Ayda 8 gün fəaliyyətsiz qalan ictimai nəqliyyatın yaratdığı problemlər və qiymət artımına təsiri Uzun zamandır, həftəsonu ictimai nəqliyyat işləmir. Çox adam bu qərardan narazıdır, şikayətçidir. İnsanlar narazılıqlarını bir-birilərinə ifadə edərək, ara-sıra sosial mediadan paylaşaraq, səslərinin eşidələcəyinə ümid edirlər. Hələlik görünən isə budur ki, yoluxma sayının azalmasında təsiri əsas gətirilərək bu qərar qüvvədə qalmaqda davam edir.
Mövzu ilə bağlı AYNA-ya danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin (İSAYİB) sədri Eyyub Kərimli söyləyib ki, həftəsonu ictimai nəqliyyatın fəailiyyətinin dayandırılması həmin sahədə işləyən şəxslərin də əməkhaqlarının azalmasına təsir göstərir: “Nəqliyyat sferası fasiləsiz işləyən sahədir. Ayda 8 gün ictimai nəqliyyatın fəaliyyət göstərməməsi o deməkdir ki, bu, onların dövriyyəsinin 30% aşağı düşməsi ilə nəticələnir. Bildiyimiz kimi bizdə ictimai nəqliyyatın əksər hissəsi özəl sektora aiddir. Həftəsonu ictimai nəqliyyatın fəaliyyət göstərməməsi gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına, eyni zamanda orada işləyən insanların da əməkhaqlarının aşağı salınmasına xeyli dərəcədə təsir göstərir”.
Ekspertin sözlərinə görə, bu vəziyyətin davam etməsi ictimai nəqliyyatda qiymət artımının olmasına da zəmin yaradır: “Son zamanlar dizel yanacağında qiymət artımı nəqliyyat sahəsindəki rentabelliyi aşağı salıb. Ayda 8 gün iş fəaliyyətinin dayandırılması dövriyyənin aşağı düşməsinə təsir edir, gəlirlərini əhəmiyyətli dərəcədə aşağı salır. Bakı Metropoliteni onsuz da zərərlə işlədiyini açıqlamışdı, bu yaxınlarda qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etsə, heç təəccüblənmərəm”.
İqtisadçı mövcud qərarın işçilərin və işəgötürənin maliyyə durumuna təsirinə də toxunub: “Gördüyümüz kimi, həftəsonları sahibkarlıq subyektlərinin çoxu, marketlər, kafe-restoranlar, eyni zamanda apteklər, xəstəxanalar fəaliyyət göstərir. Bu da o deməkdir ki, orada işləyən insanların işə gəlməsi üçün işəgötürən əlavə maliyyə itkisi ilə üzləşir. Bunu qarşılamadıqda isə işçi öz cibindən ödəyir və bir nəfər həftəsonu iki dəfə taksi xidməti üçün 10 manat xərcləmiş olsa, bu, ayda 80-100 manat edir. Bu da orada işləyən insanların əməkhaqqına təsirsiz ötüşmür və o sahədə fəaliyyət göstərən sahibkarların əhəmiyyətli dərəcədə vəsait itirməsi ilə nəticələnir”.
“Ticarət mərkəzlərində, marketlərdə çox sayda personal fəaliyyət göstərir. Onların işə gəlib-getməsi üçün sahibkar əhəmiyyətli dərəcədə maliyyə yükü ilə qarşılaşmış olur. Əlbəttə ki, bunların hamısı həm sahibkarlara, həm də özəl sektorda fəaliyyət göstərən şəxslərin gəlirlərinə çox mənfi təsir göstərir”, - deyə Kərimli vurğulayıb.
İSAYİB sədri əlavə edib ki, bu qərar ümumilikdə ailələrin büdcəsinə təsirsiz ötüşmür: “Belə ki, hər bir ailənin həftəsonu istirahət hüququ var. Yay mövsümüdür, insanlar dənizə, bağa getmək istəyirlər. İctimai nəqliyyatın işləmədiyinə görə isə əhəmiyyətli dərəcədə vəsait itkisinə məruz qalırlar. Məcbur olurlar, taksi xidmətlərindən istifadə etsinlər. Həftəsonu da taksi tariflərində ikiqat artım müşahidə olunur. Bu da hər bir ailənin bücəsində əhəmiyyətli dərəcədə itki ilə nəticələnir”.
Tarix: 5-08-2021, 14:43