“Azəriqaz” – Son günlər bu qurumun adı insanlarda yalnız əsəb və gərginlik yaradır. Niyəsi çox sadədir. Adıçəkilən dövlət şirkəti guya köhnə sayğacların istismar müddətini başa vurduğunu əsas gətirərək, büdcədən ayrılan vəsait hesabına yeni sayğaclar alıb. Axı yeniliyin nəyi pisdir ki? .. Əlbəttə, amma gərək yenilik də insanların həyatına bir dəyişiklik gətirsin, daha onu “cəhənnəmə” çevirməsin. “Azəriqaz”ın quraşdırdığı yeni sayğaclar isə sərfiyyatdan əlavə pul yazmaqla, maddi vəziyyəti ürəkaçan olmayan insanlara daha bir “zərbə” vurur. Bu isə təbii ki, haqlı narazılıqlarla qarşılanır. Dəfələrlə adi insanların və hətta cəmiyyətin tanınmış şəxslərinin bu qurumun “fəaliyyətindən” narazı olduqları haqda məlumatlar dərc etmişik. Amma “Azəriqaz” rəsmilərinin heç tükü də tərpənməyib.
Bu dəfə isə sözügedən qurumun fəaliyyəti haqda növbəti narazılıq sosial şəbəkələrdə paylaşılıb.
Lalə Mustafayeva adlı vətəndaş qazdan istifadəyə görə, ona şişirdilmiş borc gəldiyini iddia edib. Vətəndaş borc qəbzini çəkərək sosial şəbəkə hesabında paylaşıb və bu sözləri deyib: “Evimdə cəmi 4 radiator mövcuddur. Bu 4 radiator 200 manat necə yaza bilər?. Keçən ay 114 manat pul ödəmişəm. Siz isə hələ də mənim 114 manat borcum olduğunu yazırsınız. Allahdan heçmi qorxmursunuz?”.
Şikayətçi “Azəriqaz” rəhbərliyinə də səslənib: “ “Azəriqaz”ın rəhbərləri yəqin ki, böyük villalarda yaşayırlar. Görəsən onların özlərinə nə qədər borc yazılır, yaxud villalarda yaşayan məmurların evlərinə hansı məbləğdə borc göndərilir?. Yoxsa ancaq kasıb əhaliyə bu məbləği göndərə bilirsiniz?. Buna vicdanınız necə yol verir? Allahdan qorxmursunuz? kəfənin cibi yoxdur, bunu unutmayın!. Unutmayın ki, Allah sizi cəzalandıranda zülm çəkəcəksiniz, necə ki, insanlar zülm çəkir”.
Qeyd edək ki, sosial şəbəkələrdə bu cür videoların geniş yayılmasına baxmayaraq, “Azəriqaz” rəhbərliyi heç bir reaksiya vermir. Bu isə abonentlərdə daha böyük çaşqınlıq yaradaraq, sözügedən quruma qarşı inamsızlığı daha da artırır.
Konkret.az
Tarix: 13-02-2021, 15:26