“Bizə qarşı ikili standart təşkil olunacaqsa, pulu niyə ödəməliyik?”


“Bizə qarşı ikili standart təşkil olunacaqsa, pulu niyə ödəməliyik?”

“COVAX proqramı çərçivəsində peyvəndlərin Azərbaycana göndərilməməsi ədalətsiz bir qərar, ədalətsiz bir yanaşmadır. Əgər Azərbaycan müqavilə bağlayıb, pulunu ödəyibsə, sən dərmanı göndərməlisən”.
 “Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Real TV-nin “Real intervyu” verilişində deyib.
 “Bəhanə gətirmək lazım deyil ki, sənin vaksinin var, Çindən vaksin gətirmisən, müəyyən qədər insanların vaksin olunub və s. Bunların hamısı bəhanədir. Həm də əgər müqavilən varsa və biz də görmüşük ki, dünya ölkələrində bizə nümunə göstəriblər ki, bunlar müqaviləyə, beynəlxalq hüquqa sadiqdir. Amma indi görürük ki, bunlar nə beynəlxalq hüquqa sadiqdir, nə qoyduqları imzaya hörmət edirlər, nə bağladıqları kağıza, nə də müqavilələrə. Onun üçün də mənə elə gəlir ki, Azərbaycan tərəfi və eyni zamanda, Azərbaycan Prezidenti doğru edir ki, onları çox sərt tənqid edir, onları ən sərt tənqidlərə məruz qoyur, ikili standartları təmin etməkdə günahlandırırlar. Biz bunu deyirik və deməliyik də.
 Necə ola bilər ki, sən mənim başımın üzərindən Ermənistana, Gürcüstana göndərirsən. Lap göndər Gürcüstana, qonşu ölkələrdir, biz buna etiraz edə bilmərik və demirik ki, onlar qırılsınlar, ölsünlər. Amma sən mənim başımın üzərindən ona niyə göndərirsən? Hərçənd ki, lazım olanda Azərbaycandan kömək istəyə bilirlər, Azərbaycanla başqa bir tərzdə, yumşaq danışıb nəsə xahiş edə bilirlər. Azərbaycan bu COVID pandemiyası ilə bağlı dünyanın 30 ölkəsinə kömək edib. İki dəfə üst-üstə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) böyük məbləğdə pul ödəyib. Biz bu pulu çölə atmırdıq ki, biz niyə ödəyirdik onu?
 Əgər biz vaxtında vaksin ala bilmiriksə, bizə qarşı ikili standart təşkil olunacaqsa, biz onu niyə ödəməliyik, nəyə görə sizin yalandan təriflərinizə, yalançı vədlərinizə uymalıyıq. Ona görə də mən belə başa düşürəm ki, bu gün Azərbaycan ancaq ən çox elə özünə güvənməlidir, özü öz ayağı üstündə dayanmağı bacarmalıdır və mənə belə gəlir ki, artıq bu da bizə dərs oldu. Azərbaycan özünün elmi tədqiqatını ciddi səviyyəyə çatdırmalıdır ki, biz özümüzə lazım olan həm məhsulları istehsal edə bilək, həm də elmi tədqiqat nəticəsində lazım olan dərmanlarımızı da istehsal edə bilək, lazım olan avadanlıqların istehsalı üçün müəyyən addımlar ataq.
Təbii ki, biz hələ dünya səviyyəsinə gəlib çata bilməyəcəyik, amma istənilən halda biz bu addımları atmalıyıq. Biz əvvəllər belə düşünürdük ki, dünyada sivil inkişaf gedir, dünyada insanların bilik səviyyəsi, ziyalılığı artır, humanizm, beynəlxalq hüquqa hörmət artır”.



Tarix: 26-03-2021, 22:05
Xəbəri paylaş



Xəbər lenti