Arıçılıq məhsulları yarmarkasından reportaj
...Əmir Teymur Şirvana hərblə gələndə əsgərləri xəstəliyə tutulur və qoşun qırılmağa başlayır. Teymur həkimləri yanına çağırıb deyir: “Ordumu xilas eləyin, yoxsa sizin kəllənizi alacam”. Qoşunu düzdürürlər. Həkimlər bir-bir əsgərlərdən soruşur: “Bal yemisinizmi?”
Sorğu-sualdan sonra həkimbaşı hökmdara deyir: “Çoxu qərət üçün getdiyi evlərdə bal tapıb yeyib. Hansı əsgərlər bal yeyibsə, onlara qorxu yoxdur. Bal yeməmiş əsgərləri isə xilas etmək mümkün olmayacaq”.
O gün-bu gün, bal yeməyən insanı xilas etmək çətindir. Bunu təkcə tibbin tarixi bizə öyrətmir, həm də bu günündən dərs alırıq.
Milləti “xilas etmək üçün” bal yarmarkası var. Demək olar, ya da elə. Doğrudan da, hər il keçirir. Bu il də yenə Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Arıçılar Assosiasiyası ilə birlikdə oktyabrın 20-də “Gənclik” metrostansiyasının üstündə ( Fətəli xan Xoyski,5 ünvanında) yarmarka açıb. Adını da belə qoyublar: Arıçılıq məhsullarının 21-ci respublika Sərgi-Satış Yarmaarkası”. Yəni açıçılıq məhsullarını almağa da gedə bilərsən, sadəcə, onlara baxıb çıxmağa da (həm də sərgidir axı). Bunu isə noyabrın 7-dək edə bilərsən; o gün son gündür.
Bizimyol.info saytının əməkdaşı olaraq mən isə yarmarkaya arıçıları və müştərilərini danışdırmağa, yazmağa, çəkməyə getmişdim. Qısası reportaj hazırlamağa.
Bəli, yarmarkaya ölkənin dörd bir tərəfindən arıçılıq məhsulları, əsas bal gətirilib. Çoxlu çeşiddə məhsul piştaxtalarda öz alıcılarını gözləyir. Yarmarkada sıxlıq var; görünür, bala maraq və tələbat böyükdür. Burada Qax, Balakən və Zaqatala rayonlarından gətirilmiş arıçılıq məhsulları daha çoxdur. Ancaq Astara, Daşkəsən, Şamaxı, Suqovuşan və İsmayıllıdan gəlmiş məhsullar da özlərinə kifayət qədər alıcı tapa bilir. Balın qiyməti onun növündən asılı olaraq, əsasən, 25-30 manat arasında dəyişir.
Şimal bölgələrindən gətirilmiş balın kilosunu çox hallarda hətta 40 manatadək alanlar var. Bir çox satıcılar 30 ildən artıqdır ki, arıçılıqla məşğul olduğundan, piştaxta üzərinə öz məhsulları ilə yanaşı, arıçılıqdan və balın müəyyən faydalarından bəhs edən kitabçalar da düzüb. Həmin kitabçaların qiyməti isə 1 AZN-dir. Baxdım ki, bəlkə bu kitabçaların yanında Seymur Baycanın məşhur və qalmaqallı “Quqark” romanı da olar; kitabın bir xeyli yerində bal söhbəti gedir.. Əsas da Quqark düşərgəsindəki uşaqlarla...
O, kitabdakı söhbətdi. Biz isə həyatda – Bakıdakı bal yarmarkasında söhbət edirik. Kiminlə olacaq?! Əlbəttə, öncə arıçılarla.
Şamaxılı Fazil Təhməzov razılıq edir: “Burada Nazirlik (KTN-red.) bizə lazımi şərait yaradıb, sahibkar kimi bizə dövlət maddi köməklik də edir”.
Fazil Təhməzov 15 ilin arıçısıdır. “Məhsullarımıza tələbat çoxdur” deyir.
Zaqataladan gəlmiş Əhməd Murtuzov uşaqlıqdan arıların içində böyüyüb. Deyir ki, balın xalisi şimal rayonlarındadır. O da hökumətdən razıdır. “Deyir: “Dövlət dəstək verir; hər yeşik bal üçün onlara 10 manat verir”.
Amma hamı Fazil və Əhməd kimi düşünmür və danışmır. Razı qalmayanlar da var. Məsələn, biri Qax rayonundan olan Aleksandr Əhmədov. “May balı” adlı bal məhsulunu satışa çıxarsa da, Qaxdan Bakıya qədər yol xərcinin çox olduğunu dilə gətirir. Həm də balını xaricə satmaq istəyir, sata bilmir. “Şərait yaratmırlar” deyə “yuxarılar”a işarə edir.
Astara rayonu, Miki kəndindən olan daha iki satıcı - Şahin Xalıqov və Kərimağa İbrahimov isə nənki xaricə, heç bu yarmarkanın özünə bal çıxara bilməyib.
Onlar deyir ki, yarmarkaya qeydiyyat, əsasən, elektron formada, sms ilə aparılır. Onlar deyir: “Burada gördüyünüz bir çox satıcılar Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi sms qeydiyyat üsulu ilə arıçı kimi qeydiyyatdan keçiblər və yarmarkaya dəvət alıblar.
Çoxu ziyaləlar, xüsusilə, müəllimlərdir. Bizim kəndimiz Astara rayonunun ucqarındadır. Kənddə internet xətti, telefon şəbəkəsi, demək olar ki, yoxdur. Hətta bir çoxumuz bu vasitələrdən istifadə etməyi belə bacarmırıq. Biz yarmarkanın keçirildiyini eşidib, bura gəldik. Dedilər: “Siz qeydiyyatdan keçməmisiniz, ona görə də burada sizə yer yoxdur”. Hazırda özümüzlə gətirdiyimiz 450 kq-dan çox bal bazardan kənarda qalıb”.
Miki kəndindən olan bu arıçılar iddia edir ki, sms ilə qeydiyyat ədalətli şəkildə aparılmayıb. Şahin Xalıqov deyir: “Gördüyünüz satıcıların bir çoxu hətta öz həyat yoldaşının, övladının, digər yaxınlarının da adını sms qeydiyyatından arıçı kimi keçiriblər və burada həqiqi arıçıların yerini tutublar. Rəsmi qurumlar bu problemi aradan qaldırsa, yaxşı olardı”.
Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov arıçıların qaldırdığı problemləri bizimyol.info saytına açıqlamasında şərh etdi: “Bəli, elektron qeydiyyat var. Kənd Təsərrüfatı Nazirliyinin qeydiyyat portalında arıçı kimi qeydiyyata düşən vətəndaş elektron şəkildə müraciət edir və sərgidə iştirak edir. Hər bölgə üçün 40 nəfərlik yer ayrılıb.
40 nəfərə qədər kim qeydiyyatdan keçirsə, onlar sərgidə iştirak edir. Bu rəqəmdən daha yuxarı müraciət edənlər isə sərgiyə qəbul olunmur. Hansı bölgələrdən az müraciət olsa, çoxluq təşkil edən və müəyyən sayı keçən vətəndaşları həmin bölgələr üzrə yönləndiririk, beləliklə say bərabər şəkildə bölünmüş olur. Lənkərandan və Masallıdan iki nəfər qeydiyyatdan keçə bilib, yerdə qalan boş yerləri də biz cənub bölgəsinə verdik. Astaraya isə 55 yer ayrılıb.
Təsəvvür edin ki, Azərbaycanda neçə rayon var! O yerlərin 195-i bütün rayonlara, 55-i isə təkcə Astara rayonuna verilib. Qeydiyyatla bağlı problemə gəlincə, indi hər kəsin telefonu var, əvvəl-axır bunu bilməli, öyrənməlidirlər. Özü bacarmırsa, oğluna, qardaşına, digər yaxınına müraciət edə bilər. Qeydiyyat gecə saatlarından başlayıb. Kimlər yatmayıb, gözləyiblərsə, qeydiyyatdan keçə biliblər. Portal isə orda ayırd edə bilmir ki, bu adam qeydiyyata düşənin yoldaşıdır, ya övladıdır, ya qardaşıdır və s. Bu problemi həmin adamlar öz aralarında danışıb, həll etməlidirlər ki, ayrılmış yerləri kimlərinsə ailə üzvləri, öz həmyerliləri tutmasın”.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin də mövqeyini öyrənməyə çalışırıq.
Tarix: 23-10-2021, 14:02