İqtisadçı Rövşən AğayevBunu şəxsi nümunəmdən yazıram, amma hər kəsin üzləşə biləcəyi haqsızlıqdır.
Neçə müddətdir sosial şəbəkələrdə vətəndaşlara sayğac göstəricilərlə manipulyasiya edilməklə qaza görə artıq ödənişlərin yazılması müzakirə olunur. Əlimdə fakt olmadığı üçün indiyədək nəsə yazmırdım. İndi özüm üzləşdiyim faktı yazıram.
Ötən aya qədər işlətdiyim elektron sayğacı dekabrın 18-də gəlib dəyişdilər, kart sistemi ləğv edildi. Yeni sayğac qoyulanda üzərində 200 kub işlənməmiş qaz vardı. Akt tərtib edildi və sayğacı dəyişən şəxslər növbəti ay ödəniş qəbzində həmin 200 kubun nəzərə alınacağını dedilər.
Bu gün qəbz gəlib, 743 kuba görə mənə 92 manat borc yazılıb. Bir vacib faktı da deyim: dekabrın 18-də sayğac dəyişəndə mən 2200 kubluq güzəşt limitini keçməmişdim və sayğacdakı 200 kubun 100 kubu da güzəşt limitinə aid idi. Yəni real olaraq sayğacda 150 kub qalırdı və həcmlə mən ili başa vuraraq yenidən 10 qəpiklik güzəştli istehlaka qayıdacaqdım.
Qəbzdən görünən odur ki, 92 manatın 44.1 manatı yanvara ayına düşür və 10 qəpiklə tariflə yazır. Əcəba, necə olur ki, mən yanvar ayı ərzində cəmi 440 kub işlədirəm, amma dekabrın son 12 günündə 48 manatlıq. Bəs sayğacda olan 200 kub hara getdi? “Azəriqaz”ın qaynar xətti deyir hələ onu nəzərə ala bilməmişik, əziyyətə qatlaşın gedin Asan Kommunala orda aydınlaşdırın.
Bu baş verənləri vətəndaşa qarşı böyük fırıldağın tərkib hissəsi sayıram.
Bir örnək deyim: “Barmek” 2002-də gələndə mənzillər sayğaclaşmadığından otağın ölçüsünə görə özlərinin havadab götürdükləri normativ əsasında pul yazırdı o zamankı dövlət şirkəti. “Barmek” sayğaclaşdırma aparadı və mənə məktub göndərdi ki, sayğac istifadəyə başlayanadək filan qədər borcunuz qalıb, 1 il ərizndə hissə-hissə ödəmək üçün sizə imkan tanıyırıq.
2-3 ay keçmişdi, artıq sayğac real olaraq nə qədər istehlak etdiyimizi təyin edirdi.
Bu dəfə “Barmek”dən bir məktub da gəldi: monitorinq aparılıb, sayğac göstəriciləri nümayiş etdirir ki, sizə real istehlakınızdan artıq normativ təyin edilib və izafi borc yazılıb. Ona görə də əvvəlki dövr üzrə borclarınız silinir.
Təsəvvür edirsiniz, elektron və rəqəmsal imkanların indikilə müqayisədə az qala yox səviyyədə olduğu bir vaxtda faktiki sayğac istehlakını əvvəlki dövrün havadan götürülüb yazılan istehlakı ilə müqayisə edəsən, vətəndaşa haqsız yazılmış borcu siləsən…
O şirkəti burdan fırıldaqçı kimi qovdular. Amma indi kartla yüklədiyimiz halal pulumuzu it-bata salıb özümüzü qapılara salırlar, min cür fırıldaqdan çıxırlar.
Tarix: 31-01-2021, 22:56