Koronavirusa “yoluxan” təhsilimiz: Çıxış yolu nədədir? - VİDEO
Azərbaycanda koronavirusa yoluxma hallarının artması səbəbindən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılıb, məktəblər distant təhsilə keçiblər. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdirilir. Son bir il ərzində məktəblərin bağlanıb-açılması, distant tədrisin tətbiqi valideynlər tərəfindən birmənalı qarşılanmır. Bəzi valideynlər əyani dərslərin, digərləri isə sağlamlığı üstün tutaraq onlayn tədrisin tərəfdarı olduğunu bildirir. Bu problem təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində müşahidə edilir.
Bəs, təhsilin pandemiya sınağından çıxması üçün nə etməliyik? Onlayn dərslərin hansı fəsadları var? Ənənəvi dərslərə nə vaxt başlanacaq?
Təhsil eksperti Elçin Süleymanov mövzu ilə bağlı Azvision.az-ın suallarını cavablandırıb.
Onun sözlərinə görə, pandemiyanın zərərlərinin təhsilin keyfiyyətinə təsirlərini azaltmaq üçün bir sıra ölkələr, o cümlədən Azərbaycan lazımı addımlar atıb. Bu dövrdə Təhsil Nazirliyi operativ davranıb, aprel ayından “Virtual məktəb” layihəsi qurulub, teledərslər başlayıb. Qısa zamanda 1 milyon 200 min şagird “Virtual məktəb”də qeydiyyatdan keçib:
"Arzulolunan effektin alındığını deyə bilməsək də, prosesi ən yaxşı idarəedən ölkələrdən birinin Azərbaycan olduğunu qeyd edə bilərik. Lakin bu, pandemiyanın təhsilə təsir göstərməməsi demək deyil. Xüsusilə birinci siniflərdə şagirdlər üçün məktəb atmosferi, yazıb-oxumanı öyrənmək üçün müəllimin auditoriya təması əhəmiyyətlidir”.
Məktəblərdə distant təhsilin keçici olduğunu qeyd edən təhsil eksperti ümid edir ki, sentyabrdan ənənəvi tədrisə qayıdacağıq.
Müsahibənin tam versiyası ilə təqdim etdiyimiz videodan tanış ola bilərsiniz: