Akademik: “Bunu üçün 5-10 il zaman lazımdır, indidən başlamalıyıq ki, prosesi 10 ilə yekunlaşdıra bilək” Ekspert: “İlkin mərhələdə güc strukturlarının akademiyaları Qarabağa köçürülməlidir” Ali təhsil müəssisələrinin paytaxtdan köçürülməsi məsələsi yenidən gündəmə gəlib. Qarabağda aparılacaq yenidənqurma işləri çərçivəsində universitet korpuslarının inşası, Bakıda yerləşən universitet binalarının isə təyinatının dəyişdirilməsi məsələsi müzakirə olunur. Ekspertlər hesab edirlər ki, paytaxtda sıxlığı azaltmaq və Bakını yükdən azad etmək, eyni zamanda Qarabağda infrastrukturu təmin etmək baxımından bu qərarın qəbulu vacibdir.
Bəs, görəsən universitetlərin paytaxtdan köçürülməsi hansı qaydalarla tənzimlənməlidir? AYNA məsələni ekspertlərlə müzakirə edib.
Bakı Dövlət Universiteti (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnsitutunun direktoru, akademik Fikrət Əliyevin fikrincə, universitetlərin paytaxtdan köçürülməsi zəruri olsa da, bunun üçün müvafiq proqram hazırlanmalıdır: “İlk baxışdan bu, sadə görünə bilər. Lakin A-dan Z-yə qədər həll etmək, elmi-pedaqoji heyəti regionlara göndərmək, tələbələrin yerləşməsini təmin etmək, müvafiq tədris şəraiti yaratmaq elə də asan məsələ deyil. Bunun üçün kompleks tədbirlər planı həyata həyata keçirilməlidir. Şəxsən mən hesab edirəm ki, bu proses mərhələli şəkildə həyata baş tutmalıdır. İlkin olaraq mövcud universitetlərin yerli filiallarının açılması təşviq edilməlidir. Həmin filiallarda təhsil əlçatan olmalı, yüksək məvaciblə pedaqoji heyət cəlb edilməli, elmi araşdırmalar üçün münbit şərait yaradılmalıdır. Belə olarsa, həmin fililallara maraq artacaq və gələcəkdə onların bazasında yeni universitetlər təsis etmək və ya mərkəzi korpusu həmin əraziyə köçürmək mümkün olacaq”.
Akademikin sözlərinə görə, təhsil müəssisələrinin kampuslara malik olması təcrübəsi ötən əsrdən mövcuddur: “İlk dəfə olaraq ABŞ-ın Nyu-Cersi ştatında yerləşən Prinston Universitetində kampus yaradılıb. Sovetlər dövründə tələbə yataqxanaları da mövcud olub və əksər yaşlı nəslin nümayəndələri, o cümlədən bizlər bu yataqxanalarda yaşamışıq. Qaçqın və məcburi köçkünlərin yerləşməsindən sonra həmin yataqxanalar faktiki olaraq ləğv edildi. Onların bəziləri yenidən bərpa olundu - misal üçün, hazırda çalışdığım Bakı Dövlət Universitetinin yataqxanası. Gələcəkdə biz tələbə şəhərciyi və kampusları yaradaraq, universitetlərin mərhələli şəkildə köçürülməsini təmin edə bilərik. Bu, uzun prosesdir, lakin qaçılmazdır. Prosesə start verməyin artıq zamanıdır. Nəzərə alanda ki, buna ümumilikdə 5-10 il zaman lazımdır, indidən başlamaq daha yaxşı olardı”.
“44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad edilməsi Qarabağda təhsil kampuslarının yaradılması üçün əlverişli mühit yaradıb. Hər bir regionu dünyaya tanıtdıran onun tarixi və mədəniyyət abidələri, turizmi və təhsilidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından azad etdi. Biz tarixi zəfər qazandıq. Bir halda ki, Prezident İlham Əliyevin söylədiyi kimi, həmin ərazilərdə yenidənqurmaq işləri aparılacaq, bu əsnada təhsil kampuslarını yaratmaqla, cənnət Qarabağı müasir təhsil mərkəzlərindən birinə çevirə bilərik”, - deyə Əliyev bildirib.
Təhsil eksperti Kamran Əsədov da universitetlərin kənara köçürülməsini qaçılmaz hesab edir: “Əvvəla onu qeyd etmək istəyirəm ki, hazırda Bakının mərkəzində fəaliyyət göstərən universitetlər vaxtilə şəhərin kənarında tikilib. Sonradan Sovet hökuməti onları paytaxtın mərkəzinə doğru daşıdı. Bu, kökündən yanlış qərar idi. Hesab edirəm ki, universitetlərin Bakıdan köçürülməsi paytaxtda sıxlığı azaltmaq, regionların inkişafına nail olmaq, istisadiyyatı şaxələndirmək baxımından olduqca mühüm addımdır”.
Müsahibimizin dediyinə görə, beynəlxalq təcrübədə bundan geniş istifadə edilir və kifayət qədər uğurlu nəticələri var: “Lakin bu proses tədricən həyata keçirilməlidir. Çünki bu gün paytaxtda çalışan xeyli universitet müəllimləri var. Hazırda Azərbaycanda olan 51 universitetdən 30-u paytaxtda yerləşir. Bu, kifayət qədər çoxdur. Amma ölkə üzrə universitetlərin sayı azdır. Azərbaycanda əhalinin 17 faizi ali təhsilli olduğu halda Avropada bu göstərici 30 faiz həddindədir. Biz ilkin olaraq universitetlərin əyalətlərdə regional korpuslarını yaratmalı və həmin korpusları təşviq etməliyik”.
Ekspert hesab edir ki, Qarabağı təhsil mərkəzinə çevirmək də planlarımıza daxil olmalıdır: “Qarşıda bizi Qarabağı yenidən qurmaq, dirçəltmək kimi tarixi bir missiya gözləyir. Düşmən Qarabağı xarabalığa çevirib, daşı daş üstündə qoymayıb. Bir halda ki, Qarabağı yenidən və 0-dan inşa edəcəyik, orada təhsil kampuslarının yaradılması, Qarabağı dünyanın təhsil mərkəzlərindən birinə çevirmək üçün münbit şərait yaranıb. Biz bu məsələni diqqətdə saxlamalıyıq”.
“Düşünürəm ki, ilkin olaraq Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin akademiyaları Qarabağa köçürülməlidir. Hər kəsə məlumdur ki, Sovetlər dönəmində Qarabağda hüquq mühafizə orqanlarında yerli kadrlarımızın sayı çox az idi. Əsasən ermənilər hüquq mühafizə sistemində çalışırdı. Milli kadrlar hazırlamaq və yetişdirmək üçün bu unikal imkandan istifadə etməliyik. Eyni zamanda, təhsil şəhəri olaraq Qarabağı dünyaya tanıtdırmalıyıq. Bu ideoloji baxımdan da post-münaqişə dövrü üçün vacibdir”, - deyə Əsədov vurğulayıb.
Əlavə edib ki, əsas diqqət təhsilin keyfiyyətinin artırılmasına yönəldilməlidir: “Universitetlərin kənara köçürülməsi paytaxtda sıxlığı azaldacaq. Bu, çox müsbət haldır. Lakin əsas məsələ təhsilin inkişafına yönəlməlidir. Çünki hər bir millətin gələcəyi onun təhsilindən asılıdır. Bu mənada bütün diqqət təhsilin keyfiyyət göstəricilərinin artırılmasına yönəldilməlidir. Biz bu məsələdə beynəlxalq təcrübəyə istinad etməliyik”.
Tarix: 31-07-2021, 22:23