“Avtobuslar metronun da yükünü çəkir, çıxış yolu isə yoxdur…”



Bakı metrosunun pandemiya ilə əlaqədar fəaliyyətini dayndırması alternativ nəqliyyat vasitələrində sıxlığa gətirib çıxarıb. Avtobuslarda müşahidə edilən sərnişin sıxlığı isə ciddi narazılıqlara səbəb olur.
Yəqin ki, əksəriyyət gün ərzində “Adam çoxdur, hara saxlayırsan?” və ya “Dayanacaqda dayanma, birbaşa sür” kimi iradlarla sürücüləri günahlandıranlarla az rastlaşmır. 
Əslində günahkar kimdir? Avtobusların sərnişin limiti varmı və problem necə aradan qaldırıla bilər?  
Neqativ.com-un məlumatına görə, yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı sfera.az-a avtobuslarda sərnişinlərlə bağlı müəyyən qaydaların olduğunu deyib:
“Düzdür, şəhərlərarası daşımalarda ayaqüstdə sərnişin daşıması qadağandır. Amma şəhərdaxili nəqliyyatda buna qanunla icazə verilir. Bəzi avtobuslarda istehsalçı zavod oturacaq sayını və ayaqüstdə sərnişin sayını müəyyənləşdirir və bu məlumat qapının girişində – hər iki tərəfdə qeyd edilir. Ümumilikdə qanuncericilikdə bununla bağlı konkret nəsə yoxdur. Buna görə də bu gün avtobus sürücülərini də, sərnişinləri də anlamaq mümkündür. İnsanlar dayanacaqlarda dayanırlar, avtobusların sayı məhduddur. Belə olan halda, hamı mənzilbaşına vaxtında çatmaq istəyir. Bunun üçün də ictimai nəqliyyat normal şəkildə işləməli, avtobusların sayı yetərincə olmalıdır”.
Ekspert vurğulayıb ki, Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, hazırda paytaxtda 2100 civarında avtobus xidmət göstərir:
“Bu say isə hətta pandemiyadan əvvəlki dövrdə belə yetərincə olmayıb. Bakı şəhərində aparılan təhlillərə görə, metro işləyə – işləyə 2500 avtobus sərnişinlərin tələbatını ödəyə bilər. Bu qədər avtobus isə Azərbaycanda təbii ki, yoxdur. Üstəlik metro da bağlıdır. Metronun gün ərzində bir milyondan çox , avtobusların da 2 – 2,2 milyon civarında sərnişin daşıdığını nəzərə alsaq, bu gün metronun yükü avtobusların çiynindədir. Avtobuslar isə heç adi günlərdəki tələbatı yerinə yetirə bilmir. Beləliklə problem özünü qabarıq şəkildə göstərir. Bu baxımdan nə sərnişinləri, nə də avtobus sürücülərini qınayıram. Reallıqla barışmaq lazımdır.
Hamı evinə vaxtında çatmaq istəyir, kimə demək olar ki, “Avtobusa minmə, düş”. Əlbəttə, qapıları açıq qoymaq, sıxlıq yaratmaq olmaz. Pandemiya dövründə bu, təhlükəlidir. Amma kimə deyək? Sürücüyə irad bildirəndə heç kimin düşmək istəmədiyini, məcbur olduğunu deyir. Hamı yüksək maaş almır ki, gündə taksi ilə gedib gəlsin, yaxud, şəxşi avtomobildən istifadə etsin. İnsanlar məcburən bu vəziyyətə düşüblər. Çıxış yolu isə yoxdur. Əvvəllər ictimai nəqliyyatın digər növləri yaradılmış olsaydı – tramvay, trolleybus – yəqin ki, bu  vəziyyətə gəlib düşməzdik”.
Tarix: 3-03-2021, 23:51
Xəbəri paylaş



Xəbər lenti