“Biz uşaqlar üçün nəzərdə tutulan birdəfəlik müavinət daxil, digər müavinətlərin hər birinin bir qayda olaraq ləğv edilməsini, əvəzində isə doğulduğu aydan başlayaraq 18 yaşı tamam olana qədər hər bir uşağa aylıq 50 manat müavinət müəyyən edilməsini təklif edirik”. Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.
A.Şakiroğlu bildirib ki, ölkədə 2 milyon 600 min uşağın olduğu nəzərə alınsa, bu, ayda dövlət büdcəsinə 130 milyon manata, ildə isə 1 milyard 560 milyon manata başa gələcək: “Burada elə böyük mübahisə yaradacaq məsələ olmadığını düşünür, dövlət büdcəsi üçün 1.5 milyard manatın bir il ərzində böyük kəsir yaratmayacağı qənaətindəyik. Eyni zamanda, nəzərə alsaq ki, heç də 2 milyon 600 min uşağın hamısı aztəminatlı ailələrdə dünyaya göz açmır. Ədalət prinsipini təmin etmək məqsədilə əlavə olaraq aşağıdakıları təklif edirik:
Valideyinlərin (ata və ananın) aylıq rəsmi gəliri minimum əmək haqqının 4 mislindən çox olan ailələrin övladlarına uşaq pulu ödəməkdən dövlət azad edilsin və bu tip ailələr aztəminatlı ailə kateqoriyasına aid edilməsin. Bununla da dövlət büdcəsindən ehtiyacı olmayan ailələrə və bu ailələrin övladlarına artıq pul verməməklə qənaət etmək olar. Belə olacağı halda təxminən ayda 100 milyon (ildə 1 milyard 200 milyon) olmaqla dövlət sağlam gələcəyinə rahatlıqla sahib çıxmış olar”
Tarix: 9-04-2021, 09:36