Uşaqpulu müzakirəsi davam edir və hər kəsin özünə görə arqumenti var REAL Partiyasının sədri İlqar Məmmədovun uşaqpulu ilə bağlı fikirləri geniş rezonans və narazılıq doğurdu. Xatırladaq ki, Məmmədov fikrini belə əsaslandırıb:
“Uşaqpulu mövzusu ilə xalqı aldadanların hər birinin cavabını artıqlaması ilə verəcəyik. Həmin şəxslərdən heç biri hələ indiyədək bu şüarın büdcəyə və iqtisadiyyata neçəyə başa gələcəyini konkret rəqəmlə ifadə etməyib. Bizim mövqe: sadəcə “uşağım var, dövlət mənə pul versin” təsəvvürünü insanlarda yetişdirənlər ya nə danışdıqlarını heç anlamırlar, ya da xalqa vicdanlı xidmət hissini tam itiriblər.
Nəsilvermə əmsalı Azərbaycanda ancaq son 4-5 ildir ki, artım üçün tələb olunan 2.1-dən aşağı düşüb. Bunun mürəkkəb səbəblər çeşidi var, o cümlədən keçmiş müharibələrin irsi olan demoqrafik dalğalar, şəhərləşmə, iqtisadi təsəvvürlərin dəyişməsi və s. Əmsalın daha aşağı düşməsinin qarşısını almaqdan ötrü bir çox tədbirlər görülməlidir və bu tədbirlər arasında, əlbəttə, doğumun iqtisadi stimullaşdırılması tədbirləri də var.
Birinci uşağa görə dövlət heç kəsə maddi yardım verməməlidir. Birinci uşaq ailələrin tam şəkildə öz məsuliyyəti, seçimi və planı olmalıdır. İkinci uşağın doğulması və müəyyən yaşa çatması üçün isə dövlət tərəddüd edən ehtiyaclı valideynlərə öz dəstəyini təklif etməlidir. Yardım məbləği qəpik-quruş yox, əhəmiyyətli olmalıdır. Amma bu vəsaitin valideynlər tərəfindən məhz uşaqların qida, təhsil, geyim və müalicəsinə xərcləməsi üzərində dövlət ciddi nəzarət qurmalıdır.
Üçüncü və sonrakı uşaqlar yenə də valideynlərin öz məsuliyyətli seçimi və planı olmalıdır. Bu məsuliyyətli seçimi etməkdə dövlətin ümumi iqtisadi siyasəti valideynləri inandırmaqla yardımçı olmalıdır. İş yerlərinin yaranması üçün iqtisadiyyat sərmayələrə açılmalıdır. Bu isə daha geniş, əhatəli siyasətin tərkib hissəsidir – hüquq aliliyi, korrupsiyanın cilovlanması, demokratik siyasi təmsilçilik və s.
İndi isə bəzi hesablamalar: Son 18 ildə Azərbaycanda 900 mindən çox ikinci uşaq doğulub. REAL-ın təklif etdiyi maddi dəstək nəticəsində qarşıdakı illərdə bu rəqəm 1 milyona çatsa və hər ikinci uşağa görə ailəyə ayda 100 manat dövlət yardımı olsa, bu, büdcəyə ildə yuxarı-aşağı 1 milyard manata başa gələcək. Uşaqlara hazırda ayrılan digər sosial yardım proqramlarının qismən yenidən proqramlaşdırılması nəticəsində, biz bu məbləğin bir hissəsini indiki büdcədə də tapa bilərik. Dövlətin ümumi iqtisadi siyasəti dəyişdikcə büdcəyə əlavə vəsait cəlb edə biləcəyik və nəticədə dəstək məbləğini artıra, hətta dəstək proqramını üçüncü uşaqlara da tətbiq edə bilərik”.
Məmmədovun bu mövqeyi cəmiyyətdə və ekspert cameəsində birmənalı qarşılanmayıb və bu yöndə qızğın müzakirələr davam edir. Məsələn, iqtisadçı ekspert Xalid Kərimli AYNA-ya şərhində deyib ki, uşaqpulunun büdcəyə yük olması məsələsinə birmənalı yanaşma yoxdur: ““Büdcəyə qənaət olunmaldır” dedikdə, hamı deyir ki, filan işlərdə milyardlar, milyonlar xərclənir, uşaqpuluna gələndə qənaət yada düşür? İnsanlar indi çox aqressivləşib. Kimsə doğru söz dedikdə, onu da linç etməyə başlayırlar”.
“Azərbaycanda son otuz ildə doğulanların statistikasına baxsaq, təxminən hər il 148 min uşaq dünyaya gəlir. Son illərə baxsaq, bu rəqəmin 140 min ətrafında dövr etdiyini görərik. Hər min nəfərə doğulanların sayı getdikcə aşağı düşür. Doğulanların sayının ən yüksək olduğu dövr 2011-2012-ci illər olub. Hazırda isə hər min nəfərə 14 uşaq anadan olur. 8 min uşaqdan həm anadan olma, həm də müəyyən yaşa çatmasına nəzər salsaq, 148 minə il ərzində məbləğdən asılı olaraq vəsait ayrılacaq. Ümumi şəkildə bunu təqaüd adlanlandırmaq olar”, - deyə iqtisadçı bildirib.
Kərimli bunun yalnız iqtisadi məsələ yox, həm də sosial-demoqrafik məsələ olduğunu vurğulayıb: “Hansı ölkələrdə əhalinin təbii artımında azalma baş verirsə, həmin ölkələr çalışır ki, uşaqpulları vasitəsilə uşaqların sayını stimullaşdırsınlar. Hansı ölkələrdə ki əhalinin demoqrafik artımında yüksəlmə baş verir, bu cür subsidyalardan söhbət getmir, ümumiyyətlə kvotalar, limitlər qoyurlar. Məsələn, Çində bir ailəyə bir uşaq limiti qoyulur. Bu, ölkənin təbii artımına görə ortaya çıxan iqtisadi-sosial stimullaşdırma məsələsidir”.
Ekspert hesab edir ki, Azərbaycanda təbii artım kifayət qədər olduğuna (ildə 80-100 min arasında insan sayı artır) görə bizdə vəziyyəti faciəvi deyil: “Yəni burada “hökumət subsidyalarla təbbi artımı daha stimullaşdırmalıdır” tələbi şərt deyil. Ümumi vəziyyətə baxdıqda, uşaqpullarının verilməsi büdcədən illik 100 milyon AZN əlavə vəsait ayrılması deməkdir. Azərbaycanın iqtisadi vəziyyətinə baxsaq, hazırda büdcəmiz sosialyönümlü büdcədir. Büdcə öz xərclərini qeyri-neft sektorundan gələn gəlirlər hesabına bağlaya bilmir. Burada da bu tip əlavə təqaüdlərin ortaya çıxması kəsiri nəinki azaltmır, əksinə artırır”.
“Burada ortaya bir çox suallar çıxır: Büdcə tam şəffafdırmı? Büdcə düzgün formalaşıbmı? Hər şey dəqiqliklə, ədalətli şəkildə, prioritetlər düzgün müəyyənləşdirilərək yönəldilirmi? Bu cür suallar olduğuna görə cəmiyyətdə də bu məsələ hər zaman müzakirə obyektidir və birmənalı fikirlər də yoxdur”, - deyə müsahibimiz qeyd edib.
Kərimli əlavə edib ki, uşaqpulu gəlirlərin dövlət büdcəsi vasitəsilə gənc ailələr arasında yenidən bölüşdürülməsidir və daxili tələbi stimullaşdırır: “Daxili tələb isə idxalı artırır. Ölkənin istehsalının vəziyyəti o qədər də ürəkaçan olmadığına görə burada müsbət nəsə demək olmaz. Uşaqpullarını vermək yaxşıdır, yoxsa verməmək? Bu sualın konkret cavabı da yoxdur. Lakin uşaqpulu verən ölkələrə baxdıqda görürük ki, həmin ölkələrdə ya təbbi artım yay-ox səviyyəsindədir, ya da çox cüzidir, ölüm doğum sayını üstələyir. Bu baxımdan ölkəmizdə faciəvi vəziyyət yoxdur”.
“Lakin əhalinin gənc təbəqəsinin uşaqpulu vasitəsilə gəlirlərinin artırılmasına yönəlik addım gəlirlərin sosial bölüşdürülməsi zamanı sosial bərabərsizliyi yumşalda bilər. Ehtiyacı olan insanlara əlavə gəlirlər ödənilə bilər. Ancaq bu halda da hamıya deyil, müəyyən dərəcədə sosial cəhətdən zəif olan təbəqənin uşaqlarına uşaqpulları verilə bilər”, - deyə mühasibimiz fikrini yekunlaşdırıb.
İqtisadçı ekspert Rəşad Həsənov isə AYNA-ya açıqlamasında deyib ki, uşaqpulu mexanizminə müqavimətin kökündə onun yaradacağı fiscal yük dayanır: “Düzdür, hökumət bunu fərqli arqumentlərlə izah etməyə çalışır. Hökumət deyir ki, demoqrafik vəziyyət yaxşıdır, amma bu, heç də belə deyil. Eyni zamanda sosial müdafiə proqramları, uşaqların ailələrdə müəyyən bir ehtiyac meyarı çərçivəsində adambaşına gəlirin nəzərə alınması məsələsində hesablamalarda nəzərdə tutulduğunu deyirlər. Əslində onun yaradacağı fiskal yükün qarşısında ortaya çıxan qorxudan irəli gəlir. Burada söhbət təxminən 2,7 milyon uşaqdan gedir. Və buna görə də hökumət adətən müqavimət göstərir”.
İqtisadçı demoqrafik vəziyyət bağlı məsələyə toxunarkən, 90-cı illərdə Azərbaycana hər min nəfərə iyirmi uşaq doğulduğunu xatırladıb: “Cari vəziyyətdə isə müvafiq göstərici səkkizə qədər azalıb. Biz bunu ailələrin tərkibində də görə bilirik. Demək olar ki, Azərbaycanda artıq 2.5 milyona yaxın ailə təsərrüfatı var ki, onların əhəmiyyətli hissəsinin (bir milyona yaxın) uşaqlarının sayı bir və ya ikidir. Çoxuşaqlı ailələrin sayı isə sürətlə və kəskin şəkildə azalmağa doğru gedir. Azərbaycanda mövcud qanunvericiliyə görə, çoxuşaqlı ailə beş və daha çox uşağı olanlardır. Onların sayı isə onminlərə qədər azalıb. Bu proses növbəti 30 ildə bu templə davam etsə, “Azərbaycan ciddi demoqrafik böhranla üz-üzədir” deməyə əsas yaranır”.
Həsənovun sözlərinə görə, hökumətin tez-tez vurğuladığı ünvanlı sosial yardım hər kəs üçün əlçatan deyil: “Müxtəlif səbəblərdən üvnanlı sosial yardımın verilməsi dayandırıla bilir, yaxud da ailəyə sosial yardımın təyin edilməsi imkanı məhdudlaşır. Digər bir məsələ isə ondan ibarətdir ki, ünvanlı sosial yardım çərçivəsində ailə üzvlərinə nəzərdə tutulan gəlir səviyyəsi yaşayış səviyyəsindən aşağı göstəricidir. Ehtiyac meyarı çərivəsində ünvanlı sosial yardım verilir ki, ehtiyac meyarı yaşayış minimumundan iyirmi faiz aşağı olur. Bütün bu məqamları dəyərləndirdikdə və digər məsələləri nəzərə aldıqda (Beynəlxalq Uşaq Konvensiyasına görə) dövlət hər bir uşağın keyfiyyətli qidalanma, təhsil, səhiyyə xidmətlərinə əlçatanlığını təmin etməlidir”.
“Burada uşaqpulu deyildikdə müvafiq məqamı, insan kapitalından dəyərləndirmə apararaq bunu nəzərə almaq lazımdır. İnsan kapitalı bu gün cəmiyyətlərin formalaşmasında, dövlətlərin inkişafında çox vacib faktordur. Resursu olmayan, inkişaf etmiş insan kapitalı olan ölkələr bu gün daha varlı və sürətli inkişaf yolu keçmiş ölkələrdir, nəinki digərləri. Ona görə də Azərbaycanda məsələyə həm də bu aspektdən baxmaq lazımdır”, - deyə mütəxəssis vurğulayıb.
İqtisadçı qeyd edib ki, məsələyə sosial, demoqrafik, iqtisadi parametləri və gələcək inkişaf hədəflərini özündə birləşdirən bir layihə kimi baxmaq lazımdır: “Bugünkü mövcud fiskal vəziyyəti də nəzərə almaq olar. Təbii ki, post-pandemiya, post-neft, post-müharibə dövründə hökumətin manevr etmək imkanları məhduddur. Büdcədən birdən-birə üç-beş milyard manat bu məqsədlə vəsaitin ayrılması mümkün deyil. Hətta sosial müdafiə mexanizmlərini əhməiyyətli hissəsini özündə birləşdirən pensiya fondunun gəlirləri hər zaman xərclərindən az olur, dövlət büdcəsindən subsidyalaşdırılır. Amma eyni zamanda bu mexanizmin hədəfliyini təmin edən müəyyən bir çərçivə formalaşdırmaq olur. Bu çərçivə nədir? Bunu İlqar Məmmədovun fikri olaraq qəbul etməsinlər, bu fikri mən hər zaman qeyd etmişəm. Yaxşı olardı ki, bu, bütün uşaqları əhatə edərdi. Amma hələlik bu, mümkün olmadığı təqdirdə, bir yerdən başlamaq lazımdır. Gələcəkdə isə onu genişləndirmək olar. Bir yerdən başlamaq üçün birinci uşaqlara uşaqpulu verilməyə bilər, amma sonrakı mərhələdə diferensiallıq nəzərə alınmaqla ikinci uşağa uşaq pulunun təyin edilməsi, üçüncü uşağa ikinci uşaqla müqayisədə iyirmiz faiz əlavə, dördüncü uşağa həmçinin artan istiqamətlə ailədə uşaqların sayının artmasını təşviq edən, onu özündə birləşdirən bir model formalaşdırmaq olar. Burada rəqəmlər müzakirə ediləndir”.
“Hədəflilik baxımından qiymətləndirsək, Azərbaycanda ən yüksək gəliri olan fəaliyyət sahəsi neft sektor hesab olunur. Neft sekrtorunda orta aylıq əmək haqqı üç min manatdan yuxarıdır. Azərbaycan şərtləri daxilində, valideynlərindən birinin neft sektorunda çalışması həmin dövr ərzində uşaqpulunun verilməsinin dayandırılması üçün əsas hesab edilə bilər. Bunu xüsusi dövlət qulluğunda çalışanlara da şamil etmək olar. Bizdə problem uçotun olmamasındadır. Uçot dəqiq olsa və hökumət hər bir ailənin gəlirlərini hesablaya bilsə, o zaman ailə gəlirləri əsasında bu ölçü meyarların edilməsi daha yaxşı olur. Təəssüf ki, bizdə uçot yoxdur. Ona görə də söylədiyim faktorlardan istifadə etmək olar”, - deyə Həsənov əlavə edib.
Onun fikrincə, cari vəziyyət nəzərə alınmaqla ailə gəliri limiti qoyula bilər: “Məsələn, adambaşına hər ailədə üç yüz manatdan yuxarı gəliri olduğu təqdirdə uşaqpulunun həmin dövr ərzində verilməsinin məhdudlaşıdırılmasını həyata keçirmək olar. Bu da müəyyən qədər əhatə dairəsini azaldar. Deyək ki, artıq 2,7 milyon deyil, 1,5 milyon uşağın pulunun dövlət tərəfindən ödənilməsi daha rahatdır. Azərbaycan qanunvericiliyi 15 yaşdan yuxarı uşaqların işləməsinə imkan verir. Məsələn, bu zaman uşaqpulunun 18 yaşa qədər deyil, 15 yaşına qədər verilməsini də ilkin dövrlərdə tətbiq edə bilərik. Uşağın böyüdüyü, inkişaf etdiyi, orqanizm baxımından ciddi səhiyyə xidmətlərinə və qidaya ehtiyac olduğu dövrlərdə həmin uşaqpulunu vermək mexanizmini də formalaşdıra bilərik. Dolayısıyla həmin proqramın yükünü kiçildə bilərik. Təbii ki, daha sonra təkmilləşdirmək şərtilə hamsını etmək olar”.
“Bunun üçün maliyyə mənbələri varmı” sualını ekspert bu cür cavablandırıb: “Müəyyən bir çərçivəyə salındıqdan sonra maliyyə mənbələri də tapıla bilər. Birincisi, Azərbaycan dövlət büdcəsinin özünün sosial təyinatlı xərcləri elə də böyük deyil. Məsələn, inkişaf etmiş ölkələrdə, sosialyönlü inkişafa nail olmuş ölkələrdə büdcə xərclərinin səksən faizinə qədər hissəsi sosial xərclər hesab olunur. Azərbaycanda bu göstərici artıb. Bu, o deməkdir ki, dövlət büdcəsinin sosialyönümlü hissəsinin genişləndirilməsi imkanları var”.
Tarix: 8-04-2021, 22:20