"Pew Research Center" ekspertləri Dünya Bankının məlumatları əsasında COVİD-19 pandemiyasının əhalinin gəlirlərinə təsirini qiymətləndiriblər. Araşdırmaya görə, pandemiya nəticəsində dünya üzrə orta sinfin sayı azalıb, yoxsulluq artıb.Araşdırmanı təhlil edən iqtisadçı Samir Əliyev bildirir ki, sənədə əsasən 2020-ci ildə dünya üzrə orta sinfin sayı proqnozlaşdırılandan 54 milyon nəfər az, yoxsulların sayı isə 131 milyon nəfər çox olub.
"Məsələ ondadır ki, 2011-2019-cu ildə dünya üzrə orta sinfin sayının orta illik artımı 54 milyon nəfər olduğu halda 2020-ci ildə bu, baş verməyib və prosesin belə davam edəcəyi təqdirdə vəziyyətin daha acınacaqlı olacağı günam edilir", - ekspert vurğulayıb.
S. Əliyevin sözlərinə görə, araşdırma üzə çıxarıb ki, pandemiyaya qədər dünyada yoxsul əhalinin payı 8,7% olduğu halda hazırda 10,4%-ə yüksəlib. Bu müddətdə orta gəlirli əhalinin payı 17,8%-dən 17,1%-ə, yüksək gəlirli əhalinin payı isə 7,6%-dən 6,8%-ə düşüb.
Ekspert qeyd edir ki, "Pew Research Center" əhalinin gəlir qrupu üzrə pandemiyanın vurduğu zərəri aşağıdakı kimi təsnifləşdirib:- Yoxsullar (gündəlik qazanc $2-a qədər) – 131 milyon nəfər artıb.- Aşağı gəlirli (gündəlik qazanc $2-$10) – 21 milyon nəfər azalıb.- Orta sinif (gündəlik qazanc $10-$20) - 54 milyon nəfər azalıb.- Gəliri orta səviyyədən yuxarı olanlar (gündəlik qazanc $20-$50) - 36 milyon nəfər azalıb.- Yüksək gəlirli (gündəlik qazanc $50-dan çox) - 62 milyon nəfər azalıb".İqtisadçı bildirib ki, Dünya Bankının hesablamasına görə, Azərbaycanda orta sinfin payı devlvasiyadan əvvəl 20%-dən çox olub:
"Həm devalvasiyanı, həm də pandemiyanın nəzərə alsaq hazırda bu göstəricinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü güman etmək olar"."AzPolitika.info"
Tarix: 6-04-2021, 21:50