“Bəlkə, yollara bir maşın qum töküb, 50 maşın kimi qeyd edirlər?!”
“Ümumiyyətlə, qışa hazırlıqla bağlı dövlət vəsaiti və müvafiq texnikalar araşdırılmalıdır”
“Bütün bunlar şəffaf şəkildə Prezidentə məruzə olunmalıdır”
Fevralın 23-dən etibarən yağan qar paytaxtda bir sıra əngəllərə səbəb oldu. Xüsusilə yollardakı durum arzuolunmaz idi. Yolların buz bağlaması nəqliyyatların hərəkətinə mane oldu, çoxlu sayda yol qəzası baş verdi. Bundan başqa, yıxılaraq xəsarət alan vətəndaşların da sayı az deyildi. Aidiyyəti qurumlar hər il qışa hazırlıq işlərinin görüldüyünü, müvafiq hava şəraitində, xüsusilə qarlı və şaxtalı havada texnikaların olduğunu bildirirlər.
Lakin xaricdən gətirildiyi deyilən bu texnikaların varlığı ilə yoxluğu bilinmir. Məsələn, sonuncu dəfə qar yağanda şəhərdə həmin texnikaların cəmi 1-2-sini görərdik, ya yox. Maraqlıdır, həmin avadanlıqlar nə üçün istifadə olunmur?
Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCiYA) vitse prezidenti Məhərrəm Zülfüqarlı “Sherg.az”a bildirib ki, cənab Prezident son çıxışlarında da qeyd edib ki, ölkədə hər şey şəffaf olmalıdır:
“Qış olanda yadımıza düşür ki, hansısa problemlər oldu və filan işlər görülmədi, sonra da yaddan çıxıb gedir. Fikrimcə, bu məsələlər araşdırılmalıdır. Necə ki, icra hakimiyyətlərində yoxlamalar aparılır, korrupsiyaya uğramış icra başçıları həbs olunur, o cümlədən Bakıda qışa hazırlıqla bağlı alınan texnikalar, onların qiymətləri və sayı qeyd olunmalıdır.
Məsələn, bir gün qar yağır və bu sahədə çalışanlar yalandan qeyd edirlər ki, guya 1 ay işləyiblər, lakin görürük ki, həmin texnikalara cəmi 1-2 gün ehtiyac olub. Eyni zamanda yollara qum və duz tökülməsi də nəzərə alınmalıdır.
Bəlkə, yollara bir maşın qum töküb, 50 maşın kimi qeyd edirlər? Bu da korrupsiyanın bir formasıdır. Ona görə də yalnız sərt qış keçən günləri yox, ümumiyyətlə qışa hazırlıqla bağlı dövlət vəsaiti və müvafiq texnikalar araşdırılmalıdır.
Bütün bunlar şəffaf şəkildə Prezidentə məruzə olunmalıdır. Xalq da bilməlidir ki, bu sahədə vəziyyət necədir, nələr çatışır, nələr yox. Beləliklə, aidiyyəti qurumlarda çalışan şəxslərin məsuliyyəti artacaq”.
Tarix: 1-03-2021, 22:42