Sizə haradan danışım, nədən xəbər verim, poliklinikalardakı vaksinasiya prosesindən. Təxminən avqustun 25-də ayın 30-u üçün elektron qaydada randevu.its.gov.az saytında qeydiyyatdan keçdim. Telefonuma mesaj gəldi ki, ayın 30-u saat 9-10 arası sizin peyvənd olunma vaxtınızdır və 2 saylı şəhər poliklinikasına yaxınlaşın. Göstərilən vaxtdan təxminən 50 dəqiqə əvvəl qeyd olunan məkana çatdım.
Səhərin erkən saatları olmasına baxmayaraq, səhiyyə ocağının qarşısında növbə var idi. İçəri keçdim, əynində həkim xalatı olmayan, kim olduğunu bilmədiyim bir nəfər mənə növbə götürməli olduğumu söylədi. Çaşıb qaldım:
- Mən elektron qaydada qeydiyyatdan keçmişəm. Onun üçün də növbə götürməliyəm? Hələ vaxtıma 50 dəqiqə var.
- Bəli, fərqi yoxdur, stolun üstündəki kağıza yazılmış növbələrdən birini götürün.
Sonuncu rəqəm “59” idi. Deməli, 58 nəfər səhərin alaqaranlıqlı vaxtından gəlib növbəyə durub. İçəri keçdim. Onlarla adam var idi. Birdən həkimlər çağırmağa başladılar:
- “1” nömrəli adam gəlsin.
Hamı bir ağızdan “yoxdur” – dedi.
- “2”ci gəlsin. (səs çıxmadı)
Üçüncü və dördüncü adamlar içəri keçdilər. Səhhətləri yoxlanılmadan, vaksin vurulub-vurulmadığı təyin edilmədən yaşlı qadın və kişinin qolunu açdılar. Vaksini vurdular. Sonrakılar da bu qaydada davam elədi. Saat 9 tamamda vaksin otağına yaxınlaşıb elektron qaydada qeydiyyatdan keçdiyimi dedim. Dedilər ki, elektron qaydada qeydiyyat boş şeydir:
- Burada elektron qeydiyyat boş şeydir.
- Necə yəni boş şeydir?
- Dedim ki, boş şeydir – tibb işçisi əsəbi halda cavablar verməyə başladı - şikayətin varsa, get, Səhiyyə Nazirliyinə de...
- Bəs onda niyə elektron qeydiyyatdan keçir bu camaat, bu, nə dərəbəylik, özbaşınalıqdır?
- Vaxtımızı alma, qaynar xəttə zəng elə, soruş, burada belədir. Bu növbə ilə...
- Saat 9-a işləmiş gəlmişəm, “59” nömrəli adamam, bu adamlar haçan gəlib növbə götürüblər axı?! Növbə götürüblərsə, niyə “1”, “2” nömrəli adamlar yoxdur?
Cavab verə bilmədilər. Bir az sonra tibb işçisi bir qadının qoluna girib vaksin otağına keçdi. Əlində də “5” nömrə... Növbədə duranlar etiraz etməyə başlayınca tibb işçisi əsəbi halda dilləndi:
- Səhər tezdən gəlib. Evə getmişdi. Növbə götürüb, kağızı əlindədir. İndi də araya salıb vaksin edəcəyik, heç kimin haqqına girmək olmaz.
İçəridə isə “12” və “13” nömrəli kağız götürmüş insanlara peyvənd vurulurdu. Başqa bir nəfər növbədənkənar içəri girib vaksin olunmaq istəyirdi ki, bunun da qarşısını yenə növbə götürənlərin özləri aldılar. Beş-on dəqiqə sonra bayaqkı ağxalatlı tibb bacısı yenidən peyda oldu. Bu dəfə orta yaşlı bir kişinin qoluna girib vaksin otağına aparırdı. Bu dəfə də əlində “5” nömrəli kağız. Yenə də növbə gözləyənlər qışqır-bağır saldılar. Bu dəfə tibb bacısı asta səslə cavab verdi:
- Şənbə günündən qalıb. Sistem dondu, işləmədi. Ona görə də indi vaksin olunacaq.
Görünür, həmin orta yaşlı kişinin əlindəki “5” nömrəli kağız da bir təsadüf idi...
Yerdən bir nəfər dilləndi:
- Xanım, birdən qohumunuz, tanışınız olar ha... Haqqa girməyin.
Başqa bir nəfər pıçapıçla yanındakına bir cümlə dedi:
- Bəlkə də rüşvət alıb keçirir, nə bilirsən 6-cı gündən qalıb?!
... Ərincəklik etməyib poliklinika əməkdaşlarına bir təklifdə də bulundum:
- Yaxşı olmazdımı ki, ötən günlərdən qalan və növbədə olanlar üçün ayrıca vaksin otağı ayrılsın? Belə olan halda qarışıqlıq olmaz.
Söz ağzımdan yenicə çıxmışdı ki, vaksin otağından səs gəldi:
- Sistem yenə dondu... Bir az da gözləməli olacaqsınız.
Əsəblər tarıma çəkilmişdi, foyedə maskasını çıxaran kim, əsəblərini cilovlaya bilməyənlərdən poliklinika rəhbərliyini ittiham edən kim... Səs-səsə, küy-küyə qarışmışdı. Peyvənd olunmağa gələnlərin hamısı əsəb xəstəliyinə yoluxub çıxırdı.
Hər kəsin əsəbləri tarıma çəkilmişdi. Saat 10:00-da xəstəxananı tərk etdim, artıq onlayn qeydiyyata görə vaksin olunma vaxtım bitmişdi. Amma vaksin olunmamışdım. 2 saylı poliklinikanın həkimləri haqqıma girmişdilər, mən isə digərlərinin haqqına girmək istəmədim. Dərhal Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vurdum. “9103”dən soyuqluq yağdığını anındaca hiss etdim – dud...dud...dud... Dəfələrlə cəhd etdim, nə dəstəyi qaldıran oldu, nə də sualıma cavab verən... Öz-özümə deyinə-deyinə səhiyyə ocağını tərk elədim.
Bu arada, onu da deyim ki, 2 saylı poliklinika mənə yad yer deyildi, Publika.az olaraq 18 yanvarda – ilk dəfə ölkədə vaksinasiya başlayanda və ondan sonra iki dəfə buradan peyvəndlənmə prosesi ilə bağlı reportajlar, maarifləndirici yazılar hazırlamışıq. İnsanları vaksinasiyaya səsləmişik...
Elə poliklinikadan çıxıb yenicə avtobusa minmişdim ki, Şəmkirdə yaşayan 70 yaşlı anam zəng vurub peyvənd olunduğunu söylədi. Nə danışırsan, axı sənin yüksək təzyiqin var? – dedim. Dedi ki, 180 təzyiq var idi, 3 dəfə təzyiq salan dərman atdırdılar, sonra da vaksini vurdular.
Artıq mənə bəlli oldu ki, peyvənddən öncə əyalətlərdə də Bakıdakı kimi insanlar müayinədən keçmirlər və vətəndaşlar da, həkimlər də bu məsələdə başısoyuqluq edirlər.
Sonra həmkarım Famil Fərhadoğlunun sosial şəbəkədəki bir statusu diqqətimi çəkdi: “Peyvənd olunmazdan öncə mütləq müayinədən keçin. Deməli, bir qohumum var. Xərçəng imiş, xəbəri yox imiş. Gedib koronavirusa görə peyvənd olunub. Vəziyyəti pisləşib. İndi məlum olub ki, xərçəng olduğunu bilməyiblər”. Bu da nəticə...
Hələ vaksinlərin “Hell” soyuducularında saxlanmasından danışmıram. Soyuq temperaturda saxlanılmalı olan vaksinlər niyə “Hell” soyuducularına qoyulsun? Səhiyyə Nazirliyi məsələ ilə bağlı açıqlama yaydı və bildirdi ki, bu kimi məsələlər onların səlahiyyətində deyil.
Hər gün işə gələrkən bir neçə səhiyyə ocağının qarşısından keçirəm. Onlarla insanın narazı halda növbəyə durduğunu, “quyruq” yaratdığını görürəm. Çi fayda! Bir çoxları vaksin olunmadan narazı halda evinə qayıdır. Son hadisədən də yəqin ki, xəbəriniz var. Vətəndaş öz həyat yoldaşı ilə səbrinə hakim olmayaraq vaksin olunmaq üçün qapıdan deyil, pəncərədən daxil olmaq istəyib. Məsələ ilə bağlı artıq Səhiyyə Nazirliyi də məlumat yayıb:
“Növbədə dayanan vətəndaşlardan bir neçəsi sosial məsafənin qorunması üçün növbəli şəkildə tibb müəssisəsindən içəri buraxılır və qapı bağlanır. Həmin şəxs və həyat yoldaşı poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib. Faktla bağlı artıq hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub”.
Bir sözlə, vaksinasiya prosesi 1 sentyabr məhdudiyyətləri öncəsi və sonrası qeyd etdiyimiz durumdadır. Fikrimcə, polis prosesə nəzarət etməli, vaksinasiya prosesi gedən tibb müəssisələrində qayda-qanunu, nizam-intizamı bərpa etməli, intizam sistemini məhz hüquq-mühafizə orqanları yaratmalıdır ki, narazılıqlar da olmasın. Eyni zamanda proses poliklinikaların öhdəsinə buraxılmasın.
Gəlin, düşünək: Dövlətimiz dünyada ədalətsiz vaksin bölgüsünün aparıldığı bir dönəmdə vətəndaşları üçün bir neçə ölkədən müxtəlif adlarda, sınaqdan uğurla çıxmış vaksinlər alıb. Onların ölkəyə gətirilməsini təmin edib. Öz vətəndaşlarının qayğısına qalaraq üzərinə düşən missiyanı yerinə yetirib.
Bəs nə üçün bəzi poliklinikalar və tibb müəssisələrindəki bəzi həkimlər, tibb işçiləri başısoyuqluq edib ölkə rəhbərinin, dövlətimizin əziyyətini yerə vurur? Dövlət başçısının öz şəxsi nüfuzundan istifadə edərək əldə etdiyi bu vaksinlərlə bağlı prosedurları vətəndaşları narazı salmadan həyata keçirə bilmirlər?
Cavabı oxucuların və bu yazını oxuyan tibb işçilərinin vicdanına, eyni zamanda ixtiyarına buraxıram...
Tural Turan