"Reket jurnalistika" ilə mübarizə gücləndirilməlidir - VİDEO
"Reket jurnalistika" ilə mübarizədə cəmiyyət də aktiv rol oynamalıdır.
Bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Onun sözlərinə görə, Azərbaycan Mətbuat Şurasına bu günədək 1600-dən artıq şikayət daxil olub. Onların da əksəriyyəti "reket jurnalistika" ilə bağlıdır.
Əflatun Amaşov xatırladıb ki, 2007-ci ildə keçirilən jurnalistlərin qurultayında da bu məsələ bir daha vurğulanıb və şuranın nəzdində reketliklə mübarizə komissiyası yaradılıb. Həmçinin, "reket jurnalistika" ilə məşğul olanlar barədə "qara siyahı" hazırlanıb və mətbuatda dərc edilib ki, hər kəs onları tanısın.
Əflatun Amaşov qeyd edib ki, son dövrlər reketliklə məşğul olmaq istəyən bəzi şəxslər xəbər saytı açır və ya sosial şəbəkələr vasitəsilə internet televiziyası yaradırlar. Hər hansı bir şəxs haqqında mütəmadi olaraq qaralama yazıları dərc olunur və istədiklərini aldıqdan sonra ondan əl çəkirlər. Bəzən isə məlumatın yayılmaması üçün hədə-qorxu gəlinir.
Əflatun Amaşov hesab edir ki, "reket jurnalistika" ilə mübarizədə cəmiyyət də maraqlı olmalıdır. Reketliklə qarşılaşanlar dərhal müvafiq orqanlara məlumat verməlidirlər.
Qeyd edək ki, yeni hazırlanan "Media haqqında" qanun layihəsinin "reket jurnalistika" ilə mübarizədə önəmli rol oynayacağı gözlənilir.