“Sosial problemlərin ağırlığı və buna bağlı gərginlik cəmiyyətdə mən gözlədiyimdən çox daha sürətlə artır və ictimai münasibətlərə öz təsirinə görə hakimiyyətin aktivi olan tarixi hərbi qələbəni tezliklə üstələyəcək”. Pravda.az xəbər verir ki, bunu REAL Partiyanın sədri İlqar Məmmədov deyib.
Partiya sədri qeyd edib ki, əlavə repressiya, tibbi bəhanələrə bağlı məhdudlaşdırma tədbirlərinin davamı və s. bu gərginliyin artmasının qarşısını ala bilməyəcək: “Bəlkə hətta gərginliyi artıra bilər. Hakimiyyət açıq etiraf etməlidir ki, onun qurduğu və indiyədək istifadə etdiyi iqtisadi model sosial ehtiyacları təmin etməkdə tam acizdir. Vətəndaşlar kütləvi şəkildə inanır ki, "dövlətin varıdır, vermir". Halbuki fakt tam başqadır: dövlətin daha yoxudur deyə, öz üzərinə götürdüyü sosial yükü artıq daşıya bilmir”.
İlqar Məmmədov diqqətə çatdırıb ki, həqiqi və dolğun siyasi-iqtisadi dəyişikliklər qısa tarixi zamanda həyata keçirilməsə, sistem sosial partlayışa doğru irəliləməkdə davam edəcək: “Dərd orasındadır ki, belə bir partlayış daha düzgün iqtisadi modelin yaranacağına heç bir zəmanət yaratmır. Amma sosial partlayışlar bu seçimin vətəndaşın fikrincə artıq heç bir əhəmiyyət daşımadığı tarixi anlarda baş verir”.
Tarix: 6-05-2021, 15:48