Qarabağ qazisi veteran statusu ala bilmir - ŞİKAYƏT


Nəriman Nurəddin oğlu Həsənov 1995-ci ildən bəri Birinci Qarabağ müharibəsi iştirakçısı statusunu ala bilmir. Bu barədə HİT.Az-a danışan Qarabağ qazisi bildirir ki, o, 1992-ci ilin avqust ayında könüllü olaraq Orduya yazılıb.
Nəriman Həsənov deyir ki, Laçın, Zəngilan, Tərtər və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. “Orduda BMP-2-nin sürücü-mexaniki olmuşam. Keçdiyim döyüş yolu hərbi biletimdə bir-bir qeyd olunub”.
Qazi qeyd edir ki, 1995-ci ilin sentyabrında Ordudan tərxis olunsa da, həmin vaxtdan indiyə qədər Qarabağ müharibəsi veteranı statusunu ala bilir. Bununla bağlı zəruri olan bütün dövlət qurumlarına da müraciət edib. Lakin yenə də istəyinə nail ola bilməyib. Nəriman Həsənov deyir: “Əvvəlcə Sabunçu rayon Hərbi Komissarlığına getdim. Orada mənim sənədlərimlə tanış oldular və bildirdilər ki, müharibə veteranı statusu ala bilərəm. Hələ üstəlik onu da dedilər ki, bu işi çox gecikdirmişəm”.
Məsələ ilə bağlı Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət edən qaziyə birinci müraciətindən sonra cavab verilməyib. İkinci cəhddən sonra isə Arxiv İdarəsindən ona bildiriblər ki, barəsində onlarda heç bir məlumat yoxdur. “Hərbi Biletimdə keçdiyim döyüş yolu qeyd edilib. N saylı hərbi hissənin tərkibində həm döyüşmüşəm, həm də qulluq etmişəm. Həmin hərbi hissə də Müdafiə Nazirliyinin tabeliyində olub. Mənə maraqlıdır ki, nazirlik ona tabe olan hərbi hissədə qulluq edən şəxsi heyət haqqında niyə məlumatsızdır?”
Nəriman Həsənov qanuni haqqını almaq üçün mətbuat vasitəsi ilə müvafiq qurumlara müraciət edərək, onlardan kömək istəyib.
Nəriman Həsənovun oğlu da qazidir. Səməndər Nəriman oğlu Həsənov Qarabağda döyüşlər başlayan kimi, könüllü olaraq orduya yazılıb. O, göstərdiyi igidliyə görə, “Suqovuşanın azad edilməsi uğrunda” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Tarix: 24-06-2021, 15:44
Xəbəri paylaş



Xəbər lenti