Bu gündən Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Nar” və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə məktəblilər üçün “Oxu saatı” layihəsinə start verilir.Neqativ.com xəbər verir ki, layihənin əsas məqsədi pandemiya dövründə məktəblilərin maarifləndirilməsi və mütaliə vərdişlərini inkişaf etdirərək səmərəli vaxt keçirmələrinə dəstək olmaqdır. Layihə çərçivəsində Azərbaycanın ədəbiyyat və incəsənət sahəsinin tanınmış simaları uşaqlar üçün “Zoom” platforması üzərindən müxtəlif bədii əsərlərdən parçalar səsləndirəcəklər.
“Oxu Saatı”nın ilk qonağı xalq yazıçısı Çingiz Abdullayev mütaliənin əhəmiyyətindən, gənclərin dünyagörüşünün inkişafında kitabın rolundan danışacaq, eyni zamanda sevimli kitablarını dinləyicilərlə paylaşacaq. 24 aprel saat 12:00-da baş tutacaq onlayn görüşə qoşulmaq üçün bu keçidə daxil ola, “Nar”ın rəsmi "Facebook" və "YouTube" kanallarında yayımı canlı şəkildə izləyə bilərsiniz.
24 aprel tarixindən başlayaraq 1 ay boyunca davam edəcək “Oxu saatı”nda Çingiz Abdullayevlə yanaşı, hər həftənin şənbə günü Zülfiyyə Xanbabayeva, Nərgiz Cəlilova, Ceyhun Əli kimi qiraətçiləri də dinləmək mümkündür. Cədvəl və oxunacaq kitablar haqqında məlumat “Nar”ın rəsmi “Facebook” və “İnstagram” səhifələrində mütəmadi olaraq paylaşılacaq.
“Nar”ın elm və təhsilin inkişafına yönəlik sosial layihələri haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
Tarix: 23-04-2021, 18:12