"Dövlətqaçqınkom" iki ailəyə 1 mənzil verib - Küçədə qalan ailənin aqibəti necə olacaq? - VİDEO
Dünən Pirşağıda yerləşən "Qızılqum" sanatoriyasından Ramanı qəsəbəsinə köçürülən məcburi köçkün ailəsi indi əşyaları ilə birgə küçədə qalıb. Çünki onlarin köçürülməsi üçün nəzərdə tutulan mənzildə hazırda başqa bir ailə məskunlaşıb. Bəs küçədə qalan ailənin aqibəti necə olacaq?
Sədaqət Əhmədova 1992-ci ildə Şuşadan məcburi köçkün düşüb. O, 2004-cü ildən oğlu ilə birgə Pirşağıda "Qızılqum" sanatoriyasında məskunlaşıb. Dünən isə anidən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən ailəyə məlumat verilib ki, Ramanı qəsəbəsinə köçürülürlər və oradakı kompleksdən onlara ev verilir. Hətta əşyaların daşınması üçün ailəyə qurum tərəfindən maşın da təşkil edilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilən sənədə əsasən, ailə 19-cu binada yerləşən 48-ci mənzilə köçürülməli idi. Mənzildə isə başqa ailə məskunlaşdığından Sədaqət Əhmədova və oğlu əşyaları da yanına yığaraq küçədə gecələməli olub.
"Dövlətqaçqınkom"a vəziyyətlə bağlı məlumat verən ailəyə bildirilib ki, bu gün səhər nümayəndələr gələrək, onları yerləşdirəcək. "Xəzər Xəbər"in çəkilişi zamanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi əraziyə gələrək, ailədən bir günlük də möhlət istəyib və onların sabah başqa bir mənzilə köçürüləcəyini vəd edib. Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə tam fərqli münasibət bildirib.
Qeyd edək ki, ailənin köçürülməsi üçün nəzərdə tutulan bina 19, mənzil 48-də may ayından etibarən başqa bir məcburi köçkün ailəsi məskunlaşıb. Rəsmi sənəd qurum tərəfindən onlara da verilib. Həmin ailə mənzili tərk etməyəcəyini bildirib.