlaqə qururuq ki, məktəblərimiz qış mövsümündə hazır olsun, istiliklə bağlı problemləri olmasın. Ölkə ərazisində ümumtəhsil məktəblərinin istiliklə təminatında yarana biləcək məsələlərin araşdırılması və həlli üçün Təhsil Nazirliyində operativ informasiya qrupu yaradılıb. Bu qrup məktəblərin istiliklə təchizatında qeydə alınan məsələlərlə məşğul olur. Məktəblərin istiliklə təminatında hansısa problemlər ortaya çıxanda, qrup tərəfindən məsələnin həlli istiqamətində dərhal müvafiq tədbirlər görülür".

Bakı Şəhər Təhsil İdarəsindən Bakupost.az -a verilən məlumata görə, hazırda hazırda istilik təminatı ilə bağlı problem aşkarlanan məktəblərin istiliklə təmin olunması üçün müvafiq tədbirlər görülür:

“Məktəblərin istiliklə təminatı məsələsi İdarə tərəfindən tam nəzarətə götürülüb. Əməkdaşlar tərəfindən təhsil müəssisələrində monitorinqlər aparır. Məktəblərin istiliklə təmin olunmasında hər hansı problem aşkarlandığı təqdirdə, səbəbi müəyyənləşdirilərək aradan qaldırılması üçün müvafiq tədbirlər görülür, aidiyyəti qurumlara müraciət olunur. Çalışılır ki, tez bir zamanda problem aradan qaldırılsın və məktəbə istiliyin verilməsi təmin edilsin”.

Qeyd edək ki, İdarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilib.
Tarix: 17-11-2021, 16:56
Xəbəri paylaş



Xəbər lenti