“Tarif Şurasının təbii qazın tarifi ilə bağlı yeniliyi enerji sahəsi ilə işləyən qurumların dövlət büdcəsindən asılılığını da yavaş-yavaş aradan qaldıracaq. Nəticədə, bu, dövlət büdcəsində qənaət edilmiş vəsaitlərin vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətinə yönəldilməsinə imkan yaradacaq. Dövlət siyasətimizin mərkəzində sosial yönümlülük dayandığı üçün bu dəyişiklik də əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək”. Bunu
Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı
Cavid Osmanov deyib.
Deputat bildirib ki, Tarif Şurasının yeni qərarı əhalinin aztəminatlı təbəqəsinin mənafelərinə zidd deyil: “Bu gün dünyada baş verən iqtisadi dəyişiklər enerji sahəsindən yan keçmir. Belə dəyişikliklər zərurətdən atılan addımların nəticəsidir. Azərbaycanda sonuncu dəfə təbii qazın qiymət artımı 2017-ci ildə Tarif Şurasının qərarı ilə baş tutub. Bu gün isə Tarif Şurasının iclası keçirilib və təbii qazın qiymətində dəyişikliklər edilib. Yeni qiymətlərə nəzər salsaq görərik ki, Tarif Şurasının təbii qazın qiymətində etdiyi dəyişikliklər Azərbaycanda aparılan sosial yönümlü siyasətə tam uyğundur. Çünki statistikaya əsasən, abonentlərin 51 faizinin təbii qazdan istifadəsinin illik limiti 1200 m3-i keçmir. Beləliklə, 1200 m3 limiti daxilində təbii qaz istifadəçilərinə qiymət artımı təsir etməyəcək. Çünki təbii qazın illik istehlak həcminin 1200 m3-dək olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. Digər istifadəçilər isə bundan sonra təbii qazdan daha ehtiyatla istifadə edəcək və nəticədə, israfçılığa yol verilməyəcək. Eyni zamanda, enerji sahəsi ilə işləyən qurumların dövlət büdcəsindən asılılığı da yavaş-yavaş aradan qaldırılacaq. Nəticədə, bu, dövlət büdcəsində qənaət edilmiş vəsaitlərin vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətinə yönəldilməsinə imkan yaradacaq. Bildiyimiz kimi, dövlət siyasətimizin mərkəzində sosial yönümlülük dayandığı üçün bu dəyişiklik də əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək. Azərbaycanda illik 1200 m3-dən daha çox istifadə zamanı qiymət 20 qəpik təyin edilsə də, qonşu dövlətlərin əksəriyyətində eyni limit daxilində 1 kub metr üçün nəzərdə tutulan tarif ölkəmizdəkindən bahadır. Məsələn, Ukraynada 1 kub metr təbii qaz 54 qəpik, Türkiyədə 30 qəpikdən baha, Gürcüstanda isə təxminən 30 qəpik təşkil edir. Beləliklə, ölkəmizdə təbii qazın qiyməti digər dövlətlərlə müqayisədə yenə də aşağıdır”.
Qeyd: Tarif (qiymət) Şurası tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51%-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməmiş və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Əhali abonentləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək.
Tarix: 30-06-2021, 22:55