2018-ci ildə keçirilən prezident seçkilərindən sonra hakimiyyət radikal islahatlara gedəcəyini bəyan etdi. 2019-cu ildən isə bu istiqamətdə müəyyən addımlar atıldı. Əsasən cəmiyyətin daha çox narazı olduğu, yaşlı və uzun müddət eyni vəzifədə təmsil olunan məmurların hakim komandadan uzaqlaşdırılmasına başlanıldı.
Paralel olaraq struktur dəyişikliklərinə start verildi və diqqət əsasən iqtisadi sahələri əhatə edən dövlət qurumlarına yönəldildi. Həmin vaxt istər hakimiyyətə yaxın şəxslər, istər iqtidarın opponentləri ilk növbədə
Dövlət Gömrük Komitəsinin (DGK) ləğvini gündəmə gətirdi. DGK-nın ləğv olunmasının təklif edilməsi təsadüfi deyildi. Bu qurum ictimai rəydə korrupsiya yuvası kimi xarakterizə edilir(
di).
Bu barədə mediada da kifayət qədər materiallar dərc olunub. Digər tərəfdən, ekspertlərin fikrincə, DGK həm də monopoliyanın çiçəklənməsinə rəvac verən qurumdur. Bu barədə daha çox sahibkarlar danışır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar deyir ki, DGK faktiki olaraq Azərbaycanda bu sahənin inkişafında başlıca əngəl yaradan qurumdur.
İslahatlar dalğası zamanı DGK-nın Vergilər Nazirliyinə birləşdirilməsi təklif edilirdi. Lakin bunun əksi baş verdi. Vergilər Nazirliyi ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyinə verildi. Gömrük Komitəsi isə müstəqil qurum kimi fəaliyyətini davam etdirdi.
Lakin “Gömrük Komitəsi ləğv olunsun” səsləri səngimədi.
Xüsusilə, hakimiyyətə yaxın mediada DGK-nın ləğvi istiqamətində təbliğat aparılır. Qurumun rəhbəri
Səfər Mehdiyev tənqid atəşinə tutulur. Müşahidələr göstərir ki, proses heç də xüsusi olaraq Səfər Mehdiyevin “vurulması” məqsədi daşımır. Sadəcə DGK artıq müstəqil bir qurum kimi problemə çevrlib.
Cari ilin əvvəlindən başlanan bahalaşma dalğası da gönrük siyasətinin nəticəsi kimi səciyyələndirilir və DGK-nın ləğvi təklifi daha ucadan səsləndirlir. Bir neçə gün əvvəl isə İqtisadiyyat naziri
Mikayıl Cabbarov orta sahibkarlığın inkişafının zəruriliyindən danışıb. Bunun üçün ilk növbədə təbii ki, monopoliya aradan qaldırılmalıdır.
Gömrük Komitəsi isə yuxarıda qeyd etdiyimiz kimi monopoliyaya rəvac verən qurum hesab edilir.
Bəzi iddialara görə, nəhayət, DGK-nın ləğvi məsələsi reallaşa bilər. Güman olunur ki, bu qurum da İqtisadiyyat Nazirliyinə birləşdiriləcək. Son günlər
Səfər Mehdiyev və
DGK-nın fəaliyyətinin hakimiyyətə yaxın mediada sərt tənqid olunması da bununla izah edilir.
“24 saat” Təhlil Şöbəsi
Tarix: 19-02-2021, 10:38