Sosial şəbəkələrdə Lənkəranın Yuxarı Nüvədi kəndində yaşayan 1946-cı təvəllüdlü Guldənaz Qurbanovanın gəlinini döyməsi ilə bağlı görüntülər ciddi müzakirələrə səbəb olub. Yayılan məlumatlarda gəlinin kimsəsiz olduğu bildirilir. Hazırda Lənkəran Şəhər Polis şöbəsində araşdırma aparılır.
Bu görüntülər barədə Modern.az-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, bir qadının öz həmcinsinə qarşı şiddət göstərməsi qəbuledilməzdir:
“Səhər tezdən iclasda olduğum üçün o məsələyə müdaxilə edə bilməmişəm. Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayacam, əgər hansısa köməklik lazımdırsa, edəcəm. Belə bir məsələyə biganə qalmaq olmaz.
Qeyd etmək istəyirəm ki, həmin hadisə hansı səbəbdən baş verdiyini bilmirəm. Amma ümumi mövqedən məsələyə yanaşsaq təbii ki, boşanmaların əksəriyyətinə xarici müdaxilə səbəb olur. Amma bütün boşanmaların səbəbini qayınanalarda görmək düz deyil. Sözsüz ki, qayınanaların da burada rolu böyükdür. Çünki onlar ailəni hökmlə idarə etmək istəyir, dözümlükləri olmur. Öz ailə qaydalarını olduğu kimi başqa ailə qayda-qanunundan çıxmış yeni gəlindən tələb edir. Qeyd edim ki, bəzi gəlinlər də qayınanalarını hansısa hərəkətə təhrik edir. Amma heç kimə qadına qarşı zorakılıq etmək haqqı verməyib.
Nəzərə alsaq ki, bizdə nişanlı olan zaman ər evinə gəlib-getmək, orada vaxt keçirib qayda-qanunları öyrənməyə imkan verilmir. Ona görə də gələn kimi gəlinə hansısa tələbi qoymaq da düzgün deyil”.
Qeyd edək ki, bu ilin ilk iki ayında 5672 nikaha daxilolma və 2417 boşanma halları qeydə alınıb.
Əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.