Müharibə veteranları məmurlardan şikayət edirlər


Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Mərkəzinin önündə dörd Vətən müharibəsi qazisi jurmalistlərlə görüşüb. Onlar əlillik dərəcəsinin təyin olunmadığını bildiriblər.
Qazilər Orxan İmanov, Arif Hüseynov, Azim Nuriyev müharibədə kəllə-beyin və ayaq nahiyəsindən zədə alıb. Heç yerdən gəlirləri və müavinətləri yoxdur, ailə başçılarıdır. Onlar piyada hərəkət edə bilmir, Sumqayıta, Bakıya və digər yerlərə taksi ilə getməyə məcburdurlar.
Qazilər Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Mərkəzinin həkimlərini prezidentin vətən müharibəsi iştirakçılarına hörmət etmək tələbinə zidd cıxmaqda ittiham edirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Mərkəzinin mətbuat xidmətindən Tural Qurbanov jurmalislərə verdiyi izahatda deyib ki, mərkəzin həkimləri əlilliyi yerli tibb müəssisələrinin tərtib etdikləri 88 nömrəli forma əsasında təyin edir.
“Vətəndaşlarla Mərkəzin işçiləri ünsiyyətdə olmur. Əlillik Nazirlər Kabinetin 2015-ci il 30 dekabr tarixli əsasnaməsinə uyğun təyin olunur. Əvvəl tətbiq edilən normalardan fərqli olaraq, yeni qaydalarda bəzi xəstəlik və qüsurlar əlillik dərəcələrinə daxil deyil”, deyə o qeyd edib.
Qurbanov vətəndaşlara əvvəl yaşadıqları yerdə tibbi müəssisədə komissiyadan keçməyi, sonra Mərkəzə müraciət etməyi tövsiyə edib.
Qeyd edək ki, 2015-ci ildə əlillik dərəcələrinin yeni meyarları qəbul edilsə də, əvvəlki meyarlar 2016-cı ildən 5 il müddətinə uzadılıb. 2021-ci ildə yeni meyarlar qüvvəyə mindiyi ücün xəstələrin işlərinə yenidən baxılır və minlərcə saxta əlillik dərəcəsi alanlara və yeni normativlərə uyğun olmayan vətəndaşlara dövlət yardımının verilməsi kəsilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində avqustun 18-də keçirilən brifinqdə Nazirliyin Əlillik Siyasəti Şöbəsinin müdiri Sabir Qocayev bildirib ki, qanuna edilmiş dəyişikliklər əlilliyin müəyyən edilməsinin ənənəvi 3 dərəcə əsasında deyil, daha geniş spektrdə olmaqla, yeni meyarlarla, orqanizmin funksiyalarının itirilməsi faizi əsasında həyata keçirilməsini nəzərdə tutur.
Bildirilib ki, qanunvericilikdə “əlilliyinin səbəbi, dərəcəsi” sözləri “orqanizmin funksiyalarının pozulması faizi, səbəbi” sözləri ilə, “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə, “II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə və “III dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilib.
Contact.az
Tarix: 27-08-2021, 08:55
Xəbəri paylaş



Xəbər lenti