“İki azyaşlı övladım var. O boyda ermənini dizi üstə qoyub, gəlib balalarımın qarşısında, onların qarnını doyura bilmədiyim üçün xəcalətdən ikiqat qalmışam. İş istəyirəm, iş yoxdur, ünvanlı sosial yardım yoxdur, ailəmin heç bir maddi gəliri yoxdur. Kommunal xərcləri, dərmanı, geyimi qoyuram bir kənara, mən bir ata olaraq balalarıma gündəlik yavan çörəyi də tapıb yedizdirə bilmirəm”. Mingəçevir sakini olan Elçin Paşazadə İkinci Qarabağ Müharibəsindən qayıdandan sonra özünə iş tapa bilmir. O, Meydan TV-yə danışır ki, ötən ilin dekabrında evə qayıdandan sonra iş üçün dəfələrlə Mingəçevir Şəhər Məşğulluq Mərkəzinə və icra hakimiyyətinə müraciət edib. Ancaq hələ də özünə münasib iş təklifi almayıb. “Hələ müharibə başlamamışdan bir müddət əvvəl Mingəçevir Şəhər Məşğulluq Mərkəzinə işaxtaran kimi müraciət etmişdim. Axtardığım iş də Yaşıllıq İdarəsində, ya icra hakimiyyətində, ya Kommunal İdarədə fəhlə işidir ki, balalarımı dolandırım. Onda heç olmasa dərdimi dinləyən olmuşdu. Müharibədən qayıdandan sonra yenə həmin mərkəzə üz tutdum, qazi, veteran görəndə üz-gözlərini turşudurlar, elə bil ki, bunlara əlavə yük olmuşuq... İnanın ki, bu dəfə məni heç qapıdan içəri buraxmaq istəmirdilər, mızıldanırlar ki, müharibədən qayıdanların əlindən bezmişik, iki ay döyüşüblər, baş-beynimizi aparıblar”.
Elçin Paşazadə 17 oktyabr 2020-ci il tarixdə könüllü döyüşçü kimi İkinci Qarabağ Müharibəsinə qatılıb. N saylı Hərbi Hissənin tərkibində Cəbrayıl, Xocavənd və Laçın istiqamətində döyüşlərdə iştirak edib. Dekabrın 21-də tərxis olunub. İşaxtaran kimi müraciətinin boşa çıxmasından sonra qərara gəlib ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısından iş üçün kömək istəsin.
“Bir neçə gün əvvəl düşündüm ki, vətəndaşın dərdini dinləmək üçün prezident Mingəçevirə o boyda başçı təyin edib. Gedim, bəlkə o bir çarə elədi. Üz tutdum icra hakimiyyətinə, başçının qəbuluna düşdüm. Başçının mənə elə cavab verdi ki, bir anlıq onun özünün işsizlikdən əziyyət çəkdiyini, maddi ehtiyac, sosial problemlər içində itib-batdığını düşündüm. Maraqlıdır ki, mənə təxminən “Mingəçevirdə kimə iş tapıldı ki, sənə tapılmadı” kimi cavab verən başçı hesabatlarda Mingəçevirdəki işsizliyin xeyli aradan qaldığıldığını, yeni iş yerlərinin açıldığını, əhalinin böyük hissəsinin işlə təmin olunduğunu deyir”.
Elçin Paşazadə “iş tapmadıqca, batıram”, deyir... Ailəsini gündəlik çörəklə də təmin etməməsi onu məyus edir.
“Qayıdıram yenə öz dərdimə... Ailəliyəm, azyaşlı iki övladım var. Ailəmin heç bir maddi gəliri yoxdur. Kommunal xərcləri, dərmanı, geyimi qoyuram bir kənara, mən bir ata olaraq balalarıma gündəlik yavan çörəyi də tapıb yedirdə bilmirəm”, - şikayətçi deyir.
Keçmiş döyüşçü Prezident İlham Əliyevə də müraciət edib. Ona “ölkədə toxun acdan xəbəri yoxdur, cənab prezident”, deyə yazıb. Kömək istəyib, “özünüz də atasız, övladlarınıza qayğı göstərirsiz. Və yəqin ki, bir ata kimi məni yaxşı anlayırsız”, - yazıb. İşlə təmin olunması üçün yaşadığı Mingəçevir şəhəri üzrə Məşğulluq Mərkəzinə və icra hakimiyyətinə göstəriş verilməsini istəyib və prezidentin bu məsələdə ona yardımçı olacağına ümid bəslədiyini vurğulayıb.
Mingəçevir Şəhər Məşğulluq Mərkəzindən müharibə iştirakçısının gileylərinə münasibət öyrənmək mümkün olmayıb. Mingəçevir Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, icra başçısı İlham İsmayılov İkinci Qarabağ Müharibəsi müharibə iştirakçılarına xüsusi diqqət göstərir, yaralı qaziləri dəfələrlə ziyarət edib: “Müxtəlif problemləri olan qaziləri qəbul edir, problemlərini dinləyir və qurumun imkanları daxilində onlardan köməyini əsirgəmir”.
Fotoları təqdim edirik
Tarix: 11-03-2021, 09:00