Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BMTBETİ) "İnformasiya texnologiyaları və nəticələrin təhlili" şöbəsinin elmi işçisi Ellada Məmmədova bir neçə aydır ki, maaşını mərhum sələfi Musa Əliyevin adına açılmış köhnə kartla alır.
Demokratik.Az-ın məlumatına görə, xanım elmi işçi nöqsanın həllini baş mühasib Ulduz Məmmədovadan tələb etsə də, nədənsə problem uzun zamandır ki, öz həllini tapmır. Aldığımız bilgiyə görə, institutda oxşar problemlər yetərincədir və bu işlərin başında baş mühasibin laqeyidliyi, maddi maraqları və işbilməzliyi dayanır.
Onu da bildirək ki, işəgötürənlə Ellada Məmmədova arasında "əmək müqaviləsi" mövcuddur. Ştat üzrə sabiq elmi işçi Musa Əliyev isə institutdan çoxdan uzaqlaşdırılıb və əmək müqaviləsinə xitam verilib. Onun vəfat etdiyi də bildirilir. Belə olduqda, haqlı sual yaranır - Niyə kimsə adı olub özü olmayan şəxsin adına olan kartla maaş almalıdır, bu texniki səhlənkarlıqdır yoxsa özbaşınalıq? Niyə elmi işçinin özünün adına hələ də bank kartı mövcud deyil? Bəlkə də var, amma varsa, onda rəsmiyyətdə Ellada Məmmədovanın adına köçürülən aylıq əməkhaqqı hansı karta köçürülür və o kart kimin istifadəsindədir?
O da iddia edilir ki, institutun 170-ə yaxın kollektivi var və onlardan da bir çoxu "ölü canlar"dır.
Məsələyə aydınlıq gətirməyə çalışacağıq!
Demokratik.Az
Tarix: 14-08-2021, 16:45