Hər payızda - yağışlar intensivləşəndə Bakı ciddi bir problemlə üz-üzə qalır. Paytaxtda həyat iflic olur. Hər tərəfi su basır, uzun tıxaclar yaranır. Aidiyyatı qurumlar niyə illərdir bu problemə çarə tapmırlar?
Yağan yağış Bakını iflic edir. Yolları su basır. Uzun tıxaclar yaranır.
Avtomobillər suda qalır. İnsanlar gölməçələrdən keçərək getməli olurlar.
Hər dəfə Bakıya yağış yağanda bu mənzərənin şahidi oluruq. Elə bu payızın ilk intensiv yağışı da bu mənada istisna olmadı. İstər avtomobillərin hərəkətinin çoxluq təşkil etdiyi yollarda, istərsə də məhəllə aralarındakı bəzi küçələrdə yağış suyu dolub-daşdı.
Yaranan bu mənzərə bir neçə sualı da aktuallaşdırdı. Yağış suları niyə axıb getmir? Aidiyyəti qurumlar yenidənqurma işləri zamanı bu suların axıdılmasını niyə nəzərə almır?
Vətəndaşlar hesab edirlər ki, bunun başlıca səbəbi şəhərin yeraltı kommunikasiya sisteminin bərbad olmasıdır
Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli bildirdi ki, qurum yağış sularının idarə olunması ilə məşğul olmur. Buna baxmayaraq, yol çəkilərkən yağış sularının yığılma ehtimalı olan yerlərdə yağış barmaqlıqları yaradılır və bu barmaqlıqlarla axıdılan su yaxınlıqdan keçən kollektorlara birləşdirilir. Yaxınlıqda kollektorlar olmadıqda isə bu işlərin görülməsinin mənası qalmır..
''Azərsu'' ASC-nin sözçüsü Anar Cəbrayıllı isə bildirdi ki, problemin səbəbi Bakı şəhərinin çox az hissəsində ayrılmış yağış suyu xətlərinin olmasıdır. Bu xətlər olmayan ərazilərdə isə yağış suyu mövcud olan kanalizasiya xətlərinə yönləndirilir və kənarlaşdırılır. Həmin kollektor xətlərinin əksəriyyəti 70-80-ci illərdə tikilib. Üstəlik, tikintilərin çoxalması, yaşıllıq ərazilərinin azalması yağış sularının həcmini artırır və bu problemləri qaçılmaz edir.
Bu arada, paytaxt rayonlarının icra hakimiyyəti başçılarının və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıq məsələlərinə dair video konfrans formatında müşavirə keçirilib. Bakı Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov əvvəlcə 2 gün öncə paytaxta yağan yağışla bağlı yaranan problemlərə toxunub. Bununla əlaqədar bəzi rayonların İcra başçıları və bəzi xidmət sahələrinin rəhbərlərinə yol verdikləri nöqsanlara görə ciddi xəbərdarlıq edilib. Qeyd edilib ki, baxmayaraq ki, Bakı şəhərinin kanalizasiya və yağış sularını yığan şəbəkələr, körpü və yollar "Azərsu" və Avtomobil Yolları Dövlət Agentliyinin balansında və xidmət dairəsindədir, lakin bu, İcra Hakimiyyətləri və kommunal xidmətlərin üzərindən cavabdehliyi götürmür. İcra başçıları koordinator kimi çıxış etməli və aidiyyəti qurumlarla birgə mövcud problemləri aradan qaldırmalıdırlar.